EN

COP29 üçün ayrılan yolların aqibəti necə olacaq?

Ölkəmizin uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil olunmuş COP29 xüsusi hərəkət zolaqları nəqliyyat əməliyyatlarının səmərəli təşkilinə, tədbir iştirakçılarının maneəsiz, təhlükəsiz və zamanında tədbir məkanlarına çatmasına şərait yaradıb. 

Ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.

Qeyd edək ki, artıq 25 noyabr tarixində paytaxtda sərnişinlərin hərəkət aktivliyi daha da artacaq.

Bəs COP29 yolları nə zaman açılacaq və nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar, 3 zolaqlı yollarda həmin zolağı avtobus yolu etmək olar, amma 2 zolaqlı yollarda qadağa davam etsə, şəhərdə tıxac problemi yaranmayacaq?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.

“Bu məqsədlə Azərbaycan AYNA tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işlərinə başlanılıb. 

Bildiririk ki, yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunacaq. 25 noyabr tarixinədək müvafiq nişanların çıxarılması işləri icra ediləcək. Sürücülərdən diqqətli olmaq və yol nişanları olan zolaqlarda qanunun tələbini pozmamaq xahiş edilir”, - deyə məlumatda bildirilir.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev "Cebheinfo.az"a açıqlamasında bildirib ki, ilk olaraq COP29 zolaqları tədbir olan dövrdə qüvvədə idi və harada nişanlar götürülüb, artıq qüvvəsini itirib: 

"Onların bəziləri avtobus zolağı şəbəkəsi ilə üst-üstə düşənlər saxlanılacaq və ayın 25-nə qədər nişanların götürülməsi icra olunacaq. 

Həftənin 1-ci günü hansılar ki, qalacaq çox güman, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi elan verəcək. Məsələnin ikinci tərəfi olaraq tıxac problemini deyiriksə, böyük şəhərlərdə, meqopolislərdə tıxac gözlənilən haldır.

Bu gün ancaq tıxac probleminə alternativi olaraq avtobus zolağı ilə daha sürətli getmək olar. Avtobusların maneəsiz hərəkətini təmin etmək üçün üstünlük təmin olunmalıdır. Üstünlüyü təmin edən zolaq da işlək olması üçün onun cərimə sanksiyası var və nəzarəti də gücləndirməklə bunu təmin etmək olar. 

Digər məsələ avtobus daşıyıcıların maliyyə dayanıqlığını təmin edən "Brutto" müqavilələrdir ki, (“Brutto” müqavilə odur ki, görülən işə görə ödəniş alınır) onu da təmin etdikdən, yəni hökumət təsdiq etdikdən sonra hər kilometrə görə subsidiya olunacaq, bu da daşıyıcıların da dayanıqlı fəaliyyət göstərməsinə, bu sahəyə kreditin cəlb olunmasına da müsbət təsir edəcək". 

Ekspertin sözlərinə görə, digər alternativlərdən bu günə qədər olmayan, bu il ərzində icra olunan mikromobillik zolaqlarıdır: 

"Yəni velozolaqlardır. Hansı ki, qısa məsafədə skuterlər, velosipedlə hərəkəti təmin edəcək, həmçinin bununla yanaşı piyada infrastrukturudur. 

Sonuncuda vəziyyətimiz bir qədər yaxşı deyil. 

Düşünürəm ki, COP29-dan sonra ona da diqqət ayrılacaq. Çünki COP29 çərçivəsində keçirilmiş dəyirmi masalarda fərqli dünya dövlətləri nazirlərinin çıxışında eyni tendensiyanı müşahidə elədik ki, dünya şəhərlərində bu gün ekoloji cəhətdən təmiz, tullantısı az olan növlərə üstünlük verilən həllər təşviq olunur. 

Yəni bu, elektrikli avtobuslardır, tullantısı az olan digər növlərdir, elektrik nəqliyyatıdır, belə ki, metrodur, şəhərətrafı elektrik qatarıdır, tramvaydır, velosiped yolları, piyada infrastrukturudur. 

İl ərzində Bakıda icra olunan layihələr dünyanın digər şəhərlərində də eynilə tətbiq və təşviq olunur. Bu zolaqların hər hansı tıxac yaratmasına təsiri minimumdur. 

Əsas məsələ odur ki, o tıxaca alternativ olaraq bir həllər olsun və bu həllərdən biri də avtobus zolaqlarıdır".

Chosen
37
cebheinfo.az

1Sources