EN

“...Azərbaycan dili dövlət dili olsa da hər yerdə işlənmir, rus dili işlənir...”- Tarix 

“Ona görə rus dilini bilməyən azərbaycanlı gənclərin bir çox işlərdə işləməsi mümkün deyil..."
 
“Maraqlıdır ki, əgər Hacı Zeynalov İsmixan Rəhimovla üzləşmədən və İsmixan müəllimin hər şeyi onun gözü qarşısında etiraf etməsindən sonra danışmağa başlamışdısa, Gülhüseyn müəllimdə bu proses fərqli şəkildə baş vermişdir.  Ehtimal edə bilərik ki, dördüncü istintaqdan sonra ona 1930-cu illər repressiyasında tətbiq edilən məlum metoddan istifadə edilməklə necə danışmağı başa salıblar…”
 
“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və  BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 
“BDU-nun aspirant və tələbələri sovet işğal rejiminə qarşı mübarizədə. “İldırım” təşkilatı: yaradılması, fəaliyyəti və sonu...              
 
(Əvvəli burada:)
Filologiya.Tələbə: Gülhüseyn Abdullayev 
 
“21 oktyabr 1948-ci ildə 1923-cü il doğumlu, ADU-nun aspirantı, bitərəf, azadlıqda olan, ancaq istintaqdan yayınma ehtimalı olan, Azərb. SSR cm-nin 72, 73-cü maddələri ilə günahkar bilinən Abdullayev Gülhüseyn Hüseyn oğlunun həbs olunması barədə Dövlət Təhlükəsizlik Nazirliyinin V şöbəsini IV bölməsinin rəisi” qərar qəbul etmişdir. 
 
Şöbə rəisi Lavruxinin razıyam dərkənarını elə həmin gün Dövlət Təhlükəsizlik Naziri Yemelyanov təsdiq edib.
 
Ertəsi gün, 22 oktyabr 1948-ci ildə Respublika Prokuroru bu həbsə icazə verir. 
 
DTN-nin V şöbəsinin IV bölməsinin mayor rütbəli əməkdaşı nazirliyə daxil olmuş cinayət fəaliyyəti ilə bağlı materiallara baxıb yazır: “...1923-cü il Lənkəran şəhərində anadan olmuş, azərbaycanlı, SSRİ vətəndaşı, bitərəf, ali təhsili, S.M.Kirov adına  Azərbaycan Dövlət Universitetinin aspirantı, Bakı şəhəri, Böyük Qala küçəsi 34-də yaşayan Gülhüseyn Abdullayevin antisovet fəaliyyətini araşdırdım.
 
DTN tərəfindən həbs olunmuş Rəhimov İsmixan Məmməd oğlu 28 sentyabr 1948-ci il və Zeynalov Hacı Həbib oğlunun 15 sentyabr 1948-ci il tarixli ifadələrində göstərirlər ki, 1944-cü ildə Bakı şəhərindəki ali məktəb tələbələri içərisində qarşısına azad, müstəqil, milli Azərbaycan Respublikası yaratmağı qoyan antisovet millətçi gənclər təşkilatı mövcud olub. Rəhimov və Zeynalovun ifadələrindən həmçinin məlum olur ki, Abdullayev Gülhüseyn Hüseyn oğlu bu antisovet millətçi gənclər təşkilatının yaradıcısı və rəhbəridir. G.Abdullayev müxtəlif vaxtlarda İ.Rəhimov və H.Zeynalovu göstərilən təşkilata cəlb edib.
 
G.Abdullayev praktiki antisovet iş aparıb. Yuxarıda deyilənləri nəzərə alaraq 
 
Qərara alıram:
...Abdullayev Gülhüseyn Hüseyn oğlu həbs edilsin və evində axtarış aparılsın”.
 
23 oktyabr 1948-ci ildə Gülhüseyn müəllimin həbsi haqqındakı orderdə onunla tanış olduğu barədə imzası var .
Ənənəvi olaraq istintaq materialının əvvəlində təqsirləndirilənin anket məlumatı yazılıb .
 
