EN

İqlim dəyişikliyi regionların iqtisadi inkişafını ləngidir — Həll yolu nədir?

İqlim dəyişikliyi nəticəsində ortaya çıxan problemlər regionların iqtisadi inkişafına da təsirsiz ötüşmür. COP29 çərçivəsində “Kənd Təsərrüfatı-Ərzaq Sistemində Ədalətli Keçid: COP29 Harmoniya Təşəbbüsü ilə Uyğun İnteqrasiya” mövzusunda keçirilən paneldə aqro-ərzaq sistemlərində ədalətli keçid, inklüziv proses vasitəsilə dayanıqlı ərzaq sistemləri üçün maliyyələşdirmənin genişləndirilməsi, iqlimə dayanıqlı kənd təsərrüfatına nail olmaq üçün zəruri maliyyə alətləri və investisiyaları təşviq edən elmi əsaslı həllər mövzuları müzakirə edilib. Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, müasir dövrdə dayanıqlı aqro-ərzaq sistemlərinə keçid iqlim dəyişikliyinə daha həssas olan fermer və kənd icmalarına hərtərəfli dəstək tədbirlərini zəruri edir. Nazir qeyd edib ki, aqrar sahə iqlim dəyişmələrinin nəticələrindən təsirlənən sektor olmaqla yanaşı, İstilik Effekti Yaradan Qazların (İEYQ) atmosferə atılmasında müəyyən paya malikdir: “Bununla belə, kənd təsərrüfatı sektoru emissiyaların azaldılması, dayanıqlılığın artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsində misilsiz potensialı var. Aqrar sahədə tədqiqat və innovasiyalar dayanıqlı aqro-ərzaq sistemlərinə keçidin təməl daşlarıdır”.



M.Məmmədovun sözlərinə görə, Azərbaycan hökuməti iqlimə uyğun ağıllı kənd təsərrüfatının formalaşdırılmasına xüsusi diqqət yetirir. Fəaliyyət strategiyasının mərkəzində kənd təsərrüfatı və ərzaq sistemlərinin iqlim fəaliyyətlərinə inteqrasiyası, uyğun siyasətlərin hazırlanması, innovasiyaların təşviqi, dəqiq əkinçilik, torpaq və su resurslarının mühafizəsi, kənd təsərrüfatında məhsuldarlığın artırılması, iqlimə dayanıqlı metodların tətbiqi, ətraf mühitə mənfi təsirlərin azaldılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi dayanır: “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü iqlim dəyişikliyi ilə mübarizə kontekstində qlobal əməkdaşlıq üçün mərkəzi platforma rolunu oynayır, davamlı həlləri miqyasını genişləndirmək, fermerlərin, xüsusilə də qadın və gənclərin səlahiyyətlərini artırmaq üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirməklə birgə fəaliyyəti uyğunlaşdırır. İqlim dəyişikliyi ilə mübarizədə öz öhdəliklərinə sadiq qalan Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq şəraitində qlobal mübarizə tədbirlərinə fəal şəkildə töhfə vermək üçün səylə çalışır”.

Müzakirələrdə iqlim dəyişikliyi, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, keyfiyyətli qida istehsalı, qlobal əməkdaşlıq çərçivəsində fundamental transformasiya yolu ilə dayanıqlı kənd təsərrüdatı sisteminin qurulması, aqro-ərzaq sistemlərində ədalətli keçid prosesində tədqiqat və innovasiyaların rolu, dayanıqlı kənd təsərrüfatı sistemlərində ədalətli və inklüziv transformasiyanı dəstəkləmək üçün əsas maraqlı tərəflər arasında əməkdaşlığın təşviqi, yaşıl enerji və yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsi, aqrar sahədə qadınların rolunun daha da artırılması, aqro-ərzaq sistemlərində ədalətli keçid konsepsiyaların Milli Uyğunlaşma Planlarına (NAP) və Milli səviyyədə müəyyən edilmiş töhfələrə (NDC) daxil edilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Kənd təsərrüfatında əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatı, aqrar sahədə məhsuldarlığın artırılması üçün elmi yeniliklər, innovasiya və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Ekoloq Ənvər Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, kənd təsərrüfatının iqlimdən asılı olması mənfi haldır: 


