Sanksiyalar “Qazprombank”ı çökdürə bilər
Rusiyaya məxsus nəhəng "Qazprom" şirkətinin nəzdində fəaliyyət göstərən və ölkənin ən böyük banklarından biri olan “Qazprombank” xarici ölkələrdə "UnionPay" kartları ilə bağlı problemlərinin artması barədə xəbərdarlıq edib.
Reyting.az xəbər verir ki, “Qazprombank” noyabrın 22-də bununla bağlı bəyanat yayıb.
“Qazprombank” müştərilərini məyusedici xəbəri ilə təlaşa salıb. Amerika Birləşmiş Ştatlarının Rusiyanın bu şirkətinə tətbiq etdiyi sanksiyalara görə, xarici ölkələrdə beynəlxalq keçərliliyə malik "UnionPay" ödəniş sistemi kartlarının fəaliyyətində problemlər yarana bilər.
Bank bəyan edir ki, noyabrın 21-dən etibarən bir çox xarici ölkələrdə "UnionPay" ödəniş sistemi kartı müştərilərə çətinliklər yarada bilər. “Əgər xaricdəsinizsə, sizə mütləq nağd puldan istifadəni tövsiyə edirik", - bankın bəyanatında qeyd olunur.
Qeyd edək ki, noyabrın 21-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiyanın “Qazprombank”ına, həmçinin bu ölkədəki 50-yə yaxın banka qarşı sərt sanksiyalar tətbiq edib.
"UnionPay" adlanan məşhur beynəlxalq ödəniş sistemi Ukrayna ilə müharibənin başladığı 2022-ci ildən bəri Rusiyadakı fəaliyyətini davam etdirən yeganə beynəlxalq ödəniş sistemidir.
Oqtay QORÇU