EN

Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin funksiyalarının aidiyyəti üzrə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görsün;

1.2. bu Fərmanın 1.1-ci bəndi və 2-ci hissəsi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. bu Fərmanın 1.1-ci bəndinə və 2-ci hissəsinə uyğun olaraq, müvafiq səlahiyyətlərin aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1510 (Cild I); 2024, № 7, maddə 821) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 6.2-ci və 6.3-cü bəndlərə “Mingəçevir” sözündən sonra “, Naxçıvan” sözü əlavə edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 5-ci hissəsi üzrə:

2.2.1. 5.1-ci bənddən “, habelə Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanı (qurumu)” sözləri çıxarılsın;

2.2.2. 5.8-ci bənddən “, Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanının (qurumunun) rəhbərindən” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2024-cü il

Chosen
45
xalqqazeti.az

1Sources