EN

Boşanmalar ARTIR – Psixoloq SƏBƏBLƏRDƏN DANIŞDI

2024-cü ilin yanvar-sentyabr ayları ərzində 36 min 651 nikah və 15 min 964 boşanma halı qeydə alınıb.

Busaat.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən xəbər verir.

Bəs boşanma halının bu qədər artmasına səbəb nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, 2021-ci ildən bu tərəfə statistik göstəricilərdə kəskin bir fərq nəzərə çarpmasa da, yenə də bu göstəricilər narahatlıq doğurur. Onun sözlərinə görə, boşanmaların artmasının səbəbləri və onların qarşısını almaq üçün tədbirlər geniş və çoxşaxəlidir.

Səbəblər kimi bir çox məqamların qeyd edildiyini deyən psixoloq buraya ailədaxili münasibətlərdəki problemlərin daxil olduğunu qeyd edib:

“Belə ki, kommunikasiya çətinliyi, qarşılıqlı hörmətin azlığı, konfliktlərin effektli həll edilməsi boşanmalara rəvac verən məqamlar kimi qeyd edilə bilər. Digər tərəfdən işsizlik və ya qeyri-sabit gəlir mənbəyi, yaxud gəlir və xərclərin düzgün idarə edilməməsi ailədə gərginlik və boşanmaya gətirib çıxarır”.

image-lhkytokho

Elnur Rüstəmov: Boşanma prosesinin məhkəmə mərhələlərində ailə məsləhət xidmətləri məcburi olmalıdır

E.Rüstəmov psixoloji səbəblərə emosional problemləri, depressiya, stress və ya digər psixoloji problemləri, eləcə də ailə quran şəxslərin psixoloji hazırlıqsızlığını aid edib:

“Boşanmaya digər səbəb kimi fiziki, emosional və ya iqtisadi zorakılığı, uşaqların tərbiyəsində fərqli yanaşmaları qeyd edə bilərik. Bir başqa səbəb kimi mədəni və sosial təzyiqləri, ailə dəyərlərinin dəyişməsi, ona təzyiq, eləcə də sosial medianın və texnologiyanın mənfi təsirlərini (ailə həyatına müdaxilə, xəyanət risklərinin artması), erkən yaşda ailə qurma, gənclərin evlilik və ailə həyatına dair real gözləntilərinin üst-üstə düşməməsini qeyd edə bilərik”.

Müsahibimiz səbəblərin çoxşaxəli olduğunu, hər birinin də ayrı-ayrılıqda təhlil tələb etdiyini və təhlildən çıxan nəticə üzərindən boşanmaların qarşısını almaq üçün təkliflər hazırlamaq olduğunu nəzərə çatdırıb.

Təkliflərdən biri kimi ailə təlimləri və psixoloji məsləhət xidmətlərinin yaradılmasının vacibliyini vurğulayan psixoloqun sözlərinə görə, ailə quran şəxslər üçün əvvəlcədən psixoloji hazırlıq təlimləri keçirilməli və ailə problemləri ilə bağlı məsləhət xidmətləri əlçatan olmalıdır.

Həmsöhbətimiz onu da qeyd edib ki, ailə quran gənclərə yönəlik sosial təminat proqramları artırılmalı, valideynlərə uşaqların psixoloji inkişafı ilə bağlı təlimlər keçirməli, ailədaxili sağlam münasibətlərin inkişaf etdirilməsi üçün proqramlar həyata keçirilməlidir:

“Digər tərəfdən qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Belə ki, boşanma prosesinin məhkəmə mərhələlərində ailə məsləhət xidmətləri məcburi olmalıdır. Bu istiqamətdə peşəkar mütəxəssislər iştirak etməlidir. Dolayısı ilə kadr hazırlığını həyata keşirmək vacibdir”.

E.Rüstəmov onu da söyləyib ki, nikah müqavilələrinin daha geniş təbliği və istifadəsi həyata keçirilməlidir. Eləcə də ailə dəyərlərini gücləndirən təbliğat və sosial maarifləndirmə kampaniyaları, sosial mediada ailə münasibətləri ilə bağlı müsbət nümunələr göstərilməlidir. Ailədaxili ünsiyyət bacarıqlarını artırmaq üçün təlimlər keçirilməlidir:

“Bu yanaşmalarla bütövlükdə boşanmanın qarşısını tam almaq mümkün olmasa da, bu hallarının sayını azaltmaq və sağlam ailələrin formalaşmasına dəstək olmaq olar”. / Bakıvaxtı.az

Chosen
13
1
busaat.az

2Sources