EN

Əli Əsədov qərar imzaladı

Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanması Qaydası təsdiqlənib.

Milli.Az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Maliyyə Nazirliyi bu qərarın tətbiqi ilə bağlı müvafiq sektorlar üzrə aparıcı qurumların sektorlar üzrə strateji planlarının, habelə həmin sektorlarda fəaliyyəti olan təşkilatların sektorlar üzrə büdcə planlarının tərtibi, icrasına dair hesabatlılığı və monitorinqi sahəsində təlimatlandırma və koordinasiyalı işin təşkilinin təmin edilməsi məqsədilə "Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat"ı Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanması qaydası

Bu qayda Azərbaycan Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası"nın 5.7-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında sektorlar üzrə strateji planların hazırlanmasının ümumi normalarını müəyyən edir.

Bu Qaydanın məqsədi sektorlar üzrə strateji planların hazırlanması prosesinin əsas mərhələlərini, həmin planların strukturunu, onların icrası üzrə hesabatlılığı və monitorinqi müəyyən etməkdir.

Sektor üzrə strateji planın strukturu

Sektor üzrə strateji plan strateji və risk təhlillərinin nəticələri əsasında hazırlanan sektor üzrə ortamüddətli strateji siyasətdən və sektor üzrə icmallaşdırılmış büdcə planından ibarətdir.

Strateji təhlildə ortamüddətli dövrdə sektorun mövcud inkişaf səviyyəsi və bu sektorun fəaliyyətinə təsir edən daxili və xarici amillər nəzərə alınır. Daxili amillərə idarəetmənin vəziyyəti, resurs mövcudluğu (çatışmazlıqları), təşkilati struktur, texniki və məlumat sistemləri (bazaları), əməkdaşların potensialı və digər amillər, xarici amillərə isə iqtisadi şərait, qlobal rəqabət, demoqrafik və texnoloji trendlərə əsaslanan coğrafi şərait və qanunvericilik üzrə dəyişikliklər aid edilir.

Risk təhlilində sektor üzrə aparıcı qurum tərəfindən sektor qarşısında ortamüddətli dövrdə yarana biləcək, habelə sektor üzrə ortamüddətli hədəflərə nail olunmasına və maliyyə göstəricilərinə təsir edə biləcək risklər müəyyən edilir və onların qarşısının alınması (mitiqasiyası) və ya həmin təsirlərə uyğunlaşmanın (adaptasiyanın) təmin edilməsi üçün zəruri olan tədbirlər əks olunur.

Sektor üzrə strateji planın hazırlanması

Sektor üzrə aparıcı qurum strateji və risk təhlilləri əsasında sektor üzrə ortamüddətli strateji siyasətini, o cümlədən investisiyayönümlü layihələrə dair təkliflərini hazırlayır və Azərbaycanın İqtisadiyyat Nazirliyi (bundan sonra - İqtisadiyyat Nazirliyi) ilə razılaşdırmaqla cari il mayın 1-dək həmin sektorda fəaliyyəti olan təşkilatları məlumatlandırır, yaxud öz rəsmi internet səhifəsində dərc edir. Qaydada qeyd olunan strateji sənədlərdə və ya sosial-iqtisadi inkişaf konsepsiyasında dəyişiklik olduğu hallarda sektor üzrə aparıcı qurum sektor üzrə ortamüddətli strateji siyasətində dəyişikliklər edir.

Sektor üzrə strateji planda sektor üzrə aparıcı qurum tərəfindən müəyyən edilmiş hər bir proqram (o cümlədən altproqram) müəyyən tədbir və layihələrdən ibarət olan büdcə planı əsasında həyata keçirilir. Büdcə planı çərçivəsində icra olunan tədbir və layihələr üzrə nəticə göstəriciləri ölçülə bilən və real vəziyyəti əks etdirən meyarlar əsasında müəyyən edilir və müvafiq proqram (altproqram) üzrə müəyyən edilən strateji məqsədə və ya hədəfə (aralıq hədəfə) nail olunmasını təmin edir.

Monitorinq və hesabatlılıq

Monitorinq və hesabatlılığın əsas məqsədləri sektorlar üzrə strateji planların icrası üzrə hesabatın və büdcə planlarının monitorinqinin nəticələrinin hazırlanması və təqdim edilməsi, habelə sektorlar üzrə strateji planlara daxil olan proqramların (altproqramların) həyata keçirilməsi və tədbirlərin (layihələrin) icrasında yaranmış problemləri, o cümlədən gözlənilən nəticələrə və ya hədəflərə (aralıq hədəflərə) nail olunmamasının səbəblərini təhlil etmək, onların həlli üçün zəruri tədbirlər görmək və tövsiyələr verməkdən ibarətdir.

Sektor üzrə aparıcı qurum sektor üzrə strateji plana daxil olan proqramlara (altproqramlara) dair müəyyən edilən məqsəd və hədəflərə (o cümlədən aralıq hədəflərə) nail olunmasına məsuldur və bu məqsədlə sektorda fəaliyyəti olan təşkilatların büdcə planlarının icrasına nəzarət edir.

Milli.Az

Chosen
18
5
milli.az

10Sources