EN

Ermənistan Hindistandan təhlükəli ATAGS sistemi alır - Bakıdan reaksiya

Polkovnik: “Azərbaycanın müdafiə sistemləri daha da gücləndirilməlidir ki, Ermənistan o cür qurğulardan bizə qarşı istifadə edərsə, anında məhv olunsun”

Konstitusiyasında (preambular hissəsi) Azərbaycana qarşı hələ də ərazi iddiası olan Ermənistan sürətlə silahlanmağa davam edir. Bunu ölkənin gələn il üçün rekord həddə hərbi büdcəsi də (1.7 milyard ABŞ dolları) təsdiqləyir.

Son məlumata görə, Ermənistan Hindistandan daha 78 ədəd ATAGS yedəkli artilleriya sisteminin alınması ilə bağlı danışıqlar aparır. Bu barədə “İndian Defense Research Wing” (IDRW) bildirib.

“Bu, əvvəllər Ermənistana təhvil verilmiş, ölkənin müxtəlif landşaftlarında müstəsna imkanlar nümayiş etdirən ATAGS-in uğurlu fəaliyyətinin nəticəsidir. Altı haubitsadan ibarət ilk partiya Ermənistanda həm yüksək dağlıq ərazilərdə, həm də düzənliklərdə geniş sınaqdan keçirilib. Sınaqlar uzun məsafələrdə dəqiqliyi və yüksək etibarlılığı təsdiqləyib, bu da Ermənistan hakimiyyətini daha geniş miqyasda satın almağı düşünməyə vadar edib.

Ermənistan Müdafiə Nazirliyi ATAGS-ın yeni partiyasını təkmilləşdirmək üçün hərbçilərin istəklərini ifadə edib. Artıq silahın işini asanlaşdıran erməni dilində interfeys də var. Ermənistanın artilleriya sistemini ordusunun xüsusi tələblərinə uyğunlaşdırmaq üçün kiçik təkmilləşdirmələr təklif edəcəyi gözlənilir. Əlavə 78 ədəd ATAGS qurğusu üçün perspektiv saziş Ermənistan və Hindistan arasında artan müdafiə əməkdaşlığında növbəti mərhələdir", - məlumatda qeyd edilib.

Xatırladaq ki, son illər Ermənistan Hindistanın silahlarının əsas alıcısına çevrilib. Azərbaycan tərəfi isə kapitulyant ölkənin silahlanması barədə İrəvana ən yüksək səviyyədə bir neçə dəfə xəbərdarlıq edib.

Konkret olaraq, ATAGS-lar Azərbaycana nə dərəcədə təhlükə yaradır?

Polkovnik

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, son zamanlar Hindistan Ermənistanı hücum silahları ilə daha intensiv təmin etməkdədir. Bu istiqamətdə iki ölkə arasında müəyyən müqavilələr imzalanır. 78 ədəd ATAGS yedəkli artilleriya sisteminin alınması ilə bağlı danışıqlar aparılması da bu prosesin bir detalıdır: “Ümumiyyətlə ATAGS yedəkli artilleriya sistemində 155 millimetrlik mərmilər istifadə olunur. Artilleriya qurğusu 40 kilometrə qədər hədəfi dəqiq vura bilir. Amma bildiyimiz kimi, mərminin rekord uçuş məsafəsi 47,2 km. təşkil edir. 15 saniyə ərzində 3 ədə mərmi istifadə oluna bilər. Ümumiyyətlə, belə baxsaq, bir dəfəyə-yəni 60 dəqiqəyə 30 mərminin atışı həyata keçirilə bilər. Bu silahın çəkisi də ağırdır. 12 tona qədər çəkiyə malikdir. Hindistanın özünün istehsal etdiyi bu artilleriya qurğusu bütün sınaqlardan keçirilib.  ATAGS yedəkli artilleriya sistemini Hindistan özü istehsal etdiyi üçün heç bir dövlətdən lisenziya almayıb. ATAGS yedəkli artilleriya sistemi təhlükəli hücum silahıdır. Ermənistan çalışır ki, silah arsenalına bu silahı da daxil etsin. Yayılan məlum xəbər bir daha onu təsdiq edir ki, qonşu dövlətlərə ərazi iddiası olan Ermənistan silahlanmada davam eləyir. Bununla da bölgədə sülhə, sabitliyə böyük təhdid yaradır. ATAGS yedəkli artilleriya sistemi münaqişəli dövlətlər arasında yaranacaq hər hansı bir eskalasiya zamanı təhlükəkli silahlardan sayılır. Belə bir silah Ermənistan kimi dövlətin əlində olmamalıdır”.

Ekspert qeyd etdi ki,  ATAGS yedəkli artilleriya sistemini Hindistan ilk dəfə 2010-cu ildə sınaqdan keçirib. Silah sınaqdan çox uğurla keçmişdi: “Görünən budur ki, belə bir sınağı Ermənistan tərəfi də həyata keçirib və yaxşı nəticəni gördükləri üçün müqavilə bağlamaq istiqamətində iş aparırlar. Ermənistanın bu sistemi almaq istəməsi faktı da onun müharibəyə hazırlaşdığını təsdiqləyir. Çünki ATAGS yedəkli artilleriya qurğusu müdafi silahı deyil, hücum silahıdır”.

R.Məhərrəmov onu da dedi ki, Azərbaycanda yedəkli artilleriya qurğuları Ermənistandakından qat-qat çoxdur: “Hazırda Ermənistan ordusunun arsenalında 210 ədəd yedıkli artlleriya qurğuları mövcuddur. Azərbaycanda isə bu rəqəm iki dəfəyə yaxın yuxarıdır. Ermənistan həm də balans yaratmaq üçün Hindistandan haqqında söhbət etdiyimiz artilleriya sistemlərini almaq istəyir. Ermənistan kimi heç bir beynəlxalq qanunu, müharibə qanunlarını saymayan bir ölkənin ATAGS yedəkli artilleriya sistemini alması təbii ki, təhlükə yaradır. Azərbaycanın müdafiə sistemləri daha da gücləndirilməlidir ki, gələcəkdə Ermənistan o cür qurğulardan Azərbaycana qarşı istifadə edəcəyi halda qarşısı alınsın və həmin qurğular yerindəcə məhv edilsin. Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi bu məsələləri güman edirəm ki, diqqətlə izləyir və alternativ tədbirlər həyata keçiriləcək”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Chosen
7
musavat.com

1Sources