İkinci dünya müharibəsi başa çatandan sonra sovet ordusu Koreya yarımadasındakı münaqişənin iştirakçılarından biri idi. SSRİ-nin birbaşa dəstəklədiyi Şimali Koreya kapitalist düşərgəsinə əməlli başlı meydan oxumağa başlayanda Çin Xalq Respublikası da onların yanındaydı. Amma Koreya yarımadasında münaqişə bitəndən sonra SSRİ və Çin arasında münasibətlər kəskinləşdi. Siyasi qarşıdurma Stalinin ölümündən sonra daha da kəskin xarakter almağa başladı.
Nəhayət 1969-cu ildə Çin və SSRİ arasında silahlı qarşıdurma başladı. 1969-cu il martın 2-də Çin hərbçiləri gizli şəkildə Sovet İttifaqına aid olan Damanski adasına daxil oldular və qarşılarına çıxan hər kəsi qətlə yetirdilər. Artıq SSRİ rəhbərliyi ordunu müharibə vəziyyətinə gətirdi.
Çin və SSRİ orduları arasında toqquşma kiçik Damanski adasında baş verdi. Ümumiyyətlə, bu yer nə strateji, nə də iqtisadi cəhətdən heç bir əhəməyyət daşımırdı. Bu əraziyə nəzarət uğrunda mübarizə daha çox prinsipial əhəmiyyət kəsb edirdi. Ölkələr arasında sərhəd Rusiya tərəfi üçün son dərəcə faydalı olan 1860-cı il Pekin müqaviləsi ilə müəyyən edilmişdi. Müqaviləyə əsasən, ruslara çayda və adada təsərrüfat fəaliyyətinə icazə verilirdi.
Lakin ÇXR-in bəzi nümayəndələri bu sənədi qəbul etmir, onun dəyişdirilməsini tələb edirdilər. 1919-cu il Paris Konfransı çayı dövlət sərhədlərinin əsas yolların ortasından keçməsini nəzərdə tutan yeni bir müddəa təqdim etdi. Lakin 20-ci əsrin birinci yarısında həm Sovet İttifaqı, həm də Çin sərhəd məsələsini açıq qoyaraq daha vacib işlərlə məşğul idi. Sərhəd bölgələrində münasibətlər mehriban qonşuluq səviyyəsində qaldı.
Ölkələr arasında fikir ayrılığı
Stalinin ölümündən dərhal sonra vəziyyət kəskin dəyişdi. Bütün dövrlərdə Stalinə hörmətlə yanaşan Çin lideri Mao Xruşşovu qəbul etmək istəmirdi. Xruşşovun islahatlarını kəskin tənqid edən Mao Stalindən qalma “şəxsiyyətə pərəstişin ləğv edilməsini” də bəyənmədi. Və sonra sərhəd məsələsinin kəskinləşməsinin növbəsi gəldi və ikitərəfli danışıqlarda heç bir qarşılıqlı güzəşt olmadı.
1960-cı illərdə Sovet-Çin sərhədi bir çox insidentlərə səhnə oldu və Çin mübahisəli hesab etdiyi ərazilərə hücumlar təşkil etdi. Üstəlik, çinlilərin hərəkətləri getdikcə daha aqressivləşdi. 1969-cu ilin əvvəlində Çinin sərhədlərdə böyük əməliyyata hazırlığı barədə Kremlə məlumat daxil oldu. Potensial təhlükəli ərazilər arasında Damanski də var idi. Amma buna baxmayaraq sovet komandanlığı atəş açmamaq və təxribatlara uymamaq əmrini verdi.
Əməliyyat 1969-cu il martın 2-nə keçən gecə başladı. bir neçə yüz yaxşı silahlanmış Çin əsgərindən ibarət maskalanmış qrup gizlicə adaya daxil oldu. Qruplardan biri sovet sərhədçiləri tərəfindən nəzarətə götürüldü. Zastava rəisi İvan Strelnikov çinlilərdən SSRİ ərazisinə daxil olduqları barədə xəbərdarlıq etdi və ərazini tərk etmək tələb olundu. Çinlilər sərhədçilərə pulemyot atəşiylə cavab verdilər. Beləliklə döyüş başladı və ilk 15 dəqiqədə 18 Sovet əsgəri həlak oldu. Məlum oldu ki, Pekin əməliyyata ciddi hazırlaşıb.
