EN

Su çatışmazlığını aradan qaldıra bilərik  - AÇIQLAMA

Üç əsas təbii resursdan istifadəyə diqqət yetirilməlidir

İbtidai suvarma üsulundan imtina edib, müasir suvarma sistemləri quraşdırılmalıdır


  COP29 çərçivəsində iqlim dəyişkənliyinin su idarəçiliyinə strateji təsirləri  müzakirə edilib. Bildirilib ki, qlobal temperaturun artması, yağıntı rejimlərinin dəyişməsi və ekstremal hava hadisələri şirin suyun əlçatanlığını sarsıdır, insan və təbii sistemlərə təhlükələr yaradır. Həmçinin Azərbaycanda artan iqlim problemləri fonunda su resurslarını qorumaq üçün innovativ və qabaqcıl su idarəetmə texnologiyalarının tətbiqindən danışılıb.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Su və Davamlı İnkişaf: İqlim çağırışlarına” mövzusunda keçirilən panel sessiyasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov deyib ki, transsərhəd su resurslarının idarəçiliyi əməkdaşlığın faydalarını nümayiş etdirən güclü bir nümunədir. Bununla belə, ADSEA sədri hesab edir ki,  Cənubi Qafqaz kimi bölgələr birgə idarəetmə ilə bağlı hidro-təhlükəsizlik boşluqları ilə üzləşir: “Biz bütün regional dövlətləri transsərhəd su resurslarının birgə idarə edilməsinə və Cənubi Qafqaz su təhlükəsizliyini gücləndirəcək konkret addımlar atmağa çağırırıq. Azərbaycanın ilk dövlət-özəl tərəfdaşlıq layihəsi olan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması təşəbbüsü bu səylərin bariz nümunəsidir. Bugünkü tədbirlərimiz gələcək nəsillər üçün su resurslarının vəziyyətini müəyyən edəcək. Biz hər kəsi bu həyati resursu qorumaq üçün səylərimizi birləşdirməyə dəvət edirik. COP29 çərçivəsində gördüyümüz işlər gələcəkdə su təhlükəsizliyi üçün önəmli bir irs yaradacaq”.
  Biz mövcud su resurslarımızdan nə dərəcədə rasional istifadə edirik? 
COP29 iqlim konfransının iştirakçısı, hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, hazırda su çatışmazlığını aradan qaldırmaq üçün üç əsas təbii resursdan istifadəyə diqqət yetirilməlidir. Yaxın illərə qədər ibtidai suvarma sistemlərindən  istifadə edildiyini xatırladan S.Məmmədov hesab edir ki, kanallar vasitəsilə həyata keçirilən suvarma metodları su itkisinə səbəb olur: 

“Müasir dünya bu üsuldan imtina edib, müasir suvarma sistemləri quraşdırılır. Artıq biz su çatışmazlığı ilə qarşılaşırıq. Bəzi regionlarda bu problem özünü büruzə verir. Lakin biz tamamilə sudan məhrum olan ölkə sırasında da deyilik. Böyük və Kiçik Qafqazın zəngin su ehtiyatları var. Qalır onlardan rasional istifadə etmək. Eyni zamanda əhaliyə suyun keyfiyyətli və ucuz təqdim edilməsi prioritet olmalıdır. Misal üçün, Oğuzdan su çəkib onu ağac sulamaq üçün istifadə etməməliyik. Sənaye və suvarma üçün başqa mənbələr tapılmalıdır. Bu isə yeraltı su mənbələri ola bilər".
  Ölkəmizdə keçirilən COP29 konfransının məqsədinin bütün dünyanın diqqətini bəşəriyyətimizə qarşı yönələn təhlükəni diqqətə çatdırmaq və bunun qarşısını almaq olduğunu xatırladan hüquq müdafiəçisi bildirib ki, maliyyə məsələlərinin  həlli əsas müzakirələrdən biridir. 
Onun sözlərinə görə,  atmosferi, ətraf mühiti daha çox çirkləndirən dövlətlər, bərpa prosesinə daha çox vəsait ayırmalıdır. Ondan zərər çəkən dövlətlər isə bundan fayda götürməlidirlər.

Chosen
28
sherg.az

1Sources