“Torpaqların böyük əksəriyyəti artıq əkinçiliyə yararlı deyil. Paytaxtdan bölgələrə üz tutduqda yol boyu qarşılaşdığımız mənzərə bunu deməyə əsas verir. Torpaqların əksəriyyyəti şoranlaşıb. Suvarma sistemi yox dərəcəsindədir. Məcburən taxılın bir hissəsini Qazaxıstandan idxal edirik, hətta Hindistandan ət gətiririk. Suvarma sistemlərimizin standartlara uyğun olmaması səbəbindən əkinə yararlı torpaqlar şoranlaşıb. 2-3 milyon əhali həmin ərazilər hesabına məhsul əldə edirdi. Fermerlər də bunu təsdiq edir. Biz strukturu dəyişməliyik tamamilə. İndi ümid qalıb azad edilmiş ərazilərdəki torpaqlara. Həmin torpaqlar sakinlərə verilməli və onlar orada həm məşğulluqlarını təmin etməli, həm də təsərrüfatla məşğul olub kənd təsərrüfatının inkişafına nail olmalıdırlar. Su anbarlarımızda su ehtiyatlarımız var, amma onlardan doğru istifadə etmək vacibdir”. 

İqtisadçı Akif Nəsirli isə qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsi iqlim dəyişikliyinin nəticələrindən zərər görür:



“Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olunan rayonların 80 %-i quraq və ya yarımsəhradır. Suvarma üçün istifadə olunan su ölkənin suya tələbatının 70 %-ni təşkil edir. Bu, ölkənin kənd təsərrüfatı sektoru üçün böyük riskdir. Bunu son zamanlar beynəlxalq təşkilatlar da bildirir. Kənd təsərrüfatı məhsullarının son illərdə bahalaşması da iqlim dəyişikliyinin təsirləri ilə bağlıdır. Əlverişsiz hava şəraiti məhsuldarlığa təsir edir. İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün antropogen amilləri minimuma endirmək lazımdır. İstixana qazları azaldılmalı, atmosferə zərərli qazların buraxılmasının qarşısı alınmalı, su hövzələri çirklənmədən mühafizə edilməlidir. İqlimə daha dayanıqlı kənd təsərrüfatı məhsullarının sortları yetişdirilməlidir. Bunun üçün də ölkədə seleksiya işləri aparılmalıdır. Bitkiləri daha dayanıqlı, immunitetli edən gübrələrdir, bu cür gübrələrdən istifadə edilməlidir. Son illər torpağa kalium gübrəsinin verilməsi azalıb. Kalium gübrəsi bütün bitkilərin xəstəliklərə qarşı müqavimətini artırır. Təəssüf ki, fermeler daha çox amonium şorası verməyə diqqət edirlər ki, bu sadəcə bitkinin meyvəsini böyüdür. Amma torpağa kalium gübrəsi verilməsə, böyük meyvələr gətirən bitkilər bir anda məhv ola bilər. Kalium, fosfor gübrələrindən istifadə etmək mütləqdir”. 

Ekspert söyləyib ki, əkin sahələri müasir suvarma sistemləri ilə təchiz edilməlidir:

“Çünki selləmə-suvarma metodu ilə suvarılan torpaqlarda su yerin təkinə daha çox yayılır və qrunt suları ilə birləşir. Nəticədə zərərli duzlar yerin münbit qatına nüfuz edir, nəticədə torpaq şoranlaşır. Bunun da həlli müasir metodlarla suvarmadadır. Belə olan halda məhsuldarlığın aşağı düşməsinin qarşısı alınar. Müasir suvarma metodları tətbiq edildikdə sahələrin suya tələbatı 8-10 dəfə aşağı düşür. Beləliklə daha az həcmdə su ilə sahələri tamamilə suvarmaq mümkün olur, həm də suya qənaət edilir. Digər ərazilərdə təsərrüfatla məşğul olan fermerlərə də su çatır. Bu günə qədər ölkədə cəmi 38 min hektar ərazidə müasir suvarma metodlarından istifadə olunub. Halbuki ölkədə 400-500 min hektar suvarılan torpaq var. Müasir suvarma metodlarının tətbiqi zamanı relyef amili də müəyyən qədər aradan qalxmış olur, çünki su çatmayan yamacların damcı üsulu ilə suvarılması mümkünləşir. 200-250 min hektar ərazi müasir suvarma metodları ilə suvarılsa, məhsuldarlıq artar və müsbət nəticə əldə edilər”.


Törə Zeynallı
Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqamətində hazırlanıb.

Chosen
14
demokrat.az

1Sources