EN

Meymunçiçəyinin bizim kimi ölkələrdə yayılma ehtimalı çox deyil -AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "mpox" xəstəliyinin (meymunçiçəyi) yayılması ilə əlaqədar beynəlxalq əhəmiyyətli ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət rejiminin saxlanılması barədə qərar qəbul edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus "mpox" üzrə fövqəladə komitənin ekspertlərinin tövsiyələri əsasında açıqlama verib.
Komitə meymunçiçəyi xəstəliyinin artması səbəbindən 2022-ci ilin avqustundan sonra ikinci dəfə noyabrın 22-də toplanıb. Ekspertlər belə nəticəyə gəliblər ki, xəstəlik beynəlxalq əhəmiyyətli ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət təşkil etməkdə davam edir.
ÜST-nin məlumatına görə, bu qərarın əsasını xəstələrin sayının artması və "mpox"un coğrafi yayılmasının davam etməsi təşkil edir ki, bu da ölkələr və tərəfdaşlar tərəfindən əlaqələndirilmiş cavab tədbirlərinin görülməsini tələb edir.
"Mpox" üzrə fövqəladə komitənin hesabatı gələn həftə dərc ediləcək.
Daha əvvəl ÜST bildirmişdi ki, 1 yanvar 2022-ci ildən 30 sentyabr 2023-cü ilədək dünyada 123 ölkədə 236 ölüm hadisəsi də daxil olmaqla 109 699 təsdiqlənmiş "mpox" hadisəsi qeydə alınıb. Meymunçiçəyi ilə əlaqədar qlobal səhiyyə fövqəladə vəziyyəti əvvəlcə 2022-ci ilin iyulundan 2023-cü il mayın 11-dək qüvvədə olub. Bu rejim xəstəliyin azalması səbəbindən ləğv edilib, lakin bu ilin avqustun 14-də Qebreyesus Afrikada xəstəliyin yeni alovlanması səbəbindən yenidən fövqəladə vəziyyət elan edib.


İnfeksionist-həkim Mərdan Əliyev "Sherg.az"a söyləyib ki, meymunçiçəyi xəstəliyinə Avropada və bəzi ölkələrdə yoluxma davam edir:

“Afrika ölkələrində vəziyyət biraz pisdir. Ancaq ora endemik bölgə olduğu üçün meymunçiçəyi xəstəliyi olur. Avropa və Amerikada müəyyən qədər yayılma olduğuna görə hələ ki, vəziyyət stabildir. Ehtiyatlı olmaq lazımdır. Ancaq bu xəstəlik Azərbaycana hələ gəlməyib. Qonşu ölkələrdə bir iki hadisə olsa da artımlar müşahidə edilmədi. Çünki bu xəstəliyin artması korona virusdakı kimi deyil. Meymunçiçəyi təmas yolu ilə yoluxur. Ona görə də bizim kimi ölkələrdə yayılma ehtimalı çox deyil”.


Professor Adil Qeybulla isə deyib ki,meymunçiçəyi virusu çiçək virusu qrupuna aiddir:

“Bura təbii çiçək və suçiçəyini də nümunə kimi göstərmək olar. Təbii çiçək isə çox təhlükəli bir infeksiyadır. Karantin növlü infeksiya olduğuna görə, milyonlarla insanın həyatına son qoyub. Meymunçiçəyi virusu isə heyvanlardan insanlara transfer etmiş virusdur. Onun da əlamətləri təxminən təbii çiçəkdəki kimidir. Ancaq təbii çiçək qədər öldürücülük qabiliyyəti olmasa da, infeksiyanın yayılması göstərir ki, yeni xüsusiyyət əldə edə bilər. Birdən-birə bəşəriyyət sürprizlərlə üz-üzə qala bilər. Hazırda vaksin hazırlanıb, klinik çalışmalar gedir. Nəzərdə tutulub ki, təbii çiçəyin də vaksini bunun üçün effektli ola bilər. Yəqin ki, bununla bağlı önləyici tədbirlər görülür. Müymunçiçəyinin geniş epidemiyalar və pandemiyalar yaradacağını düşünmürəm. ÜST bu işin öhdəsindən gələcək”.
Chosen
21
sherg.az

1Sources