EN

Qərb məsuliyyətdən qaçaraq iqlim maliyyələşməsi üzrə öhdəliklərindən yayınmağa çalışır - EKSPERT

Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu daxili və xarici siyasət konsepsiyasının realizəsini ardıcıl, sistemli və koordinasiyalı şəkildə davam etdirir. Xırda olsa da heç bir mənfur əməl belə bu davamiyyətə təsir etmir. Ev sahibliyi etdiyimiz bütün mötəbər tədbirlər kimi sayca 29-cu olan COP tədbirini də Azərbaycan yüksək səviyyədə təşkil etməklə bir daha xalqımızın həqiqətlərini illər, əsrlər boyu görməzdən gələn, onun Müzəffər Liderinin addımlarını, uğurlarını gözü götürməyən bütün dairələrin bütün pıçıltılarını kəsdi, mənfur planlarını bu dəfə də pozmağı bacardı. Uğurlarımızı həzm edə bilməyən dairələr qısqanclıq, paxıllıq, riyakarlıq, simasızlıq etsələr də Azərbaycan bu sınaqdan da üzüağ, alnıaçıq çıxdı.

Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirdi.

Karbon qazı ilə dünyanı zəhərləyənlər, qlobal iqlim fəlakətinə səbəb olanlar...

Ekspert qeyd etdi ki, dövlət olaraq institusional qaydada əməli iş ərsəyə gətirdik, xalq olaraq mədəni münasibət sərgilədik. Riyakar dairələrin simasız əməlləri və bizim əldə etdiyimiz uğur fonunda iki fərqli münasibət, yanaşma olsa da bir şey inkarolunmaz faktdır ki, iqlim sürətlə dəyişir və bu dəyişimin nəticələri bütün bəşəriyyətə təsir edir: "Bir digər fakt odur ki, Azərbaycana qarşı qərəzli mövqedə olan dövlətlərin məhz özü bu mənfi təsirdə lider rolunda çıxış edirlər, bu cür qlobal, həssas məsələyə biganə qalırlar. Qərb bütün mənfur rıçaqlarını işlək vəziyyətə gətirərək ev sahibi və sədr ölkə olaraq Azərbaycana təzyiq etməyə, iqlim maliyyələşməsi üzrə öhdəliklərindən yayınmağa çalışırdı. Hər halda Bakıda aparılan müzakirələr bunu aydın şəkildə göstərdi. Qərb bir daha oyunbazlıq edərək bilərəkdən tədbirin son günü yalnız 250 milyard dollarlıq vəsait ayırdığını bəyan etməklə əlavə müzakirələrə yer qoymadı. Baxmayaraq ki, Qərbdən gözlənti təxminən 1 trilyon dəyərində idi. Qərbin ssenarisi də, oynadığı oyun da eynidir. Karbon qazı ilə bütün dünyanı zəhərləyən, qlobal iqlim fəlakətinə səbəb olan Qərb yenə də məsuliyyətdən çiyinlərini qaçırdaraq, yük altında başqalarını əzmək istəyir. Onu da vurğulayım ki, biz də yenə onlar çalan havaya süzmədik. Nəticə olaraq Azərbaycan COP29 çərçivəsində və yekununda uğurlara imza etdı".

ABŞ dayanıqlı sülhü deyil, region xalqlarını deyil, öz maraqlarını prioritetləşdirir

Şəbnəm Həsənova vurğuladı ki, bütövlükdə Qərbin yanaşması dəyişmir: "Məsələn Baydenin məktubunun konteksti də göstərirdi ki, ABŞ dayanıqlı sülhü deyil, region xalqlarını deyil, öz maraqlarını prioritetləşdirir. Co Bayden Ermənistan-Azrəbaycan arasında tələm-tələsik sülhə nail olmaqla uğur hekayəsi qazanmaq, Nobel sülh mükafatına layiq olmaq istəyirdi. Düşünürəm ki, Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş mənfurların azad olunmasına çalışan kəslərin simasızlığı fonunda bu mükafata can atmaq riyakarlığı yerə-göyə sığmaz. Qarabağ ermənilərini yenidən qaytarmağın kökündə dayanan amil ondan ibarətdir ki, Azərbaycan xalqı üçün yeni terror və separatizm yuvası qursunlar, regionu yenidən öz bildikləri formada idarə etsinlər. Bu yolda istənilən vasitəyə əl atırlar. Azərbaycan tərəfi hər şeyi, hər kəsi görür. Gördüyümüz həm də odur ki, bu qüvvələr Azərbaycanın neft-qaz sənayesini sıradan çıxarmaq istəyirlər. Daha təhlükəli tendensiya odur ki, Azərbaycanı bu sahədə qeyri-real olan öhdəliklər altına salmaq istəyirdilər. Bir sözlə, Qərbin hoqqabazlığı yeni simalara bürünür."

Şəmsiyyə Əliqızı, “İki sahil”

Chosen
14
ikisahil.az

1Sources