Maraqlıdır ki, həbs haqqında qərarda onun bitərəf olduğu qeyd edilsə də, 23 oktyabr 1948-ci ildə həbsdə ikən doldurduğu anket məlumatında o, Kommunist Partiyasının üzvü olduğunu bildirib.
 
Anketdə onun əlavə iş yerinin “Ədəbiyyat” qəzeti, sosial mənşəyinin   kəndli, əvvəllər həbs olunmadığı, atasının 1945-ci ildə vəfat etdiyi, anasının Abdullayeva Səba İbrahim qızı, həyat yoldaşının 1923-cü il doğumlu Abdullayeva Məsudə, qızı  1947-ci ildə anadan olmuş Abdullayeva Gülçin olduğu bildirilmişdi.
Onun bacı və qardaşları haqqında verdiyi məlumat belədir: “Abdullayev Əlihüseyn 58 yaş, Qüdrət-45 yaş, İzzət-1907-ci il, bacısı Gövhər-1927-ci il ”.
 
Həbs haqqında qərara əsasən 23 oktyabr 1948-ci ildə G.Abdullayevin evində axtarış aparılıb, bu barədə protokol tərtib edilib .
 
DTN-nin V şöbəsinin I bölməsinin rəisi müavini, kapitan Çarçaniya və V şöbənin I bölməsinin rəisi, mayor Ruxamkinin təsdiq etdiyi protokolda evdə qiymətli əşyanın olmadığı, müxtəlif sənədlərin, pasport, komsomol, həmkarlar təşkilatının üzvü olması haqqında biletlər, hərbi bilet, əmək kitabçası, xeyli sayda kitablar, yazı dəftərləri tapıldığı göstərilmişdi. 
 
Orada evdə ailə üzvlərinin – həyat yoldaşı və qızının yaşaması səbəbindən qapının bağlanmaması, möhürlənməməsi də qeyd edilmişdir.
 
28 oktyabr 1948-ci ildə G.Abdullayevin ilk istintaqı başlayıb. İstintaqın başlanma saatı haqqında heç nə yazılmayıb. Bu da sonrakı istintaqların keçirilmə vaxtını dəqiqləşdirmədə müəyyən çətinlik yaradır. 
Bir qayda olaraq ilk istintaqda təqsirləndirilənlərin anket məlumatı soruşulur və əksərən tərcümeyi-halı haqqında danışması tələb olunur. Bu dəfə də belə olub.
 
“Mən Abdullayev  Gülhüseyn Hüseyn oğlu Masallı rayonunu Mollaoba kəndində tacir-kəndli ailəsində doğulmuşam. 1926-1927-ci ildə ailəmizlə birlikdə Bakıya gəlmişik. 1932-1933-cü tədris ilində Bakı şəhəri, Oktyabr rayonu, 18 №-li orta məktəbin I sinfinə getmişəm.. Orada 3-cü sinfə qədər oxumuşam. Ondan sonra VII sinfə qədər 176 №-li məktəbdə oxumuşam. VII sinfi qurtardıqdan sonra Voroşilov rayonundakı 132 №-li məktəbdə oxudum və 1942-ci ildə orta məktəbi bitirdim. 1942-ci ildə  ADU-ya daxil oldum və 1946-cı ildə oranı filologiya ixtisası üzrə bitirdim. İnstitutu bitirdikdən sonra ADU-nun aspiranturasına daxil oldum və hazırda da orada oxuyuram. 1947-ci ilin oktyabrından 15 mart 1948-ci ilə qədər Gənc Tamaşaçılar Teatrında baş müəllim kimi işləmişəm. 1939-cu ildən komsomolun üzvüyəm. XDİK tərəfindən həbs olunanımız və xaricdə yaşayanımız yoxdur”.
 
Müstəntiq ona antisovet fəaliyyətə görə həbs olunduğunu bildirib bu işin mahiyyəti haqqında danışmağı söyləyib. Lakin Gülhüseyn müəllim bu ittihamı qətiyyətlə rədd edir.
 
Bundan sonra istintaqda nədənsə protokola qeyd edilməsə də, qısa fasilə elan olunub. 
 
