EN

COP29: Dünyanı özünə, Azərbaycanı dünyaya tanıdan müzakirələr


Bakıda noyabrın 11-dən 23-dək davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 76 min qonaq, onlarla dövlət başçısının iştirakı, yüksək səviyyədə təşkilatçılıq, qaldırılan məsələlərin aktuallığı ilə yadda qaldı.

İlkin plana əsasən, noyabrın 22-də yekunlaşmalı olan konfrans ayın 23-də də davam etdi. Bu qərar tədbirin gündəliyindəki mühüm məsələlərin tam həll olunması və iştirakçı dövlətlərin fikir mübadiləsinin effektiv şəkildə davam etməsi üçün qəbul edildi.

BMT-nin belə mötəbər, qlobal əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi təsadüfi deyil. Bu, beynəlxalq aləmdə Azərbaycana hörmətin, onun qlobal əhəmiyyətli müxtəlif energetika, nəqliyyat və başqa layihələrdə oynadığı müsbət rola verilən dəyərin göstəricisidir. Dost və dost olmayan ölkələr də tədbirin Bakıda keçirilməsinə razılıq veridilər. COP29-un Bakıda reallaşmasına Ermənistanın razılıq verməsi də Azərbaycanın müsbət nüfuzunun rəsmi İrəvan tərəfindən qəbulu, etirafıdır. Bir sözlə, bu, rəsmi Bakının yürütdüyü siyasətin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanmasının nəticəsidir.



Azərbaycanın COP29-da sədrliyi, aparılan danışıqlar nəticəsini verib. Ölkəmizin iqlim fəaliyyəti gündəliyinin irəli aparılması istiqamətində apardığı səylər nəticəsində COP29-un ilk günündə sessiyanın gündəliyi razılaşdırılıb. Danışıqlar prosesində bugünədək Paris Sazişinin 6.4-cü maddəsi, habelə çoxtərəfli maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması üzrə razılıqlar əldə olunub. Halbuki, on ildən çox idi ki, ümumi həll yolu tapmaq mümkün olmurdu. Bakıda COP-un işinin ilk günündə ölkələr vahid mexanizm barədə razılığa gəliblər. Bu da onu göstərir ki, səyləri birləşdirəndə qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq mümkündür.

Qeyd edək ki, anomal istilər, quraqlıqlar, meşə yanğınları, daşqınlar, qasırğalar, havanın həddən artıq çirkləndirilməsi, adekvat addımlar atılmadığı təqdirdə yaxın illərdə daha fəlakətli nəticələrə gətirib çıxara bilər. Planet üçün belə ciddi təhlükəyə cavab tədbirlərinin müvəffəqiyyəti bir çox amillərdən, o cümlədən, maliyyə investisiyalarından asılıdır. COP29-un əsas mövzusu da elə maliyyə məsələsi idi.

Konfrans istixana qazı emissiyalarının azaldılmasından tutmuş, iqlim dəyişikliyindən təsirlənən ən həssas regionların dəstəklənməsinə qədər bir sıra məsələləri əhatə etməklə, iqlimin maliyyələşdirilməsində real irəliləyiş əldə etməyi hədəfləyirdi. Azərbaycan təkcə iqlim sammitinə ev sahibliyi etmədi, həm də maliyyə məsələsində öz addımlarını atdı. Belə ki, Azərbaycan İqlim Maliyyə Fondunun yaradılması təşəbbüsü ilə çıxış etdi və bu fondun çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində töhfə verdiyini açıqladı.

Azərbaycan Prezidenti İlham Əliyev COP29-da İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin Sammitində çıxışı zamanı bəyan etdi ki, bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunub. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı. Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün Bakı 10 milyon ABŞ dolları məbləğində vəsait ayırır. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi - "Azərkosmos"dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalayıb.



Göründüyü kimi, Azərbaycan öz yaşıl enerji gündəliyini inkişaf etdirmək, azad olunmuş əraziləri yaşıl zona elan etmək, 2030-cu ilə qədər təxminən altı giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırmaqla yanaşı, ixrac bazarlarına da diqqət yetiri və 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalayıb. Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarla fəal iş aparılır. Bu da ölkəmizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək. Bu kabelin texniki potensialı dörd giqavatdır. Texniki-əsaslandırma işlərinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.

Azərbaycan COP29-a uğurla ev sahibliyi etdi, konfrans yüksək təşkilatçılıq, təhlükəsizlik tam təmin olunmaqla, effektiv infrastruktur yaratmaqla keçirildi. Eyni zamanda, qlobal iqlim böhranının aradan qaldırılmasına, həll yollarının tapılmasına öz dəstəyini verdi, təşəbbüslər, təkliflər irəli sürdü. Azərbaycanın bu rolu həm dünya liderləri, həm də ölkəmizdə olan digər COP29 iştirakçıları tərəfindən yüksək qiymətləndirilir.



