EN

"Marker müəllimin yoxladığı hər sual tələbənin uğuruna təsir edə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ

"Artıq bir neçə ildir ki, Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi qəbul imtahanları həmçinin, 9-11-ci siniflər üçün buraxılış imtahanlarında qapalı tipli test tapşırıqları ilə yanaşı açıq tipli, xüsusi yoxlama tələb edən, yalnız kompüter vasitəsilə deyil, real insan tərəfindən yoxlanılmalı olan açıq və situasiya tipli suallar da tələbə namizədlərə, şagirdlərə təqdim olunur". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.

O bildirib ki, qapalı tipli sualların yoxlanılması prosesi o qədər də çətin deyil: "Burada beş variant olur. Hər hansı düzgün variantı kompüterə yazılmış proqram asanlıqla müəyyənləşdirərək düzgün cavabları tez zamanda yoxlayır. Amma açıq və situasiya tipli sualların yoxlanılması mexanizmi çox fərqli, mürəkkəb prosesdir. Buna görə də, Dövlət İmtahan Mərkəzi bir neçə ildir ki, bu tipli sualların yoxlanılması üçün marker müəllimlərlə əməkdaşlıq edir. Bu müəllimlər imtahan verdikdən sonra seçilirlər. Onların bilik və bacarıqları, təhlil qabiliyyətləri, sualın cavablandırılmasına sərf olunan müddət, o cümlədən sualı cavablandırarkən ortaya qoyduğu göstərici, digər cavablarla uyğunluq faizi və sair yoxlanılır. Bundan sonra marker müəllim əməkdaşlığa cəlb olunur. Buraxılış, blok imtahanlarında da açıq tipli sualların cavablandırılmasında bu şəxslərdən istifadə edilir. Maraqlı bir detal da ondan ibarətdir ki, marker müəllimlərlə əməkdaşlıq müqaviləsi imzalansa da, onun xidmət haqqı konkret rəqəmlə ölçülmür. Çünki ona verilən xidmət haqqı marker tərəfindən düzgün cavablandırılmış sual sayına görə müəyyənləşdirilir.

Çünki elə sual var ki, markerin cavablandırması audit komissiyası tərəfindən qənaətbəxş sayılmır. Auditlər markerlər tərəfindən yoxlanılmış cavabları yenidən yoxlayır. Bir markerin verdiyi cavab digər marketlərin cavabları ilə tutmuşdurulur, uyğunluq dərəcəsi aydınlaşdırılır. Sualın qiymətləndirilməsi düzgün aparılıbsa, bu zaman markerin verdiyi cavab yetərli hesab edilir. Bu uyğunluq dərəcələri o qədər bir-birinə yaxın gəlmirsə, səhv olaraq qiymətləndirilir, markerə xəbərdarlıq edilir. Həmin sualın üzərində yenidən işləməsi ilə bağlı markerə müraciət edilir. Marker sualı yenidən yalnış qiymətləndirərsə, o zaman həmin sual markerin əlindən alınır. Markerlərin iş prinsipi belədir. Çox çətin prosesdir. Həm markerlərin seçilməsi, həm etdikləri iş, onlara olan nəzarət, xüsusi məsuliyyət, qiymətləndirmədən sonrakı yoxlama, uyğunluğun müəyyənləşdirilməsi, ümumiyyətlə, marker prinsipi həddindən artıq çətindir. Buna görə də, uğur qazanmış və Dövlət İmtahan Mərkəzinin faydalı markerlərinə təşəkkür edirik. Təbii ki, onları tanımırıq, müraciət edən müəllimlər arasından seçilir".

"Bir açıq sualın yoxlanma prinsipi nə dərəcədə çətin mexanizm üzərində qurulur. Marker müəllimlərə bu istiqamətdə işləmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən kurslar və seminarlar təşkil olunur. Bu da sevindirici faktdır. Marker müəllimlərin çox güclü və obyektiv olması böyük göstəricidir. Onların yoxladığı hər bir sual tələbənin uğuruna müsbət və mənfi təsir edə bilər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Chosen
20
sia.az

1Sources