Hazırda Azərbaycandan 30-a yaxın ölkəyə neft tədarük olunur, dekabrdan isə qazla təchiz edilən ölkələrin 12-yə çatacaq.
Banco.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov I İstanbul Enerji Forumu çərçivəsində “Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar” mövzusunda keçirilən nazirlər sessiyasında bildirib.
O, enerji əməkdaşlığının bərpa olunan enerji ilə genişləndiyi qeyd edib, artan enerji tələbatını qarşılamaq, iqlim dəyişikliyi ilə mübarizə aparmaq və enerji təhlükəsizliyini gücləndirməklə bağlı müasir enerji çağırışlarının həllində regional və beynəlxalq enerji əməkdaşlığının vacibliyini vurğulayıb.
Sessiyada COP29 Sədrliyinin enerji təşəbbüslərinin qlobal “yaşıl enerji keçidi”ni sürətləndirən rolundan da bəhs edilib. Bu təşəbbüslərin Azərbaycanın bərpa olunan enerji sahəsindəki iddialı milli və beynəlxalq proqramlarına əsaslandığı bildirilib. Nazir deyib ki, bərpa olunan enerjinin milli inkişaf proqramı çərçivəsində 2027-ci ilədək həyata keçirilən 2 QVt-lıq genişmiqyaslı “yaşıl enerji” layihələri nəticəsində sərbəstləşən 1,2 milyard kubmetr qazın ixraca yönəldilməsi imkan yaranır.