Istintaq materialı göstərir ki, elə həmin gün, yəni 23 oktyabr 1948-ci ildə saat 9:15-də istintaq davam etmişdir . 
Onda sual yaranır ki, bəs ilk istintaq saat neçədə başlamışdı?..
 
Müstəntiq  Gülhüseyn müəllimdən iş və yoldaşlıq əlaqəsi olan adamlar haqqında məlumat verməyi tələb edib. O, bu zaman geniş oxucu dairəsinə məlum olmayan bir neçə adamın, tələbə yoldaşlarının adını çəkir. Bu adamlar sonrakı on illərdə Azərbaycan ədəbiyyatı, tənqidi və ictimai-siyasi həyatında dərin iz qoymuş şəxslərdir.  
 
“1. Zeynalov Hacı Həbib oğlu. Onunla 132 №-li orta məktəbdə VIII sinifdə birgə oxumuşuq. ADU-nun şərqşünaslıq fakültəsinin tələbəsidir. Əvvəldən tanış olduğuma görə bir-birimizin evinə gedib-gəlmişik. Ancaq 1942-ci ildən münasibətlərimiz  normal olmayıb, qısqanclığa görə pozulub.
 
2. Məmmədzadə Dadaş. Atasının adını xatırlamıram, təxminən 27 yaş, Dağlıq Qarabağdandır. Bakı ünvanını bilmirəm. Təxminən 1944-cü ildən tanıyıram. ADU-nun filologiya fakültəsinin tələbəsi, sonra isə aspirantı olub. Münasibətlərim normaldır. 
 
3. Vahabzadə Bəxtiyar Mahmud oğlu. Təxminən 25 yaş, Nuxa şəhərində anadan olub. M.Fətəli küçəsi, ev 79-da yaşayır.  Onunla filologiya fakültəsində bir yerdə oxumuşuq. Normal dostluq münasibətlərimiz var. 
 
4. Qasım Qasımzadə. Atasının adını bilmirəm. Qubadlı rayonundandır. Onu 1943-44-cü ildən tanıyıram. ADU-nun filologiya fakültəsində oxuyandan tanıyıram. Hazırda təhsilini davam etdirir.” 
 
Lakin bu cavablar müstəntiqi qane etmədiyindən o, qalanları haqqında da danışmağı tələb edib. 
 
“Cavab: Dostlarımdan xatırladığım Kamal Şaiq oğlu, təxminən 25 yaş, Borçalıdandır. Onu 1943-1944-cü illərdən, ADU-nun filologiya fakültəsində oxuyandan tanıyıram. Bir neçə dəfə onların Yuxarı Dağlıq küçəsi, mənzil 19-da olan evlərində olmuşam.
 
Məmmədov Kamran Dadaş oğlu, təxminən 1922-ci il təvəllüdlü, Şuşa şəhərində doğulub. Onu 1943-cü ildən ADU-nun filologiya fakültəsində oxuyandan tanıyıram. Tez-tez görüşürdük, bizim evdə olub. İndi EA-da aspirantdır. Bunlardan başqa yaxın dostlarım yoxdur”.
 
Göründüyü kimi, Gülhüseyn müəllim H.Zeynalovdan başqa təşkilatın digər üzvlərindən heç kimi adını çəkməyib. Ehtimal etmək olar ki, o, bununla istintaqın diqqətini digər yoldaşlarından yayındırmağa çalışıb. Lakin bu o qədər də asan deyildi. Elə buna gör də, müstəntiq ondan yaxın dostlarının hamısının adını çəkmədiyini deyib tələb edir ki, həqiqəti desin, digərlərinin, yəni istintaqa lazım olanların adını çəksin.
 
Gülhüseyn müəllim yaxın dostlarının hamısının adını çəkdiyini, qalanların olmadığını deyəndə müstəntiq ona yenidən müqaviməti dayandırmağı, həqiqəti söyləməyi tələb edir. Lakin o, yenə başqa yaxın dostlarının  olmadığını söyləyib . 
 