COP29-da qəbul edilən qərarlar nəticəsində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrin üzləşdikləri iqlimlə əlaqədar problemlərin həlli üçün iqlim maliyyəsi ayıracaqlarına inam ifadə olundu, müzakirəyə çıxarılan sənədlərlə bağlı təkliflər irəli sürüldü.

Tədbir çərçivəsində COP29 sədrliyinin bəyanatı da səsləndirildi. Bəyanatda COP29 çərçivəsində iqlim maliyyələşdirməsinin illik 250 milyard dollara çatdırılması təklif edildi: “COP29 sədrliyi il ərzində tərəflərin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq, ədalətli və iddialı yeni iqlim maliyyəsi məqsədi irəli sürüb. Biz səhərin erkən saatlarına qədər geniş məsləhətləşmə apardıq. Biz hər kəsə, bütün qruplara dünən yaydığımız mətn paketi ilə bağlı münasibət bildirmək imkanı tanıdıq və konstruktiv iştiraklarına görə onlara təşəkkür edirik. Məsləhətləşmələr zamanı səslənən fikirləri nəzərə alaraq, yeni mətni dərc etmişik. Tərəfləri 2035-ci ilə qədər bütün ictimai və özəl mənbələrdə ən azı 1,3 trilyon ABŞ dollarına hədəfinə çatdırmaq üçün birgə işləməyə dəvət edirik. Yeni sənəd layihəsində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim fəaliyyəti üçün 100 milyard ABŞ dolları məbləğində vəsaitin 250 milyard ABŞ dollarına çatdırılması hədəf göstərilir. Tərəflərlə razılaşdırıla bilinməyən vacib məsələlərə yekun düzəlişlər üçün onlarla daha sıx işləyəcəyik. Biz daha çox şəffaf və inklüziv çalışacağıq ki, daha yüksək ambisiyalı mümkün nəticəni əldə edək".

Millət vəkili Vüqar Rəhimzadə hesab edir ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin gündən-günə yüksələn beynəlxalq nüfuzunun göstəricisidir və növbəti dividendləri özündə ehtiva edir:

"İki həftə ərzində dünyanın diqqət mərkəzinə çevrilmək Azərbaycanın bu günə qədər keçdiyi yolun, eyni zamanda, tədbirdən sonrakı dövrün reallıqları barədə aydın təsəvvür yaratdı. Hər bir beynəlxalq əhəmiyyətli tədbir həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayır. COP29-un iştirakçılarının çoxluğu, ən əsası böyük əksəriyyətinin ölkəmizdə ilk dəfə olması Azərbaycan həqiqətləri barədə dolğun məlumat əldə etmələri ilə yanaşı, onları ölkələrində təbliğ etmələrinə geniş imkanlar yaratdı. Ölkəmizin qlobal problemlərin, o cümlədən iqlim dəyişmələrinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində göstərdiyi səylər real addımlarda özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycanın qlobal əməkdaşlığa növbəti çağırışının təqdimatı oldu. Prezident İlham Əliyev çıxışında bu rəqəmlərə də diqqəti yönəltdi ki, bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanıb. 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırılır”.



Millət vəkili vurğulayıb ki, COP29 Azərbaycana böyük iqtisadi və siyasi dividend qazandıracaq. Yeni əlaqələr, yeni körpülər qurulacaq. Azərbaycan bu əlaqələrin təşəbbüsçüsü və iştirakçısı olaraq beynəlxalq arenada söz sahibliyini daha da artıracaq. Dünyanın Bakıya toplaşması, qlobal məsələlərin məhz Azərbaycanda müzakirə olunaraq ümumi mövqeyin ortaya qoyulması ölkəmizin sabitləşdirici, birləşdirici aktor kimi artan roluna işıq salır.



