EN

COP29 - Azərbaycanın beynəlxalq aktual məsələlərin həllinə töhfəsinin nümayişi

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi ilə Azərbaycan bir daha sübut etdi ki, o, qlobal əhəmiyyətə malik məsələlərin müzakirəsi üçün ideal platformadır. Azərbaycanın müasir infrastrukturu, təşkilatçılıq təcrübəsi və təhlükəsizlik baxımından təminatlı mühiti tədbirin uğurla keçməsinin əsas amillərdən biri oldu. Bu konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi üçün deyil, həm də ölkələrin əməkdaşlıq etməsi üçün yeni körpülər qurmaq baxımından da əhəmiyyətli idi.

AZƏRTAC Azərbaycan dövlətinin təşkilatçılıq bacarığına, əməkdaşlığa yönəlik səmimi niyyətlərinə və xalqın qonaqpərvərliyinə işıq salan COP29-un keçirilmə prosesini təhlil edir.

Azərbaycanın qonaqpərvərliyi və yüksək səviyyədə təşkilatçılıq qabiliyyəti COP29 konfransının iştirakçıları tərəfindən xüsusilə vurğulandı. Beynəlxalq iştirakçıların - dövlət və hökumət başçılarının, tanınmış simaların və minlərlə qonağın Azərbaycanın təşkilatçılıq bacarıqlarını tərifləməsi ölkəmizin həm təhlükəsizlik, həm də peşəkarlıq baxımından qlobal nüfuzunu göstərdi. Konfrans zamanı Azərbaycanın qlobal problemlərin həllində fəal iştirakçı olduğu və beynəlxalq ictimaiyyət üçün etibarlı tərəfdaş kimi qəbul edildiyi bir daha sübut olundu.

Bildiyimiz kimi, COP konfransları dünya siyasətinin “olimpiadası” kimi qəbul edilir. Bu tədbir iqlim dəyişikliyi ilə bağlı qlobal qərarların qəbul olunduğu və dövlətlərin strateji əməkdaşlıq imkanlarının müzakirə edildiyi ən ali platformalardan biridir. Çox az ölkə belə yüksəksəviyyəli tədbirləri müvəffəqiyyətlə keçirə bilir. Bu səviyyədə tədbirlərin təşkili həm maddi-texniki bazanın güclü olmasını, həm də beynəlxalq nüfuzun və etimadın mövcudluğunu tələb edir. Azərbaycanın qüsursuz təşkilatçılığı, 76 min nəfərin qeydiyyatından keçməsi və bu tədbirin tarixə rekordlarla düşməsi ölkəmizin dünya siyasətinin ön cərgəsinə çıxdığını göstərir. Tədbirin müxtəlif mərhələlərində qlobal liderlərin iştirakını təmin etmək, müzakirələrə şəffaflıq və peşəkarlıq qatmaq ölkəmizin təşkilati imkanlarının genişliyini təsdiqlədi. Azərbaycan yalnız təşkilatçı ölkə kimi yox, həm də qlobal oyunçu kimi öz mövqeyini bir daha sübut etdi. Bu uğur, həmçinin ölkəmizin beynəlxalq gündəlikdəki aktual məsələlərin həllinə töhfə vermək bacarığını nümayiş etdirdi.

Əminliklə deyə bilərik ki, Azərbaycanın bu uğuru beynəlxalq ictimaiyyətin ölkəmizə olan hörmət və etimadının bariz nümunəsidir. Tədbirin keçirilməsi üçün Azərbaycanın yekdilliklə seçilməsi ölkəmizin qlobal səviyyədə artan nüfuzunun və etibarlılığının təzahürüdür. Bu seçimin arxasında Azərbaycanın müstəqil siyasəti, balanslı mövqeyi və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr dayanır. Bakının müasir konfrans infrastrukturu və qonaqları qarşılamaq üçün yaradılan şərait tədbir iştirakçılarının yüksək rəyini qazanmaqla yanaşı, Azərbaycanın inkişaf etmiş ölkə statusunu bir daha təsdiqlədi.

Azərbaycanın bu mötəbər iqlim sammitini yüksək səviyyədə təşkil etməsi ölkəmizin beynəlxalq səhnədə qazandığı etibarının sübuta yetirilməsi idi. Konfrans çərçivəsində müxtəlif müzakirələrdə Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq çağırışları da böyük diqqət çəkdi. Heç bir təhlükəsizlik problemi yaşanmadan başa çatan konfrans Azərbaycanın təhlükəsiz ölkə olduğunu bir daha nümayiş etdirdi. Bu, həm də Azərbaycan dövlətinin təşkilatçılıq bacarığına, əməkdaşlığa yönəlik səmimi niyyətlərinə və xalqımızın qonaqpərvərliyinə işıq salan mühüm bir mesaj oldu.

Bununla yanaşı, COP29 Azərbaycanın son dövrlərdə yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul olunmasını da simvollaşdırdı. Hər kəs bilir ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də regionda sabitlik və əməkdaşlıq üçün yeni çərçivələr qurub. Bu yeni reallıqları bəziləri qəbul etmək istəməsə də, Azərbaycanın qətiyyətli mövqeyi və strateji addımları həmin reallıqları mübahisəsiz gerçəkliyə çevirdi. Konfrans Azərbaycanın regionda sülh, inkişaf və əməkdaşlıq təkliflərinin beynəlxalq miqyasda dəstək qazandığını açıq şəkildə nümayiş etdirdi.

COP29-un ümummilli uğura çevrilməsi istiqamətində yaranan zəmin

Bu iqlim sammitinin uğurla keçirilməsi, iştirakçı ölkələrin Azərbaycanın yanaşmalarına dəstəyi, ölkəmizin təşəbbüslərinin qlobal səviyyədə təqdir edildiyini göstərdi. Bu dəstək, həmçinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin düzgün başa düşüldüyünü və qəbul edildiyini ortaya qoydu. Belə ki, COP29 Azərbaycanın regiondakı prosesləri qlobal siyasətlə inteqrasiya etdirmək bacarığını və dünyada özünəməxsus yerini daha da möhkəmləndirdiyini bir daha sübut etdi. Azərbaycan öz nümunəsi ilə təsdiqlədi ki, COP kimi tədbirlərin keçirilməsi məsələsində müxtəlif ölkələrə etimad göstərilə bilər, amma əsas vəzifə bu etimadı doğrultmaqdır. Azərbaycanın COP29-a ev sahibliyi yalnız təşkilatçılıq bacarığını deyil, həm də qlobal problemlərin həllinə məsuliyyətli yanaşma sərgiləyən bir ölkə kimi nüfuzunu artırdı. Ölkəmiz tədbirin hər bir detalı ilə bağlı yüksək peşəkarlıq nümayiş etdirərək, göstərilən etimadı layiqincə doğrultdu. Bu nümunə, Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi.

Chosen
28
50
publika.az

10Sources