EN

Uşaq bağçaları özəlləşdiriləcək?

Yazını böyüt
Yazını kiçilt

Uşaq bağçalarının saxlanması olduqca böyük vəsait tələb edir. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, uşaq bağçaları əsas şəhərlərdə, şəhər mərkəzlərində təmin olunacaq: "Təhsil konsepsiyasında uşaq bağçaları erkən təhsildə məktəbə hazırlıq kimi qəbul edilir. Ona görə yerlərdə məktəbəqədər dərslər təşkil olunur, bu həftədə 3-4 dəfə təşkil olunur. Burada məktəb müəllimləri də iştirak edir. Bununla həm də məktəb müəlliminlərinin güzəranının yaxşılaşdırılması istiqamətində iş görülür".

Xatırladaq ki, hazırda ölkədə 1693 dövlət uşaq bağçası mövcuddur və burada 123 min uşağın yerləşdirilməsi mümkündür. Bu da ümumilikdə məktəbəqədər yaşlı uşaqların ölkə üzrə 25 faizini əhatə edir. Bu ildən isə  Elm və Təhsil Nazirliyi tərəfindən “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” həyata keçirilir. Qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsindən ibarətdir. Bu qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.l etmək olarmı?

Maraqlıdır, görəsən, maliyyə nazirinin uşaq bağçaları ilə bağlı açıqlamasını gələcəkdə dövlətə məxsus müəssisələrin özəlləşdiriləcəyinin siqnalı kimi qəbul etmək olarmı?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Nadir İsrafilov bildirib ki, nəticə etibarilə buna doğru gedirik: " Sovet dönəmində uşaq bağçaları kifayət qədər olmasa da, əhalinin tələbatını qismən ödəyən səviyyədə idi. Müstəqillik əldə edəndən sonra Təhsil Nazirliyinin rəhbərliyi, səhvən və ya bilərəkdən 300-dən artıq uşaq bağçasını özəlləşməyə çıxardı. Özəlləşdirmə adı ilə ayrı-ayrı fərdi şəxslər, təşkilatlar bu bağçaları satın aldılar. Amma özəlləşdirmə buna xidmət edirdi ki, təyinat dəyişməməli idi, uşaq bağçası kimi fəaliyyəti davam etdirməli idi. Amma nə oldu? Bağçalar alınaraq söküldü və əvəzində göydələnlər, gözəllik salonları, şadlıq sarayları tikildi. Bu məsələlər Təhsillə bağlı Dövlət Strategiyasında öz əksini tapıb. Orada açıq-aşkar göstərilirdi ki, məktəbəqədər təhsil təminati çox pis vəziyyətdədir. Ümumiyyətlə, əhalinin böyük qismi bu xidmətdən istifadə etmə imkanından məhrumdur. Eyni zamanda, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin balansından çıxarılaraq, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməklə də təhsildə fasiləsizlik, varislik, ardıcıllıq prinsipi pozuldu. Nəhayət, 2021-ci ildə Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzaladı. Sərəncam dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə imzalanıb. Bu sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Yəni, bir vaxtlar bu istiqamətdə özəlləşdirmə aparıldı. Amma qeyd etdiyim kimi nəticələri də yaxşı olmadı. Düzdür, bu sahədə özəl sektorun fəaliyyətinin genişləndirilməsinin əleyhinə deyiləm, lakin təhsil müəssisələri ilə bağlı qərarlar qəbul edilərkən diqqətli olmaq lazımdır”.

Ekspert ölkə üzrə məktəbəqədər təhsillə əhatə səviyyəsi ilə bağlı məlumatı da bölüşüb:“Təhsil Strategiyasında da bildirilirdi ki, məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil edirdi. Son illərdə Bakı şəhərində yeni məktəbəqədər təhsil müəssisələrinin inşası və ya əsaslı təmiri istiqamətində atılan addımlar nəticəsində məktəbəqədər təhsillə  əhatə səviyyəsi artaraq 27 faizə çatıb, amma bu sahədə həllini gözləyən problemlər qalmaqdadır. Ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur. Strategiyanın qəbul edilməsindən sonra da xeyli sayda uşaq bağçası tikilməsinə baxmayaraq, bu defisit hələ də qalmaqdadır”.

N.İsrafilov vurğulayıb ki, bağça çatışmazlığı bu gün ölkənin təhsil sahəsində ən böyük problemlərdən birinə çevrilib: “Azərbaycanda dövlət uşaq bağçalarının çatışmazlığı ciddi problemə çevrilib. Bəzi valideynlər maddi imkansızlıqdan uşaqlarını özəl bağçalara qoya bilmirlər. Bir qrup valideyn vəziyyətdən çıxış yolunu dayə tutmaqda görür. Sonra da biz sosial şəbəkələrdə həmin dayələrin uşaqlara göstərdiyi şiddət səhnələrinin şahidi oluruq. Baxmayaraq ki, hər il dövlət yeni məktəbəqədər müəssisələrin inşasını həyata keçirir, bununla belə, bu gün hər dörd uşaqdan yalnız biri bağçaya gedə bilir. Bu da işləyən valideynlər üçün ciddi problemlər yaradır. Məktəbəqədər hazırlıq qrupları uşaq bağçalarının nəzdində olmalı olduğu halda, uşaq bağçalarının azlığı həmin qrupların məktəblərin nəzdinə keçməsinə səbəb olub. Bu ildən nazirlik bağçalarla bağlı yeni qrant layihəsi də həyata keçirir. Amma layihənin rəqabətə, keyfiyyətə necə təsir edəcəyini zaman göstərəcək. Nəticələrdən asılı olmayaraq, “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” heç də arxayınlaşmaq, dövlət məktəbəqədər təhsil müəssisələrinə diqqəti azaltmaq üçün əsas ola bilməz. İstənilən halda dövlət müəssisələri, o cümlədən, məktəbəqədər təhsil müəssisələri özəl sektordan daha üstün inkişaf etdirilməlidir”.

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli deyib ki, dövlət məktəbəqədər təhsil sahəsində özəl sektorun inkişaf etdirilməsində maraqlı görünür: “Bu gün məktəbəqədər yaşlı uşaqların 15-20 faizi  dövlət bağçalarında yerləşdirilə bilir. Bu ölkə üçün kifayət qədər kiçik rəqəmdir. Özəl bağçalar bu məsələdə müəyyən qədər yükü azaldır deyə, görünür, dövlət bununla bağlı xüsusi tədbirlər planı hazırlayır. Maliyyə nazirinin açıqlamasından da bu qənaətə gəlmək olar”.

Chosen
65
hafta.az

1Sources