Cəlilabad rayonunda payızlıq kartofun yığımına start verilib. Ayrı-ayrı kəndlərdə bu il 900 hektar sahədə kartof əkilib. Bu rəqəm ötən il 260 hektar olub. Bəs görəsən, payızlıq kartofun yığımının başlaması bazarda kartofu bir az da olsa ucuzlaşdıra bilərmi?
Qiymətlər ildən asılı olaraq dəyişir
İqtisadçı Rauf Qarayevin sözlərinə görə, son illər ölkədə kartof istehsalında vəziyyət sabit deyil: “Kartof yığımının ötənilki statistikasına baxanda öndə gedən rayon Qazaxdır. Ən çox kartof əkilən iqtisadi rayon Qazax-Tovuzdur. 2023-cü ilin statistik məhsul yığımını müqayisə etsək Ağstafada 299,5, Gədəbəydə 129, Qazaxda 350, Şəmkirdə 286,2, Tovuzda 303,6 sentner kartof yığılıb. Cəlilabad rayonunda 311,8 sentner kartof yığılıb. İstehsala gəldikdə, 2023-cü ildəki kartof istehsalının statistik rəqəmləri göstərir ki, ölkə 2020-ci ilin vəziyyətinə qayıdıb. Həmin il bir milyon 37 min 636,8 ton kartof yığılmışdırsa, 2023-cü ildə bir milyon 10 min 517,4 ton kartof yığılıb. 2021-ci ildə 1 milyon 61 min 957,7 ton, 2022-ci ildə 1 milyon 74 min 261,3 ton kartof istehsal olunub. Şəmkirdə ilbəil kartof yığımı artıb, nəticədə 188 min 615,7 tona yaxın kartof yığımı olub. Cəlilabad rayonunda 2022-ci ildə 190 min 400 ton kartof istehsalı olmuşdusa, 2023-cü ildə bu rəqəm 186 min 60 tona enib. Göründüyü kimi, istehsal və kartof yığımının statistikası stabil deyil. Ona görə də, qiymətlər ildən asılı olaraq dəyişə bilər”.
Həm də ixrac edirik
R.Qarayevin fikrincə, qiymətlər maksimum 10 qəpik azala bilər: “2024-cü il hələ başa çatmayıb. Amma bazarda qiymətlərə nəzər yetirsək, rayonlarda bir kiloqram iri və yuyulmuş kartofun qiyməti 80 qəpik idi. Bolluq olsa, bu qiymət maksimum 10-15 qəpik enə bilər. Məsələnin digər tərəfi xaricdən gələn kartofun daha ucuz olmasıdır. Bu, yerli bazarda olan kartofları sıxışdıra bilər. Nəzərə almaq lazımdır ki, yerli kartof həm də xarici bazarlara çıxarılır. 2024-cü ilin yanvar-iyul ayında Azərbaycandan 20 milyon 471 min dollar dəyərində 48 min 234 ton kartof ixrac olunub. Ötən dövrlərlə hazırki dövrü müqayisə etdikdə görə bilərik ki, qiymətlərdə cüzi də olsa, enmələr mövcuddur. Amma bazarda olan qiymətlərlə müqayisə etdikdə elə də böyük fərq yoxdur. Ötən ilin oktyabr ayı ərzində kartofun qiyməti 70 qəpiklə bir manat arasında dəyişirdisə, hazırda da eyni qiymətdir. Amma rayonlarda təklif edilən qiymətlərdə çox cüzi enmələr var. Bu, qısamüddətli də ola bilər”.
Ucuzlaşmanın qarşısını alan amillər