EN

"Milan" - "Yuventus": Favorit kimdir? - PROQNOZ

Bu həftəsonu daha bir maraqlı futbol matçı keçiriləcək. 

Bu dəfə isə İtaliya A seriyasında böyük derbi matçı oynanılacaq. "Milan" və "Yuventus" qarşı-qarşıya gələcək. Səbirsizliklə gözlənilən matç saat 21:00-da başlayacaq. Oyundan öncə "Yuventus" 24 xalla 6-cı, "Milan" isə 18 xalla 7-cidir. 

Bəs oyundan gözləntilər nələrdir? 

Futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında bildirib ki, derbi oyunlarının hesabını təxmin etmək hər zaman çətin olur:

"Çünki komandaların hal-hazırkı formasından asılı olmayaraq derbi oyunları həmişə gərgin keçir. Bu matçda da bir-birinə çox yaxın iki komanda qarşılaşacaq. Sadəcə olaraq "Milan" Çempionlar Liqasında "Real Madrid"i 3-1 hesabı ilə məğlub etdiyi üçün bu matça da bir qədər ruh yüksəkliyi ilə çıxa bilər. 

Üstəlik, "Milan" hücum xəttində Leao və Morata kimi yüksək səviyyəli futbolçulara sahibdir. Bütün bunlarla yanaşı, həm də ev sahibi olduğu üçün "Milan"ı cüzi də olsa qələbəyə daha yaxın görürəm".

362983

Ekspert "Yuventus" barədə isə bunları deyib:

"Nəzərə almaq lazımdır ki, "Yuventus" bu mövsüm İtaliya Liqasında məğlub olmayıb və uğurlu seriyanı davam etdirmək istəyir. Bu isə o deməkdir ki, sözügedən matçda çox qol olmayacaq. Onsuz da İtaliya komandaları bir-birləri ilə oyunlarda hər zaman müdafiəyə üstünlük verirlər. 

Ümumiyyətlə, İtaliya millisi və klubları hər zaman müdafiəsi ilə seçilir. Ona görə də bol qollu oyun olacağını düşünmürəm".

Aslan Kərimovun matç barədə proqnozu isə belə olub:

"Hesab edirəm ki, "Milan"ın qələbə qazanma şansı 53, "Yuventus"un isə 47 faizdir. Lakin hər iki komanda da açıq-aşkar hücum oyunu oynamayacaq. Komandaların hər ikisi ehtiyatlı oynamağa çalışacaq. Bu isə oyunu heç-heçəyə doğru da apara bilər". 

Pərviz

Chosen
3
40
hit.az

10Sources