EN

Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirakçısıdır

Rövşən Muradov, Milli Məclisin deputatı

Ölkəmiz Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam şəkildə təmin olunmasından sonra  qarşıda duran məsələlərin və qlobal problemlərin həllinə öz töhfəsini vermək baxımından daha genişmiqyaslı və qlobal xarakterli xarici siyasət həyata keçirir. COP29 da bu tip tədbirlərdən biridir.

Azərbaycan ilk növbədə, inklüziv, ədalətli və tam şəffaf şəkildə nəticəyönümlü danışıqlara və COP-un gündəliyində duran, COP29-un mahiyyətini təşkil edən iqlim maliyyələşməsi ilə əlaqədar mövzulara yaxından töhfə verəcəyini COP-un Sədrliyini üzərinə götürdüyü andan etibarən açıq şəkildə bəyan edib. Prezident İlham Əliyev bu prosesdə Azərbaycanın mövqeyini və bütövlükdə iqlim diplomatiyası ilə əlaqədar ölkəmizin baxışını çıxışında açıq şəkildə ifadə etdi. Dövlətimizin başçısının çıxışı dünya mediası, COP-da iştirak edən çoxsaylı ekspertlər və xarici ölkələrin nümayəndələri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Prezident İlham Əliyevin tezisləri aparılan müzakirələrin ana xəttini müəyyən edən istiqamətlərdən biridir və bu, dünyanın mütləq əksəriyyətinin fikirləri ilə üst-üstə düşməklə yanaşı, xüsusilə inkişaf etməkdə olan ölkələrin baxışlarını da əks etdirir. Nəzərə almaq lazımdır ki, Prezidentin tezisləri Paris razılaşmalarının mahiyyətinə və fəlsəfəsinə tamamilə uyğundur. Bu razılaşmalar əldə edilən zaman ana konsepsiya o idi ki, burada dövlətlərin ümumi, lakin fərqləndirici məsuliyyətləri var. Bu isə o deməkdir ki, sənaye inqilabından başlayaraq, dünyada karbon emissiyalarının artmasında məhz inkişaf etmiş ölkələrin xüsusi məsuliyyəti var. Ona görə də dünyanın bugünkü maliyyə hədəflərinin müəyyən edilməsində və onun müqabilində töhfələrin verilməsində inkişaf etmiş ölkələrdən böyük gözləntilər var.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransları BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində hər il keçirilən konfranslardır. Bu görüşlər iqlim dəyişikliyi ilə mübarizədə əldə edilmiş tərəqqini qiymətləndirmək və 1990-cı illərin ortalarından etibarən inkişaf etmiş ölkələr üçün istixana qazı emissiyalarını azaltmaq üçün hüquqi cəhətdən məcburi öhdəliklər qoyan Kioto Protokolunu müzakirə etmək üçün UNFCCC tərəflərinin-Tərəflər Konfransının (COP) rəsmi görüşü kimi xidmət edir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da (Tərəflər Konfransı) toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində birgə səylər göstərirlər.

Hər il fərqli ölkənin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ilk tədbiri 1995-ci ilin martında Berlində, sonuncusu-28-ci sessiyası (COP28) isə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilibdir. Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 isə bu ilin noyabr ayında Azərbaycanda, Bakı şəhərində keçirilir. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Bu, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır.

2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub. Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb. Bu sənəd 2016–cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında imzalanıb.

COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə elsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olur. Hesab olunur ki, atmosferə atılan karbon qazı emissiyaları qlobal istiləşməyə, iqlim dəyişikliklərinə gətirib çıxarır və buna görə də bunları dayandırmaq üçün beynəlxalq əməkdaşlığa ehtiyac var. Ona görə də dünya ölkələri və maraqlı tərəflər birləşib planetin iqlimini səanye inqilabı olmamışdan əvvəlki dövrdəkinə qaytarmaq üçün birgə işlər görməlidirlər, bu, işlər də COP tədbirlərində müzakirə olunur, razılaşdırılır.

Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar. İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər.

COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.Konfransın ən mühüm müsbət nəticələrindən biri kimi ölkədə turizm xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi göstərilir. Təbii ki, turizm və logistika sahəsində yüzlərlə yeni peşəkar mütəxəssis hazırlanacaq, bir çox problemlərin həlli ilə bağlı turizm və dövlət xidmətlərinin keyfiyyəti dəyişəcək. Regional turizm sahəsində də keyfiyyət dəyişikliyi gözlənilir, yeni marşrutlar və səhər turları təşkil olunur.

COP29-un ölkəmizin paytaxtında keçirilməsi barədə qərar, həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyini ifadə edir. Buna uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni dövrün başlanmasına səbəb olub. Azərbaycanın bərpaolunan enerji potensialı çox yüksəkdir. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji payının Azərbaycanda 30 faizə çatdırılması gözlənilir. Statistik göstəricilərə görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

Bərpaolunan enerji təkcə günəş, külək elektrik stansiyaları ilə məhdudlaşmamalıdır. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı inkişaf etdirmək ölkəmiz üçün prioritet məsələdir.

Beləliklə, Azərbaycanın COP29-a, Braziliyanın COP30-a ev sahibliyi etməsi böyük əhəmiyyət kəsb edir. COP çərçivəsində Azərbaycan, Braziliya və Birləşmiş Ərəb Əmirlikləri qlobal istiləşməni 1.5 selsi dərəcədə saxlamaq üçün birgə fəaliyyət göstərəcəklər.

Bakı şəhəri artıq iki həftdir ki, dünyanın diqqət mərkəzindədir və şəhərdə təqribən 80 min xarici qonaq var.

COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafıdır. Bundan əlavə, COP29-un Azərbaycanda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir.

Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edib və etməkdədir. Məsələn, ölkəmiz artıq ardıcıl dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata – Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycan Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Bu, dünya siyasətində unikal nümunədir, çünki çox az ölkə eyni vaxtda İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasının üzvüdür.



Chosen
11
2
azia.az

3Sources