Koreyalı əsgərlər Ukraynaya hücuma hazırlaşır
Rusiya tərəfindən Ukraynaya qarşı döyüşən Şimali Koreya hərbçiləri artıq işğal edilmiş Mariupolda və rusların ələ keçirdiyi Xarkov vilayətinin ərazilərindədir.
Reyting.az xəbər verir ki, bu barədə CNN kanalı Ukrayna Hərbi Kəşfiyyatındakı mənbələrinə istinadla bildirib.
Məlumata görə, “texniki məsləhətçilər” Mariupola gəliblər, lakin onların səfərinin məqsədi bəlli deyil. Bildirilir ki, koreyalılar rus hərbi forması geyinsələr də, qarşılıqlı əlaqədə olduqları rus bölmələrindən ayrı qalırlar.
“Rusiya sıralarında olan digər əcnəbi döyüşçülər bölmələrə qarışsa da, Şimali Koreyalılar ayrı saxlanılır. Onların öz mənzilləri, yeməkləri, musiqiləri və filmləri var”, - deyə mənbə əlavə edib.
Şimali Koreya əsgərləri Xarkov vilayətində də görünüb. Xarkovdakı hərbi hissələr assosiasiyasının nümayəndəsi Yevgeni Romanovun sözlərinə görə, radio dinləmələri koreyalıların mövcudluğundan xəbər verir: “Görürəm ki, onlar bölmələrə bölünür, döyüş hissələrini gücləndirir, ön xəttə az sayda toplayırlar”.
Mənbə həmçinin bildirib ki, Ukraynanın Rusiya ərazisinə son raket hücumları Şimali Koreyanın yüksək rütbəli generalını hədəf alıb, lakin onun ölüb-ölmədiyi hələ də bəlli deyil.
E. KAMAL