İraq Prezidenti Əbdüllətif Camal Rəşid Donald Trampın hakimiyyətə qayıdışının qarışıqlıq içində olan dünyaya çoxdan gözlənilən sabitliyi gətirə biləcəyinə əminlik ifadə edib.
“İki sahil” ərəb mediasına istinadla xəbər verir ki, İraqın Ərbil şəhərində keçirilən Yaxın Şərq Sülh və Təhlükəsizlik Forumunda “Əl-Ərəbiyə” telekanalına müsahibə verən İraq Prezidenti deyib: “Hər kəs ABŞ seçkilərini diqqətlə izləyirdi. Ümid edirik ki, ABŞ-ın yeni administrasiyası dünyada sülh və sabitlik yaradacaq”.
Rəşid Tramp administrasiyasını Avropada davam edən müharibədən tutmuş İsrail-Fələstin münaqişəsinə qədər bütün ağır problemləri həll etməyə çağırıb. O deyib: “Düşünürəm ki, bu, bizim əsas məqsədimizdir. Prezident Trampdan gözlədiyimiz onun öz mesajını yerinə yetirməsi və bütün ölkələr arasında sülh və təhlükəsizliyi əməli olaraq həyata keçirməsi, habelə mövcud münaqişələri həll etməsidir”
ABŞ qoşunlarının İraqda olması haqqında sualı cavablandıran Rəşid bu məsələ ilə bağlı konsensusun olmadığını etiraf edib, lakin İraqın son irəliləyişinə işarə edib. O əlavə edib: “Xoşbəxtlikdən, son bir neçə ildir ki, biz İraqda təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşayırıq. Bağdad sülhün bərpasına və möhkəmləndirilməsinə diqqət yetirməyə davam edəcək”.
Rəşid İranın İraqı İsraillə münaqişəyə cəlb edə biləcəyi ilə bağlı son fərziyyələri rədd edib, eyni zamanda 1600 kilometrlik sərhədi paylaşan və bir-birinə qarışmış əhaliyə malik cənub ölkələri arasında əlaqələrin vacibliyini vurğulayıb. O, qarşılıqlı faydanın sübutu kimi müxtəlif sahələrdə əməkdaşlığı, o cümlədən enerji və su ehtiyatlarının bölüşdürülməsini qeyd edib. (AZƏRTAC)