Millət vəkili Ceyhun Məmmədovun fikrincə, COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın növbəti uğurudur və ölkəmizə olan etimadı artırır: “Azərbaycanın reytinqi getdikcə daha da artır. Bu gün ölkəmiz dünyanı narahat edən hər bir məsələyə xüsusi diqqət və həssaslıqla yanaşır. Azərbaycan çalışır ki, dünyanı narahat edən mövzulara öz töhfəsini versin. Azərbaycan COP29-u ən yüksək səviyyədə keçirdi və bu, ölkəmizin qarşıdakı illərdə uğurlarını daha da artıracaq. Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxışı zamanı mühüm mesaj verdi. Prezident bütün təzyiq cəhdlərinə baxmayaraq, Azərbaycanın öz torpaqlarını azad etdiyini xüsusilə vurğuladı. Eyni zamanda Azərbaycanın enerji resurslarının şaxələndirilməsi ilə bağlı gördüyü işlərə toxundu. Azərbaycan Qara dəniz sualtı enerji xətti ilə öz enerjisini daşıyacaq. Ölkəmiz çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Multikulturalizm dövlət siyasətimiz və həyat tərzimizdir. Azərbaycan xalqı etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşayır. Reallıq budur ki, ekoloji fəlakətlərin əsas səbəblərindən biri müharibələrdir. Bunun bariz nümunəsi isə Azərbaycandır. 30 il ərzində torpaqlarımız işğal altında olarkən Ermənistanın ekosid və urbisid törətdiyinin şahidi olduq. Yalnız mina çirkləndirilməsi belə ayrıca bir problemdir. Bu gün Azərbaycan dünyada ərazisi mina ilə ən çox çirklənən ölkələrdən biridir. Sülhə nail olmaq, dünyada əmin-amanlığı qorumaq üçün çalışmalıyıq. Bu gün dünyanın qarşısında duran ən vacib məsələlərdən biri də budur. Burada dinlərin böyük potensialı və imkanları var. Bu potensial və imkanlardan istifadə edərək dünyanı qorumalıyıq. Burada həm dinlərin, həm də dini liderlərin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan hər zaman bütün dinlərə bərabər münasibət göstərən multikultural bir ölkədir. Bunun yalnız söz olaraq deyil, real həyatda da bu cür olduğunu COP29 tədbiri çərçivəsində Azərbaycanda keçirilən dünya dini liderlərinin sammitində bir daha gördük”.

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, COP29 iqlim dəyişikiyi ilə bağlı bütün məsələləri müzakirə etməyə imkan verdi: “Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbəsidir. Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etdi. Gələn qonaqlar da tədbirin yüksək səviyyədə təşkil edildiyini, müzakirələr keçirmək üçün bütün imkanların olduğunu xüsusilə vurğuladılar. Dünya mətbuatı da Azərbaycanda keçirilən tədbirin yüksək təşkil olunduğunu bildirdil. Düzdür, qarayaxma kampaniyası aparan, Azərbaycanı gözdən salmaq istəyən ölkə və dairələr də oldu. Amma bütün bunlara baxmayaraq, 80 ölkədən 72000 qonağın iştirakı göstərdi ki, onların cəhdi puç oldu. COP29 həm dünyanı özünə, həm də Azərbaycanı dünyaya tanıda bildi".



Millət vəkilinin dediyinə görə, COP29 tədbirində də münaqişələrin sülh yolu ilə həll edilməsi və dayandırılması çağırışları edildi. Konfransın keçirildiyi müddətdə önəmli məsələlər gündəmə gətirildi, qonaqlar Azərbaycanı daha yaxından tanıdı, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə verdiyi töhfələri gördülər: “Düşünürəm ki, Azərbaycan bundan sonra da sülh təşəbbüsləri ilə çıxış edəcək və dünyada sülhün bərqərar olmasına maksimum dəstək verəcək. COP29 tədbiri Azərbaycanın qlobal miqyasda həm iqlim dəyişikliyi ilə mübarizə, həm də sülh təşəbbüsləri sahəsindəki liderliyini bir daha nümayiş etdirdi. Şotlandiya parlamentinin qəbul etdiyi qətnamə, Azərbaycanın bu sahədəki töhfələrinin beynəlxalq səviyyədə tanındığını göstərir”.

Politoloq İlqar Vəlizadənin sözlərinə görə, dünya nəinki siyasi, ekoloji, eyni zamanda bir çox hallarda iqtisadi gündəmini müəyyən edir: Ona görə bu COP tədbirlərinə diqqət həmişə böyük olub. İndi də ildən-ilə artır: “COP29 tədbiri olduqca əhəmiyyətli bir tədbur idi. Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunan COP29 çərçivəsində vacib məsələlər müzakirə olundu və onların həlli üçün çox mühüm təkliflər səsləndirildi. Bu cəhətdən tədbir çox vacibdir. Eyni zamanda ilk dəfə olaraq Azərbaycanda bütün dünyanın aparıcı siyasətçiləri yığışdılar. Bu da dünyada gedən qlobal dialoqun təzahürüdür. Azərbaycan bu dialoqda vacib rol oynadı. Bu da Azərbaycanın siyasi-humanitar çəkisini dünyada artırdı".

Sevinc,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanıb.
Chosen
41
50
bakupost.az

10Sources