''Hizbullah'' hərəkatı ötən gün İsrailə məxsus 3 hərbi bazanı, Safed şəhərini və İsrailin şimalındakı iki yaşayış məntəqəsini raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəf aldığını açıqlayıb. Bu barədə ''Hizbullah'' hərəkatı tərəfindən yayımlanan bəyanatda bildirilib.
Bəyanatda Akka şəhərinin şimalında yerləşən Şerağa Hərbi Bazası və Qolani briqadasının komanda mərkəzinin də hədəf alındığı qeyd edilib. İşğal altındakı Qolan təpələrində İsrail ordusuna aid iki məntəqənin vurulduğu, İsrailin şimalındakı Safed şəhəri və iki yaşayış məntəqəsinin çox sayda raketlə atəşə tutulduğu bildirilib.
Həmçinin, İsrailin şimalındakı müxtəlif bölgələrdə 6, Livanın cənubunda isə 17 İsrail əsgərinə hücum edildiyi vurğulanıb. Livanın cənubundakı Sur bölgəsindəki Cebin qəsəbəsində isə ''Hizbullah'' üzvləri ilə İsrail əsgərləri arasında qarşıdurma yaşandığı qeyd olunub. Livanın cənubundakı Xiyam və Şema qəsəbələrində İsrail ordusuna məxsus iki "Merkava" tipli tankın vurulduğu, nəticədə İsrail əsgərləri arasında ölən və yaralananların olduğu bildirilir.