EN

Azad edilmiş şəhərlərə və kəndlərə yeni həyat qayıdır

30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, həmin ilin 20 noyabr tarixində Ağdam rayonunun işğalda olan hissəsi bir güllə belə atılmadan azad edildi. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi Ağdam Şəhəri Günü kimi qeyd olunur.

Həmin Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edildi. Azərbaycan Ağdamın, eləcə də Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail oldu. Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə Prezident İlham Əliyev 20 noyabr 2020-ci ildə xalqa müraciətində bildirdi ki, rayonun işğaldan azad olunması tarixi hadisədir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda rayon sakinlərinin sayı 204 minə çatır. Rayonun 73 faizi işğal edilmişdi və nəzarətimizdə olan ərazilərdə son illər ərzində böyük quruculuq, abadlıq işləri aparılıb.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Bu tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.
Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində rayon ərazisinin 73 faizinin işğalı ilə bitdi. 27 ildən sonra Ağdam işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun yazdığı Zəfər tarixi dünyaya səs saldı. Qeyd etdiyimiz kimi, bu Zəfər Ağdam rayonunun işğal altında olan ərazisinin, Kəlbəcər və Laçının bir güllə atılmadan belə azad edilməsini şərtləndirdi. Bu gün azad edilmiş bütün torpaqlarımız quruculuq meydanına çevrilib. Torpaqlarımızın mərhələ-mərhələ sakinlərinə qovuşması bərpa-quruculuq işlərinin sürəti barədə aydın təsəvvür yaradır. Tarixi Zəfərimizdən iki il sonra 2022-ci ildə Ağdam şəhəri Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi etdi. Tədbirin məhz bu şəhərdə keçirilməsi özündə mühüm məqamları açıqladı. Cənab İlham Əliyev Forumdakı çıxışında bildirdi ki, Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz. İşğal dövründə bütün tikililər tamamilə dağıdılıb, yerlə-yeksan edilib.
Bu gün bu dağıntıları genişmiqyaslı bərpa-quruculuq işləri əvəzləyir. Ağdam şəhərinin gələn il sakinlərinə qovuşması nəzərdə tutulur. Bütün şəhər və kəndlərimiz Baş plan əsasında bərpa edilir. Soydaşlarımızın bu torpaqlarda yaşayışı üçün bütün imkanlar müasir tələblər səviyyəsində yaradılır.
Qeyd etdiyimiz kimi, 25 noyabr Kəlbəcər Şəhəri Günüdür. Hər bir tarixi gün keçilən yola nəzər salmağa bir çağırışdır. Təbii ki, torpaqlarımızın işğaldan azad edildikləri tarixləri qeyd edərkən onların 30 illik işğal dövründə üzləşdikləri vəhşilikləri unutmuruq. Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Ermənilərin 25 noyabr 2020-ci ildə Kəlbəcəri boşaldan zaman törətdikləri vəhşiliklər də məlumdur.
Prezident, Ali Baş Komandan İlham Əliyev 25 noyabr 2020-ci il tarixdə xalqa müraciətində bu çağırışı etdi ki, biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün Sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq. Təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə Baş plan hazırlanacaq və həyat qayıdacaq.
Bu gün hər bir şəhərə, kəndə və qəsəbəyə həyat qayıdır. Dörd ildə bu torpaqlarda görülən işlərin miqyası ölçüyəgəlməzdir. Bu torpaqların sahibi bizik və burada əbədi olacağıq. Cənab İlham Əliyevin azad edilmiş ərazilərimizə hər bir səfəri Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatıdır. 4 ildə beş şəhərin və dörd kəndin sakinlərinə qovuşması bu proqramın tezliklə tam şəkildə başa çatacağı barədə aydın təsəvvür yaradır.

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Chosen
16
sesqazeti.az

1Sources