EN

Bakıda dörd dostun düşdüyü qəza ilə bağlı məhkəmə başlayır

Bakının Binəqədi rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə Piruz İsa oğlu Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunub. Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Anar Sadıqovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 4-nə təyin olunub. 

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Binəqədi rayonu Goradil qəsəbəsində baş verib. 2024-cü il mayın 15-də, gecə saat 1 radələrində 1999-cu il təvəllüdlü Məmmədov Piruz İsa oğlunun idarə etdiyi “Mercedes Benz C 320” markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb.

Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-ci il təvəllüdlü Həsənov Tofiq Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Sürücü Piruz Məmmədov və digər sərnişinlər - 1998-ci il təvəllüdlü Piriyev Orxan Fariz oğlu və 1996-cı ildə anadan olmuş Aslanov Allahverdi Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilib ki, qəzaya düşən 4 gənc dost olublar.

İstintaq araşdırması zamanı baş verən hadisənin günahkarı Piruz Məmmədov olub. Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. 

Bu maddə ilə təqsirli bilinən şəxsin əməli məhkəmədə sübuta yetirilsə, o zaman həmin şəxsi beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. 

Fariz Məlikli
Demokrat.az
Chosen
14
demokrat.az

1Sources