Cəlilabad rayonu Şıxlar kəndinin 12 yaşlı sakini Zeynəb Tanrıverdiyeva özünün futbol istedadı sayəsində xüsusilə, son günlərdə xeyli məşhurlaşıb.
İdman.biz xəbər verir ki, "Report"un Muğan bürosunun əməkdaşı istedadlı yeniyetmə futbolçunun yaşadığı kənddə Zeynəb və ailəsi ilə həmsöhbət olub.
Hazırda 7-ci sinifdə oxuyan Zeynəb futbola marağının yaranmasını dünya ulduzu Kriştianu Ronaldunun “sehrbazlığı” ilə əlaqələndirib:
“Hələ doqquz yaşım olanda kompüterdə Kriştianu Ronaldunun fəndlərini izləyərkən məndə futbola böyük maraq yarandı. Bundan sonra plastik qabaqlarla futbol oynamağa başladım. Bu həvəsimə baxmayaraq, valideynlərim futbol oynamağıma icazə vermirdilər. Ancaq oyunumu gördükdən sonra mənə dəstək olmağa başladılar.
Müəllimim Cəlilabadda qızlardan ibarət futbol komandasının yaradılacağı haqda paylaşım etmişdi. Mən də həmin komandaya qoşuldum. Lakin sonra o komanda fəaliyyətini dayandırdığı üçün oğlanlardan ibarət komandada məşq etməyə başladım. Məşq zamanı mənim videomu çəkərək paylaşıblar. Məşqçilər də bu videonu görərək məni “Sabah” komandasına dəvət etdilər. Uğurlu futbol karyerası qurmaq və gələcəkdə Azərbaycan milli komandasının kapitanı olmaq istəyirəm”.
Zeynəbin atası Zöhrab Tanrıverdiyev ilk vaxtlarda qızının futbola marağını təəccüb və tərəddüdlə qarşılasa da, sonra fikrini dəyişməli olub:
“Əvvəlcə mənə qəribə gəlirdi. Fikirləşirdim ki, qız hara, futbol hara?! Çünki qızların futbol oynaması barədə heç bir təsəvvürüm yox idi. İşdən gələndə görürdüm ki, plastik qabaqlarla özü üçün futbol oynayır. Hətta bir dəfə maşını həyətə salanda mane olduğu üçün onun futbol oynadığı qapaqları yığıb zibilliyə atmışdım. Bir dəfə gecə saat 3 olardı. Gördüm ki, Zeynəb həyətdə topla məşq edir. Bundan sonra artıq ona futbolla məşğul olmağa icazə verdim və dəstək olmağa başladım”.
Daha ətraflı videomaterialı izləyə bilərsiniz:
İdman.biz