EN

Putinin yeni OYUNCAĞI “Oreşnik” – “Bu raketlərin istifadəsi artacaq”

 

“Müharibənin hansı mərhələsində taktiki və strateji silahların istifadə ediləcəyini qiymətləndirmək vacibdir. Rusiyanın arsenalında olan orta mənzilli və uzaq mənzilli ballistik raketlərin istifadəsi, əsasən, Ukraynanı dəstəkləyən qüvvələrin, xüsusilə ABŞ və Böyük Britaniyanın bu cür silahların istifadəsinə icazə verməməsi səbəbindən təxirə salınmışdı. Lakin son dövrlərdə, xüsusən Kurska zərbələr endirildikdən sonra Rusiyanın bu raketləri istifadə etməsi, əslində, qarşı tərəfə gücünü nümayiş etdirmək məqsədini daşıyır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.

Hərbi ekspert Rusiyanın “Oreşnik” raketi ilə Ukraynadakı mövqeləri bombalamasından sonra sözügedən silahın kütləvi şəkildə istehsal edilməsi və bunun Qərbdə yaratdığı şok effektindən söz açıb.

Polkovnikə görə, hazırda Rusiya, nüvə başlığı daşımayan ballistik raketləri istifadə etməkdədir, lakin əgər Ukrayna tərəfindən hücumlar Rusiyanın dərinliklərinə, strateji obyektlərə yönəlməyə davam edərsə, bu raketlərin istifadəsi artacaq:

“Rusiya, həmçinin, neft obyektlərinə qarşı hücumlar edərək öz ərazilərində zərbələr endirir. Bu silahların istifadəsi müharibənin davam etməsi və tərəflərin güc nümayişi üçün vacibdir. Əgər Ukrayna tərəfi hücumlarına davam edərsə, Rusiyanın arsenalında olan nüvə başlığı daşıyan raketlərin istifadəsi mümkündür. Bu raketlər, həm qitələrarası, həm də orta mənzilli ballistik raketlərdən ibarətdir və artıq Rusiya “qırmızı xətt” kimi qəbul etdiyi bu silahların istifadəsini həyata keçirir. Bu addım, qarşı tərəfi daha da təhdid edir və həm də beynəlxalq aləmdə yeni bir təhlükə yaradır.

Rusiya tərəfindən istifadə edilən orta və uzaq mənzilli raketlərin sayı artdıqca, müharibənin daha da gərginləşməsi qaçılmazdır. Ukraynanın öz hücumlarını davam etdirməsi, Rusiyanın daha sərt cavablar verməsinə səbəb ola bilər. Bu səbəbdən müharibənin növbəti mərhələsində nüvə silahlarının istifadəsi real bir təhlükə olaraq ortaya çıxa bilər”.

Rafi Müslümov

Chosen
18
35
yenicag.az

10Sources