Bundan sonra istintaqda müəyyən fasilə yaranır. Maraqlıdır ki, bu istintaqın da  saat neçədə qurtardığı barədə heç nə yazılmayıb. Görünür ki, istintaq əslində müxtəlif  fasilələrlə bütün gün ərzində aparılıb.
Materiallardan aydın olur ki, elə həmin gün saat neçədə başladığı yazılmayan üçüncü dəfə istintaq davam edib.
 
İstintaqın başlanğıcında ondan Universitetin tələbələrindən tanıdıqlarının hamısı haqqında məlumat vermək tələb edilib. O əvvəlcə heç birinin atasının adını xatırlamadığı beş nəfərin adını çəkir:
 
”Zeynalov Hidayət, atasının adını xatırlamıram. Qazaxlı, təxminən 23 yaşlı, şərqşünaslıq fakültəsinin tələbəsi. Onu 1939-cu ildən, 132 saylı məktəbdə oxuyandan tanıyıram; 
 
Novruz Gəncəli, atasının adını xatırlamıram, təxminən 25 yaşlı, ADU-nun filologiya fakültəsinin əməkdaşı. Onu 1946-cı ildən Yazıçılar İttifaqından tanıyıram;        
 
Ağamalıyev Əlisultan. Ata adını xatırlamıram, təxminən 23 yaş, Quba və ya Qusardandır. Onu 1945-ci ildən şərqşünaslıq fakültəsində oxuyandan tanıyıram.     
 
Ələsgərov Azər, atasının adını xatırlamıram, təxminən 24 yaş, səhv etmirəmsə Bakı şəhərindəndir. 1944-cü ildən şərqşünaslıq fakültəsində oxuyandan tanıyıram;    
 
Rəhimov İsmixan, atasının adını xatırlamıram, səhv etmirəmsə 1925-vi ildəndir. Bakıdandır. Onu 1942-ci ildən, ADU-nun filologiya fakültəsinin I kursunda oxuyandan tanıyıram. Birinci kursu bitirəndən sonra ADU-dan getdi. Bunlardan başqa heç kimi xatırlamıram”.
 
Bu cavab müstəntiqi qane etmədiyindən ondan başqa kimlərlə əlaqəsinin olduğu soruşulub. O, ata adını unutduğu 25 yaşlı, Gəncədən olan, harada yaşadığını bilmədiyi Nağıyev Rəhimin adını çəkib. Onu 1946-cı ildən ADU-nun tələbəsi və aspirantı kimi tanıdığını deyir.
 
Bundan başqa Gülhüseyn müəllim ata adını və harada yaşadığını bilmədiyi, ADU-nun filologiya fakültəsinin tələbəsi kimi tanıdığı Vahid Şıxlının da adını dilə gətirir. 
 
Bununla həmin gündəki istintaq başa çatıb.
 
Onun növbəti dindirilməsi saat neçədə başlaması haqqında heç nə yazılmayan 25 oktyabr 1948-ci ildə həyata keçirilib.
 
Müstəntiq ona antisovet millətçi fəaliyyətə görə həbs edildiyini bildirib bu işin mahiyyəti barədə danışmağı deyir. Lakin Gülhüseyn müəllim belə bir fəaliyyətlə məşğul olmadığından onun mahiyyəti haqqında da heç nə söyləyə bilməyəcəyini bildirib.  Müstəntiq bir neçə dəfə sualı təkrar edib ona psixoloji təzyiq edir, doğru danışmadığını, müqaviməti dayandırmağı söyləyib. 
    
“İstintaqda belə bir məlumat var ki, Sovet hakimiyyətinə qarşı düşmən əhval-ruhiyyəsində olaraq antisovet fəaliyyətlə məşğul olmuşunuz, bu işin mahiyyəti haqqında həqiqəti danışın.”       
Təqsirləndirilən bunların hamısını rədd edib. Heç nəyi etiraf etmir. 
 
Növbəti, beşinci istintaq 26 noyabr 1948-ci ildə olub.
 
