EN

Universitetlərimizdən yüksək göstərici

Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, COP29 çərçivəsində reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib. Siyahıda Azərbaycandan 7 ali təhsil müəssisəsi yer alıb. Beləliklə, Bakı Dövlət Universiteti (BDU) 941-950, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 1081-1100, Azərbaycan Neft və Sənaye Universiteti (ADNSU) 1351-1400, Bakı Mühəndislik Universiteti ( BMU) 1451-1500-cü, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU), Azərbaycan Texniki Universiteti (AzTu) və Xəzər Universiteti 1500+ yerdə qərarlaşıb.

Qeyd edək ki, ali təhsildə dayanıqlılıq, ali təhsil müəssisələrinin sosial, iqtisadi və ekoloji dayanıqlılığı təşviq etmək məqsədilə həyata keçirdikləri strategiyalar və fəaliyyətlərdir. Bu anlayış BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG-lər) uyğun olaraq, təhsil sahəsində ekoloji məsuliyyət, inklüzivlik, iqtisadi sabitlik və cəmiyyətin rifahına töhfə vermək məqsədi daşıyır.

Ali təhsildə dayanıqlılığın əsas istiqamətləri aşağıdakılardır:

1. Tədris proqramlarının dayanıqlılıq prinsiplərinə uyğunlaşdırılması, ətraf mühit və iqlim dəyişikliyi mövzularının proqramlara daxil edilməsi, innovativ və multidissiplinar təhsil yanaşmalarının tətbiqi.

2. Tədqiqat fəaliyyətləri, ekoloji, sosial və iqtisadi məsələlərin həlli üçün elmi araşdırmaların aparılması, dayanıqlı texnologiyaların və enerji səmərəliliyi metodlarının inkişaf etdirilməsi.

3. Resursların səmərəli idarə olunması, enerji, su və digər təbii resursların azaldılmış istifadəsi, bərpa olunan enerji mənbələrinin tətbiqi, kampusların "yaşıl" infrastruktura keçidi.

4. İctimai məsuliyyət və maarifləndirmə, yerli icmalarla əməkdaşlıq edərək dayanıqlılıq məsələlərinin həllinə töhfə vermək, tələbələri sosial məsuliyyət və liderlik bacarıqları ilə təmin etmək.

5. Qlobal əməkdaşlıq və şəbəkələşmə, digər ali təhsil müəssisələri və təşkilatlarla əməkdaşlıq quraraq ən yaxşı təcrübələri paylaşmaq, beynəlxalq dayanıqlı təhsil təşəbbüslərinə qoşulmaq.

Dayanıqlılıq prinsiplərini mənimsəmiş universitetlər tələbələrə iqlim dəyişikliyi, resursların idarə olunması və sosial ədalət kimi mühüm problemlərlə bağlı bilik və bacarıqlar qazandırır.Tələbələr liderlik və innovasiya bacarıqlarını inkişaf etdirərək, davamlı dünya qurulmasına töhfə verir. Universitetlər ekoloji məsuliyyət daşıyaraq karbon izini azaltmaq və yaşıl texnologiyaların tətbiqini təşviq etməklə ətraf mühitin qorunmasında nümunə rolunu oynayır. Tədqiqatlar vasitəsilə davamlı enerji mənbələrinin inkişafı və ətraf mühitin idarə olunması sahəsində irəliləyişlər təmin edilir. Eyni zamanda, ali təhsil inklüziv mühit yaradır, cəmiyyətin müxtəlif təbəqələrinə bərabər imkanlar təqdim edir. Təhsil vasitəsilə gender bərabərliyi, yoxsulluğun azaldılması və sosial ədalət kimi hədəflərə nail olunur. Universitetlər innovativ texnologiyalar və tədqiqat vasitəsilə iqtisadiyyatın müxtəlif sahələrinə töhfə verir. Dayanıqlılığa əsaslanan təhsil proqramları iş bazarında tələb olunan bacarıqları inkişaf etdirir və məzunların məşğulluq perspektivlərini artırır. Bu prinsiplər əsasında çalışan universitetlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG-lərə) nail olmaq üçün qlobal əməkdaşlıqda iştirak edir. Beynəlxalq şəbəkələr vasitəsilə bilik və təcrübə mübadiləsi edilir. Dayanıqlı yanaşma ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırır və daha çox tələbə və tədqiqatçı cəlb edir. Sosial məsuliyyətli universitetlər həm də cəmiyyətin hörmət və etimadını qazanır. Davamlı kampuslar sağlam və müsbət təhsil mühiti yaradır. Təbiətə inteqrasiya olunmuş məkanlar və balanslı resurs idarəçiliyi tələbələr və əməkdaşlar üçün daha keyfiyyətli həyat şəraiti təmin edir.

