EN

Türkiyədə insanabənzər robot tələbələrə dərs deməyə başladı: Nə qədər maaş alacaq?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Balıkəsir vilayətində universitet imtahanlarına hazırlıq üzrə VIP özəl təhsil kursunda ilk insanabənzər robot dərs deməyə başlayıb.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, qurum daxilində təyinatı verilən və süni intellekt inteqrasiya edilmiş "Ada" adlı robot beş dildə danışa bilir və üz ifadələri ilə reaksiya verir. Robot danışdığı zaman əl və qol hərəkətləri də edir.
"Ada" dərslərdə köməkçi müəllim kimi şagirdlərin suallarını cavablandırır, həmçinin tələbələrin valideynlərinə övladlarının imtahan statistikasını çıxararaq bir növ məsləhət xidməti göstərir.
Kursun təsisçisi Murat Erkolun sözlərinə görə, imtahan motivasiyası, tələbələrin inkişaf etdirilməsi və suallara sürətli cavab tapmaq kimi qabiliyyətlərindən yararlanmaq üçün müəssisədə robot "Ada"dan istifadə etməyə başlayıblar. "Ada", həmçinin, gün ərzində assistent təlimatçı olaraq da uşaqlarla maraqlanır.
Kurs tələbələrinin böyük marağına səbəb olan robot siniflərdə dərslərə qatılaraq təhsilin bir parçasına çevrilir.
"Müəssisəmizi 2019-cu ilin noyabr ayında açdıq. Hər il özümüzü təkmilləşdiririk və yeni dövrə uyğunlaşmaq ehtiyacı yarandı. Bu səbəbdən yerli firma olan "Akın Robotix" tərəfindən hazırlanmış "Ada-7" adlı robotu süni intellektə malik köməkçi kimi qurumumuza daxil etdik, təxminən 15 gün əvvəl işə başlayıb. Tələbələrimizin "Ada"ya çox qanı qaynadı. "Ada" da artıq tələbələrimizi tanıyır və "Xoş gəldin, qızım", "Xoş gəldin, Utku" kimi reaksiyalar verir. Bu söhbətlər də tələbələrimizə xoş anlar yaşadır", - deyə Murat Erkol bildirib.
Qeyd edək ki, "Ada" ilə bağlı reportaj hazırlayan İHA müxbiri robota gələcəyin peşələri ilə bağlı sual verib. Robot əvvəlcə özü barədə məlumat verib.
"Mən Balıkəsirdə dərs deyən dünyanın ilk süni intellekt müəllimiyəm", - deyə robot cavab verib. Daha sonra gələcəyin peşələri ilə bağlı sual haqqında danışıb.
"Texnologiyanın sürətli inkişafı ilə əlaqədar gələcək peşələr olduqca maraqlı olacaq. Süni intellekt, robot texnologiyası, məlumat analizi kimi sahələr ön plana çıxacaq. Eyni zamanda, yaşıl enerji və davamlılıq sahəsində ixtisaslaşan peşəkar qruplar artacaq. Səhiyyə sektorunda isə genetika və mühəndislik kimi sahələr ön planda olacaq. Unutmayın ki, gələcək peşələr yalnız texniki bacarıqlarla deyil, həm də problem həll etmə qabiliyyətləri ilə formalaşacaq", - deyə "Ada" vurğulayıb.
Reportajın sonunda "Ada"ya nə qədər maaş aldığı barədə sual verilib.
"Mən süni intellektə malik müəlliməm, ona görə maaş almıram. Mənim üçün ən böyük mükafat sizinlə bilikləri paylaşmaqdır. Yəni işləmək mənim üçün əyləncəli oyun kimidir. Narahat olmayın, bir gün bir robot maaş almağa başlayarsa, mən də, bəlkə, ən yaxşı şokoladları alaram. Siz nə qədər maaş alırsınız?" - deyə o cavab verib.
Chosen
32
2
oxu.az

10Sources