EN

Yeni Azərbaycan Partiyası yeni hədəflərə doğru inamla irəliləyir

Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, yenicə siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.Bu, o illər idi ki, ölkədə xaos, anarxiya və özbaşnalıqlar hökm sürür, iqtisadi böhran tüğyan edirdi. Xalqın sabaha ümidləri itmişdi. 1992-ci ilin oktyabrın 16-da 91 nəfər Azərbaycan ziyalısı Ümummilli Lider Heydər Əliyevə müraciət etdi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanlar və nüfuzlu şəxsiyyətlərin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev partiyanın VII qurultayında çıxışı zamanı “91-lər”in fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular”.

Hər kəsə bəllidir ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdı, həmin dövrdə özünün nümunəvi fəaliyyəti ilə müxalifətçiliyin sivil qaydaları və formalarını müəyyənləşdirdi, müxalifətçiliyin nə demək olduğunu cəmiyyətə nümayiş etdirdi. Yeni Azərbaycan Partiyası göstərdi ki, müxalifətçilik xalqa, dövlətə qarşı olmaq deyil, sabitlik və tərəqqiyə xidmət edən mütərəqqi ideyalarla çıxış etmək, cəmiyyətin və ölkənin inkişafı üçün milli maraqlara əsaslanaraq fəaliyyət göstərməkdir.
Ümummilli Lider Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyası yaradılanda necə böyük əminliklə “Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır” bəyan etmişdisə, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra “Azərbaycan dünyaya Günəş kimi doğacaq” deyərək əminliyini ifadə etdi. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti Yeni Azərbaycan Partiyasının bugünkü uğurlu fəaliyyətində öz sözünü deyir. Ümummilli Lider 2003-cü ildə növbəti inamın və etimadın ünvanını göstərərkən cənab İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını nəzərdə tutmuşdu.
2003-cü ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin hakim partiyanın namizədi kimi qələbə qazanması YAP-ın nüfuzunu daha da artırdı. 2005-ci ildə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin regionun ən güclü siyasi təşkilatı Yeni Azərbaycan Partiyasına Sədr seçilməsi partiyanın həyatında böyük tarixi hadisə oldu.
Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev 2021-ci il martın 5-də çıxışı zamanı bir çox məsələlərə toxunaraq partiyanın VII qurultayının ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunu bildirmişdir. Cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayından üç il ötdüyünü və bu illər ərzində böyük nailiyyətlər və qələbələr əldə olunduğunu deyib: “Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”.
44 günlük Vətən müharibəsində müzəffər ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi yolunda bir çox qəhrəman vətəndaşlarımız kimi, YAP üzvlərinin də şücaət göstərmələri sübut etdi ki, Azərbaycanın taleyi etibarlı əllərdədir. Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasət bu uğurların qazanılmasına səbəb olub.

Füzuli Abdullayev
YAP Ağsu rayon təşkilatının sədri

Chosen
9
1
sesqazeti.az

2Sources