Bu dəfə də ondan  müqaviməti dayandırmaq və doğru ifadə vermək tələb edilir. Lakin qaneedici cavab alınmır. Eyni sual dörd dəfə soruşulsa da,  hər dəfə belə fəaliyyət inkar edilib.
 
Müstəntiq beşinci dəfə eyni sualı təkrar etdikdən sonra nədənsə qəflətən Gülhüseyn müəllim hər şeyi etiraf etməyə başlayıb. 
      
Maraqlıdır ki, əgər Hacı Zeynalov İsmixan Rəhimovla üzləşmədən və İsmixan müəllimin hər şeyi onun gözü qarşısında etiraf etməsindən sonra danışmağa başlamışdısa, Gülhüseyn müəllimdə bu proses fərqli şəkildə baş vermişdir.  Ehtimal edə bilərik ki, dördüncü istintaqdan sonra ona 1930-cu illər repressiyasında tətbiq edilən məlum metoddan istifadə edilməklə necə danışmağı başa salıblar. Bundan başqa əgər əvvəlki istintaqlar əlyazma ilə aparılmışdısa, ancaq bu istintaq yazı makinasında qeyd edilmişdir . 
 
“İstintaqdan xahiş edirəm məni bağışlasın ki, antisovet millətçi fəaliyyətim barədə suala düzgün cavab verməyib müqavimət göstərmişəm. Mən indi bütün həqiqəti dərk etdim və qərara gəldim ki, doğru ifadə vermək yolunu seçim. Hər şeyi doğru danışmaq qərarına gəldim”.
 
Bu etirafdan sonra müstəntiq ondan “...təşkilata ilk dəfə kimin təsirindən antisovet millətçi ruhda hazırlandığı haqqında ətraflı” danışmağı tələb edib. 
      
“Cavab: 1942-ci ildə mən ADU-nun filologiya fakültəsinə daxil oldum. Həmin il İsmixan Rəhimov da oraya qəbul olunmuşdu. Burada onunla tanış olduq. İlk görüşümüzdə təhsilindən, müvəffəqiyyətindən danışdı. 1943-cü ildən sonra İsmixan Rəhimov mənimlə görüşlərində Azərbaycan dilinin vəziyyətindən narazılıq etməyə başladı. Bildirdi ki, Azərbaycan dili dövlət dili olsa da hər yerdə işlənmir, rus dili işlənir. Ona görə rus dilini bilməyən azərbaycanlı gənclərin bir çox işlərdə işləməsi mümkün deyil. İ.Rəhimovla görüşlərimizdə bu məzmunda söhbətlər olurdu. Beləliklə biz antisovet fikirləri bölüşürdük və sonra məlum oldu ki, biz həmfikirik. Bir dəfə mən 1944-cü ilin yazında 26 Bakı Komissarları adına(indiki Sahil) parkda İ.Rəhimovla görüşdüm. Təkbətək şəxsi söhbətdə antisovet millətçi görüşləri bölüşərkən İ.Rəhimov mənə Bakı şəhərində tələbələr içərisində antisovet millətçi gənclər təşkilatı yaratmağı təklif etdi. Bu təklifə razılıq verdim. Beləliklə, mən qəti olaraq antisovet fəaliyyət yolunu seçdim.”
 
Müstəntiq ondan hansı tələbələri antisovet qrupa daxil etməyi nəzərdə tuturdunuz sualına o belə cavab verib: “...Əliyev Kamalı. Bu haqda İ.Rəhimova deyəndə o, bu qrupa Musa Abdullayevi də daxil etməyi lazım bildi və bizi tanış edəcəyini söylədi. Bundan sonra mən tezliklə Əliyev Kamalla görüşdüm… 
 
(…)
 
Gülhüseyn müəllim müstəntiqin növbəti iclası nə vaxt, harada, kimin evində keçirdikləri haqqındakı sualına cavabında bildirib ki, qərarlaşdırdıqları kimi 1944-cü ildə, ayını unutduğu bir bazar günü təxminən saat 10-12 arasında A.Vahidovun qohumunun Aşağı Dağlıq küçəsindəki evində toplaşdılar. O, iclasda özündən başqa İ.Rəhimovun, A.Vahidovun, K.Əliyevin və M. Abdullayevin iştirak etdiyini bildirir. 
 
