Yanvarın 20-də Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi baş tutacaq.
4 illik fasilədən sonra Ağ Evə qayıtmağa hazırlaşan Tramp və adminstrasiyası bu mötəbər mərasimə dünya ölkələrinin liderləri ilə yanaşı terror təşkilatları YPG və PKK-nın Suriya qanadının rəhbəri Məzlum Kobani və İlham Əhmədi də dəvət edib.
Maraqlıdır, bu addıma Türkiyə necə reaksiya verəcək? Bu, onun ABŞ-la münsabətlərinə təsir edəcəkmi?
Türkiyəli general Yücel Karauz Bizim.Media-ya bildirib ki, ABŞ illərdir Türkiyənin cənubunda - Suriya və İraqı əhatə edən və dənizə çıxışı olan bir terror dövləti yaratmağa çalışır:
"Bu məqsədlə İŞİD-lə mübarizə adı altında illərdir PKK və YPG-ni silahla təmin etdi, onlara təlim keçdi, hər cür dəstək verdi. Bu cəhətdən yanaşdıqda görürük ki, Trampın yeni beynəlxalq sözçüləri müdafiə nazirlərinə Suriyadakı təbii müttəfiqlərinin PKK və YPG olduğunu bildirirlər. Hazırda Suriyadakı kürd təşkilatları idarəçilik boşluğundan dolayı ölkənin 33-35 faizlik hissəsinə nəzarət edirlər".
Y.Karauz qeyd edib ki, ABŞ Suriyada həyatın normal axara dönməsini istəmir:
"Suriyanın federativ ölkə olmasını istəyirlər. Kürd dövləti qurmaq, kürd koridoru yaratmaq, terrorçular yetişdirmək istəyirlər".
Türkiyəli general bildirib ki, Trampın andiçmə mərasiminə bu şəklidə bir dəvət onun Suriyada hansı qüvvəyə arxalandığının göstəricisidir:
"Türkiyən israrla bu mövzunun üzərində dursa, NATO müttəfiqi olaraq dəfələrlə etiraz etsə də, buna əhəmiyyət vermirlər. Bəs Türkiyənin reaksiyası necə olacaq? Türkiyə bu bölgədə terror dövlətinin yaranmaması üçün mütləq Suriyadakı hərbi fəaliyyətini artıracaq.
Eyni zamanda, Trampın inaqurasiyasında daha aşağı səviyyədə təmsil olunacaq. Trampla yeni bir ağ səhifə açmağı gözləyən Türkiyə üçün bu, əslində soyuq bir duşdur. Gərgin olan Amerika-Türkiyə əlaqələri daha da gərgin hala gələcək. Türkiyə siyasi və hərbi addımlara bu münasibətə qarşılıq verəcək".
“Türkiyənin reaksiyası sərt olacaq”
Politoloq Qabil Hüseynli isə bildirib ki, bu məsələyə Türkiyənin münasibəti həmişəki kimi sərt olacaq:
“Çünki PKK və YPG dövlət və ya müstəqil qurum deyil, kürd separatçılarıdır. Onların erməni separatçılarından heç bir fərqi yoxdur. Trampın seçilməsində onlar da, erməni separatçıları da, erməni diasporu da rol oynadı. O da seçilən kimi yavaş-yavaş öz ətrafını toplayır, formalaşdırır. Onların içərisində bizə yaxın olan adam yox dərəcəsindədir”.
Qabil Hüseynli deyib ki, yəqin Türkiyə bu məsələyə öz etirazını bildirəcək:
“Güman ki, Türkiyə buna etiraz edəcək, amma başqa bir şey deyə bilməz. Türkiyə neçə ildir Baydenə bunları buradan çıxarın deyir. Amma heç bir nəticəsi yoxdur. Bu da o cür olacaq”.
Rəna Cumaqızı, Bizim Media