EN

Qurban Qurbanov milli barəsində: "Xahiş edirəm mənə bir daha bu barədə sual verməyəsiz"

"Bu gün qalib gəlmək çox vacib idi. İstərdim ki, daha yaxşı oyun olsun. Meydança amili keyfiyyətli oyun oynamağa mane olurdu. Milli fasilədən sonra komanda demək olar ki, bu gün tam yığılmışdı".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 14-cü turunda "Səbail" üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib: "Futbolçular sona qədər oyuna diqqətli oldular. Bu, mənim üçün vacib idi. Yaxşı komandaya qalib gəldik. Qarşımızda istəkli rəqib var idi. İnanıram ki, Cavid Daha yaxşı komanda formalaşdıracaq. Ona uğurlar arzulayıram. "Araz-Naxçıvan"la bağlı heç bir düşüncə yox idi. Bu gün hazır olan futbolçuları meydana buraxdıq. Sonradan xeyli rotasiyalar etdim. Bəzi futbolçuların oyun ritmini qoruyub-saxlamaq lazımdır".

Qurban Qurbanov Bədavi Hüseynovun zədəsinə aydınlıq gətirib: "Əlbəttə ki, onun zədələnməsini istəməzdik. Son vaxtlar bəlkə də ən yaxşı oyunlarını keçirirdi. Digər oyunçuları hazırlayacağıq. Vaxtımız azdır, cəmi 2-3 məşqimiz olacaq. Çox istərdim ki, futbolçular sağlam olsunlar. Hansısa fiziki çatışmazlıqlar ola bilər. Bu üç gündə komandanı oyun planında tam hazırlamalıyıq. Rəqib topla çox yaxşı davranır. Fərdi olaraq da ustalıq keyfiyyəti yüksək olan futbolçuları var".

"Qarabağ"ın baş məşqçisi Azərbaycan yığmasının nəticələrinə də toxunub: "Millinin futbolçularının heç birini ayırmaq istəmirəm. Hər biri azərbaycanlı oyunçulardır. Çox da şərh etmək istəmirəm. Belə məğlubiyyətlər hamımızın başına gəlib. Həmişə millimizin yanında olmalıyıq. Mənim üçün ən çətin suallar milli ilə bağlı olan suallardır. Orada mənim həmkarlarım var, həm İcraiyyə Komitəsindəyəm. Xahiş edirəm mənə bir daha bu barədə sual verməyəsiz. Hər qurumun öz idarəçiləri var. Bu dəqiqə fikrim "Qarabağ"dadır. Hər birimiz Santuşa hörmətlə yanaşırıq. Ona uğurlar arzulayıram. Hamı öz işində məsuliyyətli olmağa çalışır".

Qeyd edək ki, "Qarabağ" 1 günlük fasilədən sonra lider mövqeyini geri qaytarıb.

İdman.biz

Chosen
6
4
idman.biz

10Sources