Təqsirləndiriləndən soruşulan suallardan biri də antisovet millətçi yığıncaqlarda hansı məsələlərin müzakirə edilməsi olub. 
  
“Cavab: Bu yığıncaqda İ.Rəhimov M.Abdullayevi orada olanlarla tanış etdi. Onu müsbət xarakterizə edib möhkəm, dəyanətli bir yoldaş olduğunu söylədi. Hamı onun qrupa daxil edilməsinə razılıq verdi. İkinci məsələ qrupa yeni üzvləri cəlb edilməsi ilə bağlı idi. Bu, qrupa daxil olan bütün üzvlərə verilən tapşırıq idi. Qeyd edildi ki, tələbələr yaxşı öyrənilsin və qrupa daxil edilməsi üçün hazırlansın. Sonra təşkilata kimin rəhbərlik etməsi məsələsi müzakirə edildi. Hamımız razılığa gəldik ki, hələlik təşkilata rəhbər lazım deyil. Qərara alındı ki, hər iclasa sədrlik edən adam seçək və həmin gün o rəhbər olsun”.
 
İlk iclasa kimin sədrlik etməsi, orada hansı məsələlərin müzakirə edilməsi da soruşulan suallardan idi. O, ilk iclasa K.Əliyevin sədrlik etdiyini, çıxışında Zeynalov Hacı Həbib oğlunun qrupa daxil edilməsini məsləhət bildiyini, İ.Rəhimovun bu təklifi müdafiə etdiyini bildirib…
(…) 
  
…Beləliklə, qrupumuz aşağıdakılardan ibarət oldu: Mən, İ.Rəhimov, Kamil Əliyev, Aydın Vahidov, Musa Abdullayev və Hacı Zeynalov. H.Zeynalov çıxış edib bildirdi ki, onun ciddi tanışları var və onları qrupa daxil etmək olar. O, Azər Ələsgərovun adını çəkdi, dedi ki, əgər iştirakçılar razılıq versələr onu da qrupa cəlb edək. Hamı bir nəfər kimi A.Ələsgərovun qrupa daxil edilməsinə razılıq verdi. Ancaq ona tapşırıldı ki, bir daha A.Ələsgərovu hərtərəfli yoxlasın.
 
H.Zeynalov dərhal növbəti iclası onun yaxın qohumunun  evində keçirməyi təklif edib söylədi ki, A.Ələsgərovu da oraya gətirəcək”. 
Gülhüseyn müəllim qrupun üçüncü iclasının ikincidən təxminən  on gün sonra olduğunu, burada özündən başqa İ.Rəhimovun, K.Əliyevin, A.Vahidovun, M.Abdullayevin, H.Zeynalovun və A.Ələsgərovun iştirak etdiyini bildirir.  Əvvəlki iclasda H.Zeynalovun söylədiyi kimi Azər Ələsgərovu iclasda iştirak edənlərlə tanış edib. A.Ələsgərov isə çıxış edib intizamlı olacağına, qrup üzvü olaraq verilən bütün tapşırıqları yerinə yetirəcəyinə söz verir.
Iclasa kimin sədr seçilməsi sualına Gülhüseyn müəllim İ.Rəhimovun adını çəkir.
 
Maraqlıdır ki, əvvəlki iclaslarda qrupun məqsədləri haqqında söhbət aparılmadığı halda, İsmixan müəllim sədr seçilən kimi bu barədə məlumat verib.
 
”....bizim antisovet millətçi təşkilatın məqsədi azad, müstəqil, mili Azərbaycan Respublikası yaratmaq uğrunda mübarizədən ibarətdir. Bu məsələ üzrə hamı çıxış etdi”. 
 
Saat 23:00-da qurtaran bu istintaqın əvvəlkilərdən fərli olaraq onun əlyazmasının olmasıdır. 
 
Səhəri gün saat neçədə başlandığı yazılmayan altıncı istintaq olub.
 
(Davamı var)
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Chosen
21
moderator.az

1Sources