EN

Rusiyanın Ukraynanın ilhaq edilmiş bölgələrindən istixana qazı emissiyaları ilə bağlı bəyanatı COP29-da etirazlara səbəb olub

Reuters: BAKI, Azərbaycan (“Reuters”) - Rusiya Birləşmiş Millətlər Təşkilatına istixana qazları emissiyaları ilə bağlı son hesabatına Ukraynanın işğal etdiyi bir hissəsini daxil edib və bu COP29 iqlim sammitində Ukrayna rəsmiləri və fəallarının etirazlarına səbəb olub.

Moskvanın bu addımı Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın yeni prezidenti Donald Trampla geniş ərazilərin taleyini həll edə biləcək sülh danışıqlarını nəzərdən keçirdiyi vaxta təsadüf edir.

“Biz görürük ki, Rusiya öz hərəkətlərini leqallaşdırmaq, ərazimizin işğalını leqallaşdırmaq üçün beynəlxalq platformalardan istifadə edir”, - deyə Ukraynanın ətraf mühitin mühafizəsi nazirinin müavini Olqa Yuximçuk “Reuters”ə bildirib.

O, Ukraynanın BMT-nin əsas iqlim qurumu olan İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) rəsmiləri ilə əlaqə saxladığını və mübahisənin həllini tələb etdiyini deyib.

Rusiya Xarici İşlər Nazirliyi və UNFCCC-ni təmsil edən rəsmilər cümə axşamı göndərilən şərh sorğularına cavab verməyiblər.

Söhbət 2022-ci il üçün İstixana Qazları Emissiyalarının İnventarlaşdırılmasına dair Rusiyanın Milli Hesabatından gedir, onu noyabrın 8-də Moskva UNFCCC-yə təqdim edib. “Reuters”in gördüyü sənəddə Rusiya “2022-ci ilin sentyabrında ilhaq edilmiş Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası, Zaporojye və Xerson vilayətləri üçün torpaqdan istifadə ilə bağlı ilkin məlumatların olmaması səbəbindən 89 ərazisindən yalnız 85-i üzrə məlumat verə bildiyini bildirib"

Rusiya artıq 2014-cü ildə ilhaq edilmiş Ukraynanın Krım bölgəsinin tullantılarını UNFCCC-yə təqdim etdiyi son hesabatlarına daxil edib. Rusiya həmçinin 2020-ci ildə BMT-nin Qlobal Biomüxtəliflik Proqramı üçün hazırladığı hesabata Krım torpaqlarının inkişaf etdirilməsi planlarını daxil edib.

Ukraynanın ətraf mühit naziri Svetlana Qrinçuk bu həftənin əvvəlində COP29 sammitində nümayəndələr qarşısında çıxışı zamanı məsələni qaldıraraq, Rusiyanın Ukrayna ərazisi ilə bağlı hesabatlarının iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin bütövlüyünü pozduğunu deyib.

Yuximçuk “Reuters” agentliyinə bildirib ki, narahatlıq Portuqaliya və Azərbaycanın ölçülərindən daha böyük olan ərazilərdən emissiyaların iki dəfə hesablanması riskinə əsaslanır.

“Bu, Paris Sazişinə uyğun olaraq lazımi cavabdehliyimiz olmayınca hədəflərimizin heç birinə nail olmamağımıza gətirib çıxaracaq”, - deyə o bildirib.

Beynəlxalq Ətraf Mühit Hüququ Mərkəzinin İqlim və Enerji Proqramının direktoru Nikki Rayş bildirib ki, mübahisə geosiyasi qarışıqlığın dünyanın diqqətini qlobal istiləşmə ilə mübarizədən necə yayındırdığını əks etdirir.

"Düşünürəm ki, bu, zamanın əlamətidir", -  deyə Rayş COP29 sammitinin kuluarlarında bildirib.

“Biz tüğyan edən münaqişə mühitində yaşayırıq və bu, şübhəsiz ki, bu danışıqlara təsir edir”.

Oslo Universitetinin hüquq professoru Kristina Foyqt Rusiyanın Ukraynada havaya atılan tullantılarla bağlı hesabatlarının Ukraynanın suverenliyini pozduğunu və qeyri-qanuni ola biləcəyini bildirib.

"Emissiyalar haqda bəyanat qeyri-qanuni olmaya bilər, lakin emissiyaların sanki öz ərazisindən olduğunu iddia etmək, əslində başqa ölkədən gəldiklərini iddia etmək bu ərazinin beynəlxalq hüquqi statusunu pozur”, - deyə Foyqt bildirib.

Onun sözlərinə görə, Moskva bu torpaqlarda emissiyaların azaldılmasını iddia edib, karbon bazarlarına kompensasiya kreditləri təklif etsə, Rusiyanın ilhaq edilmiş ərazilərdən emissiyalarla bağlı iddiaları daha da problemli ola bilər.

"Bu, həqiqətən, başqa bir dövlətə məxsus olan bir nemətin mənimsənilməsi olardı", -  deyə o bildirib.

Chosen
22
turan.az

1Sources