Başqa sözlə, ali təhsildə dayanıqlıq yalnız ekoloji problemlərin həllinə deyil, həm də sosial və iqtisadi inkişafın gücləndirilməsinə xidmət edir. Universitetlər, cəmiyyətin ən vacib təhsil və tədqiqat mərkəzləri olaraq, dayanıqlı gələcək qurulmasında mühüm rol oynayır. Bu prinsipləri mənimsəyən təhsil müəssisələri, həm yerli, həm də qlobal miqyasda müsbət dəyişikliklərin aparıcı qüvvəsinə çevrilir. Bu istiqamətdə Azərbaycan ali təhsil müəssisələri də müxtəlif təşəbbüslər həyata keçirərək yerli və qlobal dayanıqlı inkişaf məqsədlərinə uyğun fəaliyyət göstərməyə çalışırlar.

Bəs, görəsən, davamlı universiteti idarə etmək üçün nə lazımdır? Azərbaycan universitetlərinin bu cür nailiyyətləri ali təhsil sahəsində daha böyük hədəflərə çatmaq üçün stimul yarada bilərmi?

Araşdırmalar göstərir ki, davamlı universiteti idarə etmək üçün bir sıra strategiya, mexanizm və resursların birgə və düzgün şəkildə idarə edilməsi tələb olunur. Bu yanaşma yalnız idarəetmə proseslərinin təkmilləşdirilməsini deyil, həm də universitetin bütün fəaliyyətlərinin dayanıqlılıq prinsiplərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Davamlı universiteti idarə etmək üçün dayanıqlılıq üzrə strateji plan hazırlamaq, universitetin vizion və missiyasına uyğun dayanıqlı inkişaf məqsədləri müəyyənləşdirmək vacibdir. Strateji planda ekoloji, iqtisadi və sosial dayanıqlılıq aspektləri əks olunmalıdır. Qısa, orta və uzunmüddətli hədəflər müəyyən edilməli, onların icrası üçün konkret tədbirlər planlaşdırılmalıdır. Universitetdə dayanıqlılığa cavabdeh xüsusi bir idarəetmə orqanı yaradılmalıdır. Bu orqan resursların idarə olunmasına, ekoloji standartların tətbiqinə və dayanıqlılıq hesabatlarının hazırlanmasına nəzarət etməlidir.