Həmin gün təsadüfən hərbi müxbir Petrov zastavaya komsomol biletləri üçün şəkil çəkməyə gəlibmiş. Fotoqrafın son fotosunda çinli komandir atəş açmaq üçün əsgərlərinə işarə verir.
Strelnikovun dəstəsidə sağ qalan olmur. Çinlilər növbəti sərhəd qrupunu da sıradan çıxarırlar. Kəmiyyət üstünlüyü tamamilə çinlilərin tərəfində olsa da 20 dəqiqəlik toqquşmadan sonra sağ qalan 35 nəfər Sovet əsgəri qeyri-bərabər döyüşdə düşmənə müqavimət göstərə bilir. Az sonra onların köməyinə daha 23 sərhədçi gəlir. Baş leytenant Buben zirehli transportyorla Çin hərbçilərinin arxasına keçərək düşmənə ağır zərbə vurur. Bubeninin idarə etdiyi transpartyor sıradan çıxarılsa da, o, mərhum Strelnikovun zirehli maşınına minərək ikinci hücumu həyata keçirir.
Sərhəd pozucuları məhv edildikdən sonra komandir yaralıları təxliyə etdi. Lakin az sonra yenidən döyüş başladı. Sovet sərhədçiləri vaxt udmağı bacardılar və onlara böyük qüvvə ilə kömək gəldi. Çinlilər Sovet əsgərlərinə müqavimət göstərə bilməyərək günortadan sonra adanı tərk etdilər. Həmin gün 30-dan çox sovet əsgəri həlak oldu.
Sonrakı qarşıdurmalar və SSRİ-nin müharibədən yayınması
Bu toqquşmadan sonra Sov.İKP MK-nın göstərişi ilə ordu hissələrinə qarşıdurmalara qarışmamaq əmri verildi. Əmrdə bildirilirdi ki, təxribatları yalnız sərhədçilər dəf edəcəklər. Eyni zamanda, arxada artilleriya və “Qrad” reaktiv yaylım atəşi sistemləri ilə motoatıcı divizya yerləşdirilmişdi. Bu,tezliklə Rusiya-Çin münaqişəsində həlledici rol oynadı.
İstehkamçılar Çinin hücumu zamanı ərazini minaladılar. İki həftə sonra yeni döyüş başladı. Çinlilər minaatan və artilleriyanın dəstəyi ilə Damanskini işğal edə bildilər. Ağır silahları olmayan sərhədçilər geri çəkildilər. Sərhəd qoşunlarının qərargah rəisi Matrosov ilə telefon danışığında Brejnev bildirdi ki, bu, müharibə deyil, sadəcə sərhəd münaqişəsidir. Sərhədçilər isə ümidsiz müqaviməti davam etdirirdilər.
Yalnız axşam saatlarında, bir günlük aramsız döyüşlərdən sonra Moskva Qrad raket qurğularından istifadəyə rəsmi icazə verdi. Zərbələr Çinin istehkamlarını, atəş nöqtələrini və avadanlıqlarını məhv etdi. Ölən çinlilərin sayı yüzlərlə idi. Çinlilər əks-hücumu asanlıqla dəf edərək, bir neçə saat ərzində Damanskini darmadağın etdilər. Sovet bölmələrinə öz mövqelərinə çəkilmək əmri verildi və qan içində olan ada boş qaldı. SSRİ və ÇXR hökumətləri razılaşdılar və artıq 1991-ci ildə Damanski rəsmi olaraq Çinin ərazisi hesab olundu. İndi həmin ada Zhenbao adlanır.
Vəli Həsənov,
KONKRET.az