EN

“Cırtdan” ölkənin özündən böyük iddiaları

Fransanın təsiri altında olan Lüksemburq Azərbaycanın daxili işlərinə qarışa bilməz

Azərbaycanda COP29-un keçirilməsi fonunda müəyyən xarici dairələr ölkəmizə qarşı qərəzli kampaniyaları gücləndirməyə çalışırlar. Erməni diasporunun və lobbisinin təsirində olan həmin dairələr BMT-nin ən mötəbər tədbiri olan COP29-un ölkəmizdə keçirilməsini həzm edə bilmir. Digər tərəfdən,  COP29 ərəfəsində və onun keçirildiyi günlərdə beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycandadır. Bu səbəbdən uğurlarımızdan məyus olan xarici qüvvələr dünyada Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərirlər.

Məlum şəbəkənin bir qolu - Lüksemburq parlamenti

Həmin şəbəkənin bir qolu da Lüksemburq parlamentidir. Belə ki, Lüksemburq Deputatlar Palatası noyabrın 20-də Azərbaycanla bağlı qərəzli  qətnamə qəbul edib. Həmin “sənəddə” Lüksemburqun deputatları guya ölkəmizdə siyasi məhbusların olduğunu, vətəndaş cəmiyyətinə təzyiqlər göstərildiyini iddia edir. “Cırtdan” ölkənin deputatları hətta xalqımıza qarşı hərbi cinayətlər törətmiş erməni separatçılarının da azad olunmasını “tələb edib”.

Xatırladaq ki,  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu ilin yanvar ayında Azərbaycan nümayəndə heyəti haqqında qəbul etdiyi qanunsuz qərara Lüksemburqu qurumda təmsil edən deputatlar da səs verib. Dövlətimiz həmin qərara səs verən AŞPA-nın 76 deputatını, o cümlədən lüksemburqlu deputatlar Oktavi Moder və İv Kruxteni “persona non-qrata” elan edib. Lüksemburq parlamentinin qəbul etdiyi qətnamədə bu deputatlar haqqında qərarın ləğv edilməsinə “çağırış” olunur. “Sənəd”də, həmçinin Azərbaycanda keçirilən seçkilər haqqında da əsassız fikirlər yer alıb.

“Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarına istinad olunan “sənəd”

Maraqlıdır, cəmi 2 min kv.km ərazisi olan bu kiçik ölkəni başqa bir dövlət haqqında belə bir qətnamə qəbul etməyə sövq edən nədir? Niyə Lüksemburq kimi “cırtdan” ölkə özündən böyük iddialarla çıxış edərək belə qətnamə qəbul edir? Xatırladaq ki, 44 günlük Vətən müharibəsinin gedişi zamanı da bu ölkə ermənipərəst mövqe nümayiş etdirmişdi. Budəfəki qətnamədə isə Avropa Parlamentinin “sənədlərinə”, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Azərbaycanla bağlı “hesabat”larına istinad olunması özlüyündə bu qərəzin haradan qaynaqlandığını ifadə edir. Ən əsası isə odur ki, Lüksemburqa Fransanın təsiri kifayət qədər böyükdür. Fransız dili də bu ölkənin rəsmi dillərindən biridir. Ermənidən çox ermənilik edən Fransanın təsirində olan Lüksemburqdan bundan artıq heç nə gözləmək mümkün deyil.

Milli Məclis: Lüksemburq Deputatlar Palatası nəyi tələb edib?

Yeri gəlmişkən, Azərbaycan Milli Məclisi Lüksemburq Deputatlar Palatasının qəbul etdiyi qətnaməni qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirib, ölkəmizi hədəf alan əsassız iddia və ittihamları rədd edib. Milli Məclis hesab edir ki, Lüksemburq parlamentinin bu siyasi aksiyası həmin ölkənin parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir. Bildirilib ki, Azərbaycanın suverenliyinə aşkar hörmətsizliyin, onun milli təhlükəsizliyinin, ictimai sabitliyinin və ərazi bütövlüyünün qorunması üçün görülən tədbirlərə etinasızlığın nümayiş etdirildiyi qətnamədə ölkəmizdə cərəyan edən proseslər ilə bağlı qaldırılan məsələlər daxili işlərə kobud müdaxilədən başqa bir şey deyil.

Qeyd olunub ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri barəsində irəli sürülən iddialar tamamilə əsassızdır. Seçki praktikasının təkmilləşdirilməsi sahəsində Azərbaycanın əldə etdiyi irəliləyiş beynəlxalq miqyasda təsdiqlənib. Seçkilər milli qanunlara və beynəlxalq öhdəliklərə tam uyğun keçirilib. “Özbaşına həbslər, fikir və toplaşma azadlığının məhdudlaşdırılması barədə qətnamədə ifadə edilən fikirlər kobud təhriflər üzərində qurulub. Müxtəlif hesabatlarda adları hallandırılan şəxslərin həbsləri milli qanunların pozulduğunu göstərən tutarlı sübutlar əsasında həyata keçirilib və bu zaman lazımi hüquqi prosedurlara əməl edilib. Qətnamədə siyasi məhbuslar ilə bağlı irəli sürülən iddialar əsassızdır və Azərbaycanın gözdən salınmasına yönələn kampaniyanın tərkib hissəsini təşkil edir. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, demokratik proseslərin möhkəmləndirilməsi üçün göstərilən səylərin üzərinə kölgə salmaq cəhdi təəssüf doğurur”-deyə, Milli Məclis bəyan edib.

Eyni zamanda, diqqətə çatdırılıb ki, Avropa Şurası Parlament Assambleyasının 76 deputatının, o cümlədən Lüksemburq Deputatlar Palatası üzvlərinin “persona non qrata” elan olunması məhz Azərbaycanın sülh və sabitlik yaradılması səylərinə zidd hərəkətlərin fəal surətdə dəstəklənməsi, dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə aşkar hörmətsizliyin nümayiş etdirilməsi ilə bağlı olub. Həmin tədbirlərin ləğvinə çağırış bu cür dəstəyin ikitərəfli və çoxtərəfli münasibətlər üçün doğurduğu ağır nəticələrin dərk edilmədiyini göstərir.

Milli Məclis bəyan edib ki, Azərbaycan Lüksemburq da daxil olmaqla, bütün beynəlxalq tərəfdaşlar ilə konstruktiv dialoqa sadiqdir, lakin bu cür dialoq qarşılıqlı hörmətə və beynəlxalq hüquqa riayət edilməsinə əsaslanmalıdır. Bununla əlaqədar Azərbaycan parlamenti Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı, eləcə də parlament dialoqu və diplomatiyası prinsiplərinə zidd olan, etimadı və əməkdaşlıq yaradılması səylərini sarsıdan qətnamələr qəbul edilməsi praktikasından əl çəkməyi tələb edib.

Nardar BAYRAMLI

1Sources