Davamlı universiteti idarə etmək üçün strateji yanaşma, güclü idarəetmə strukturu və cəmiyyətin bütün təbəqələrinin (tələbələr, əməkdaşlar, tərəfdaşlar) aktiv iştirakı tələb olunur. Bu yanaşma yalnız ali təhsil müəssisəsinin daxili inkişafına deyil, həm də cəmiyyət və ətraf mühitin rifahına töhfə verir.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycanın bu cür nailiyyətləri ali təhsil sahəsində daha böyük hədəflərə çatmaq üçün stimul yarada bilər: “Ölkə universitetlərinin dayanıqlılıq prinsipləri çərçivəsində dünya reytinqlərində yer alması Azərbaycanın gələcəkdə daha güclü təhsil mərkəzinə çevrilməsinə xidmət edəcək. Bu nəticələr Azərbaycan universitetlərinin beynəlxalq səviyyədə tanındığını, dayanıqlılıq prinsiplərinə uyğun fəaliyyət göstərdiyini və qlobal standartlara yaxınlaşmaq üçün mühüm addımlar atdığını göstərir. Reytinqə daxil olan universitetlərin hər biri təhsildə müasir yanaşmaların tətbiqi, elmi tədqiqatların inkişafı və sosial məsuliyyət prinsiplərinə uyğun fəaliyyət göstərməklə böyük bir uğura imza atıb. Məsələn, Bakı Dövlət Universitetinin 941-950-ci pillələrdə yer alması Azərbaycanın təhsil tarixində ənənəyə malik olan bu ali təhsil müəssisəsinin yüksək səviyyəsini bir daha sübut edir. BDU-nun elmi tədqiqatları, beynəlxalq əməkdaşlıqları və tədris keyfiyyəti onun bu cür reytinqlərdə irəlidə yer almasına imkan yaradır. Universitetin qlobal dayanıqlılıq təşəbbüslərində iştirakı və bu sahədəki fəaliyyətləri Azərbaycanın təhsil sisteminin inkişafında lider mövqeyini gücləndirir. Azərbaycan Dövlət İqtisad Universitetinin 1081-1100-cü pillələrdə yer alması iqtisadiyyat və idarəetmə sahəsində lider universitetlərdən biri olaraq dayanıqlı inkişaf məqsədlərinə töhfəsini göstərir. UNEC-in beynəlxalq proqramlara inteqrasiyası, innovativ iqtisadi modellərin tədrisi və tələbələrin dünya iqtisadiyyatı ilə bağlı biliklərinin artırılmasına yönəlmiş təşəbbüsləri onun bu mövqedə yer almasını təmin edib. Bu, UNEC-in müasir tədris yanaşmalarını və beynəlxalq əməkdaşlıq potensialını təsdiqləyir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1351-1400-cü pillələrdə qərarlaşması mühəndislik və texnologiya sahəsində ölkənin aparıcı ali təhsil müəssisələrindən birinin dayanıqlılıq prinsiplərinə uyğun fəaliyyət göstərdiyini nümayiş etdirir. ADNSU-nun enerji sektorunda müasir texnologiyaların tətbiqi, ekoloji problemlərin həllinə yönəlik tədqiqatlar aparması və bu sahədə beynəlxalq əməkdaşlıqları onun təhsil sahəsində önəmli rol oynadığını sübut edir. Bakı Mühəndislik Universitetinin 1451-1500-cü pillələrdə yer alması Azərbaycanın ali təhsil sistemində texniki elmlərin inkişafına olan xüsusi diqqəti əks etdirir. BMU tələbələrin texnoloji yeniliklərə inteqrasiyasını təmin edən müasir laboratoriyalar, STEM proqramları və layihələrlə yanaşı, innovativ tədris metodlarını tətbiq edir. Bu da universitetin beynəlxalq səviyyədə tanınmasına və dayanıqlılıq göstəricilərində irəliləməsinə şərait yaradır. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin 1501+ kateqoriyasında yer alması memarlıq və inşaat sahəsində Azərbaycanın öncül ali təhsil müəssisələrindən biri olaraq fəaliyyətini təsdiqləyir. ADMİU-nun şəhərsalma, yaşıl infrastruktur və dayanıqlı memarlıq sahələrində gördüyü işlər yalnız yerli deyil, beynəlxalq səviyyədə də əhəmiyyətli təsir yaradır. Azərbaycan Texniki Universitetinin 1501+ pilləsində yer alması texniki təhsil sahəsində Azərbaycanın potensialını bir daha göstərir. AzTU tələbələrin elmi-tədqiqat fəaliyyətlərində iştirakını artıran, müasir texnologiyalarla işləmə bacarıqlarını gücləndirən bir ali təhsil ocağıdır. Universitetin dayanıqlı enerji, avtomatika və digər texniki sahələrdə innovativ yanaşmaları bu uğurun əsasını təşkil edir. Xəzər Universitetinin 1501+ pilləsində olması Azərbaycanın özəl ali təhsil müəssisələrinin də qlobal miqyasda rəqabət aparmaq gücündə olduğunu sübut edir”.

 

Chosen
41
hafta.az

1Sources