EN

COP-a ev sahibliyini çoxları edə bilər, onu yarıtmaq isə...Azərbaycan nümunəsi...

Image

Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin növbəti diplomatik və siyasi uğuru oldu. Bu həm də Azərbaycanın yüksək təşkilatçılığının göstəricisi idi. Ötən ilin dekabrında Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı qərar veriləndə bu, elə də asan olmadı. 

Azərbaycan bu məsuliyyəti öz üzərinə götürəndə bunun öhdəsindən gələ biləcəyinə əmin idi. Ona görə ki, bir sıra faktorlar bunun üçün əsas yaradırdı. Məsələ ondadır ki, COP tədbirinə bir sıra ölkələrdə keçirilə bilər. Əsas odur ki, tədbiri yüksək səviyyədə keçirə biləsən, gözləntiləri doğrulda biləsən. İndiyə qədər bir sıra ölkələr COP-a ev sahibliyi etsə də o qədər də gözləntiləri doğrultmayıb. Azərbaycan bundan əvvəl bir çox mötəbər beynəlxalq tədbirlərə, müxtəlif idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Bununla bağlı ciddi təcrübə var ki, bu da özünə inamı şərtləndirən başlıca amildir. 

COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar ötən ilin sonunda Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib və dövlətimizin başçısı bütün lazımi tapşırıqları verdikdən sonra BMT tədbirinə hazırlıq işlərinə başlanıb. Bu, mürəkkəb və yüksək texnoloji proses olsa da, Azərbaycan bunun öhdəsindən gələ bildi. Halbuki, ölkəmizin iqlim dəyişikliyi ilə bağlı qərarların qəbul ediləcəyi COP29-a hazırlaşmaq üçün bir ildən az vaxtı olub. Məhdud vaxta baxmayaraq, Azərbaycan ev sahibi olan ölkə kimi hazırlıq prosesində bütün sahələrində ciddi irəliləyiş əldə edib. Konfransda uğurlu nəticələrin əldə olunması üçün təşkil olunan tədbirlər də yüksək səviyyədə keçirilib. Azərbaycanda belə beynəlxalq səviyyəli tədbir keçirmək üçün həm təcrübə var idi, həm də lazım olan infrastruktur. Hər ölkənin hünəri deyil ki, on minlərlə qonağı yerləşdirə bilsin. Bir sıra ölkələrdə bu, olmadığı üçün belə bir məsuliyyətin altına girməyə cəsarət etmirlər. Yaxud həmin ölkələrdə COP keçirilsə də, uğurlu, yadda qalan səviyyədə alınmır. Bakıda keçirilən bu mötəbər qlobal tədbir 196 ölkədən 77 min nümayəndəni bir araya gətirərək Azərbaycan tarixində ən böyük konfrans oldu. COP29-a qarşı yönəlmiş boykot çağırışlarına baxmayaraq, 200-ə yaxın ölkədən 77 min nəfər iştirakçı qeydiyyatdan keçərək iştirak edib. Onlarla panel müzakirələr keçirildi və orada inkişaf etməkdə olan, iqtisadi imkanları məhdud olan ölkələrin iqlim problemləri və onlara maliyyə yardımı məsələsi gündəmə gətirildi. 

Digər tərəfdən, 2015-ci ildə iqlimlə bağlı Paris Sazişi imzalansa da ondan irəli gələn bir sıra məsələlər necə deyərlər, havada qalmışdı. COP29 bu sahədə müəyyən dönüşü təmin edə bildi. Əsas nailiyyət Paris Sazişinin 6-cı maddəsi üzrə razılaşma olub. Belə ki, karbon bazarları 2025-ci ildə fəaliyyətə başlaya bilər. Bu, həm də iqlim maliyyələşdirməsinin mühüm hissəsidir. Karbon bazarlarından əldə olunan gəlirin bir hissəsi adaptasiya proseslərinə sərf olunacaq. COP29 çərçivəsində ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib. Azərbaycan yüksək səviyyədə təşkil edilən COP29-da bir tərəfdən qlobal iqlim problemlərinin həllinə dair konkret addımlar atır, digər tərəfdən dünya xalqlarına dövlətimizin sülhsevər və inkişaf yolundakı məqsədlərini nümayiş etdirir. Bütün bu fəaliyyətlər ölkəmizin bu mühüm tədbirin təşkilindəki rolunu möhkəmləndirir. Ötən il COP29-un Bakıda keçiriləcəyi ilə bağlı qərar veriləndə bir sıra xarici bədxaxlar deyirdilər ki, neft ölkəsi olan Azərbaycanda bu, uğurlu alınmayacaq. Ancaq onların bütün planları alt-üst oldu Azərbaycan bir daha sözünü deyərək tarixdə öz imzasını qoydu.

Vidadi ORDAHALLI





Chosen
17
baki-xeber.com

1Sources