Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilən silah, texnika və aviasiya vasitələrinin döyüşdə effektiv tətbiqinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov keçirilən xidməti müşavirədə bildirib.
Təhsil sahəsində həyata keçirilmiş tədbirlərin müsbət nəticələrini qeyd edən müdafiə naziri bölmələrin yüksək bilik və bacarıqlara malik, peşəkar heyətlə komplektləşdirilməsi istiqamətində görülən işlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib.
Müşavirədə Azərbaycan Ordusunda hərbi intizam qaydalarına ciddi riayət edildiyi, mövcud intizam göstəricilərinin yüksək olduğu diqqətə çatdırılıb.
Qeyd edilib ki, Azərbaycan Ordusunda şəxsi heyətin gündəlik məişət şəraitinin, hərbi kollektivlərdə qarşılıqlı münasibətlərin, komandir və rəis heyətinin tabelikdə olanlara qarşı diqqət və qayğısının, həmçinin nizamnamə tələblərinə uyğun hərbi nəzakət qaydalarının real vəziyyətini öyrənmək məqsədi ilə mütəmadi yoxlamalar keçirilib və aşkar olunan neqativ hallara qarşı ciddi tədbirlər görülüb.