EN

Qurban Qurbanov: “Daha yaxşı oyun olmasını istərdim”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Bu gün qalib gəlmək çox vacib idi. Daha yaxşı oyun olmasını istəyərdim. Amma meydan amili keyfiyyətli oyun sərgiləməyə mane olurdu. Milli komandalara görə yaranmış fasilədən sonra komanda demək olar ki, bu gün tam yığılmışdı. Futbolçular sona qədər oyunun içində oldular. Bu, mənim üçün vacib idi. Yaxşı komandaya qalib gəldik. Qarşımızda istəkli rəqib var idi. İnanıram ki, Cavid Hüseynov daha yaxşı komanda formalaşdıracaq. Ona uğurlar arzulayıram.

Bu gün hazır olan futbolçuları meydana buraxdıq. Sonradan xeyli rotasiyalar etdim. Bəzi futbolçuların oyun ritmini qoruyub-saxlaması lazımdır.

Bədavi Hüseynov millidən zədəli qayıdıb. Onun zədələnməsini istəməzdik. Son vaxtlar bəlkə də ən yaxşı oyunlarını keçirirdi. Qarşıda Lion “Olimpik”i ilə avrokubok oyunu var. Bədavinin mövqeyinə digər oyunçuları hazırlayacağıq. Vaxtımız azdır, cəmi 2-3 məşqimiz olacaq. Çox istərdim ki, futbolçuların hamısı sağlam olsunlar. Hansısa fiziki çatışmazlıqlar ola bilər. Bu üç gündə komandanı oyun planında tam hazırlamalıyıq. Rəqib topla çox yaxşı davranır. Fərdi olaraq da, ustalıq keyfiyyəti yüksək olan futbolçuları var”.

Qurban Qurbanov yetirmələrinin millidəki oyunu və Fernando Santosun çalışdırdığı komandanın çıxışı barədə çox danışmaq istəməyib:

“Millinin futbolçularının heç birini ayırmaq istəmirəm. Hər biri azərbaycanlı oyunçulardır. Nəticələri şərh etmək niyyətində deyiləm. Belə məğlubiyyətlər hamımızın başına gəlib. Həmişə millimizin yanında olmalıyıq. Ümumiyyələ, mənim üçün ən çətin suallar milli ilə bağlı olanlardır. Orada mənim həmkarlarım var, həm də AFFA İcraiyyə Komitəsindəyəm. Xahiş edirəm, mənə bir də bu barədə sual verməyin. Bu dəqiqə bütün fikrim “Qarabağ”dadır. Fernando Santosa da uğurlar arzulayıram”.

Cavid Hüseynov Şahin Diniyevin “bostanına daş atdı”

“Səbail”in yeni baş məşqçisi Cavid Hüseynov isə debüt matçındakı ağır məğlubiyyətə belə şərh verib:

“Qarabağ”ı təbrik edirəm. Bizim üçün üzücü məğlubiyyət oldu. Komandanın potensialı var. Yaxın gələcəkdə istədiyimiz nəticəni alacağıq. Heyətlə bağlı sıxıntılarımız var idi. Futbolçu kasadlığı yaşayırıq. Fiziki hazırlığımız o qədər də ürəkaçan olmadığı üçün 90 dəqiqə dözə bilmədik. Amma 70 dəqiqə yaxşı futbol oynadıq. Heyət geniş olanda hansısa sistem dəyişikliyi edə bilərik. Futbolçu sayına görə bu gün sistemi bu cür qurduq. İkinci hissədə səhvlərə yol verdik. Çünki, komandanın fiziki hazırlığı mən gələnə qədər ürəkaçan səviyyədə olmayıb. Mən də 10 gündür buradayam. Qısa müddət ərzində bacardığım qədər fiziki durumu irəli aparmışam. Sistemi otuzdurmaq 1 həftənin, 10 günün işi deyil. Bunu başa düşürdüm. Bu oyun bizə nəyin üzərində daha çox işləməli olduğumuzu göstərəcək.

Məşqçilər korpusunun daha geniş olmasını istərdim. Fiziki hazırlıq məşqçimiz var. 4 gün öncə İspaniyadan dəvət etmişik. Bu il məqsədimiz Premyer Liqada qalmaqdır. Qışda transferlərə ehtiyac var. Hücum mövqeyində çox əziyyət çəkirik. Meydana hücumçusuz çıxırıq.

Məşqçilik karyeramda hansı uğurları əldə etdiyim futbol ictimaiyyəti üçün sirr deyil. Özümü çox hazır hiss edirəm. Hər zaman məqsədimə doğru iri addımlarla irəliləməyə çalışıram. Komandaya xeyir vermək üçün buradayam. “Turan Tovuz”da yerim rahat idi. Kurban Berdiyevin köməkçisi idim. “Səbail”in Premyer Liqada qalması üçün əlindən gələni edəcəyəm.

Mənim öz ətrafımda olan insanlar da dedilər ki, bəlkə tələsməyəsən. Mən prinsipial insan olmuşam. 4 ay Kurban Berdiyevin yanında oldum. Bu, mənim üçün əla təcrübə idi. Bundan məşqçilik karyeramda istifadə etməyə çalışacağam. Özümə inanmasaydım, burada olmazdım”.

Xatırladaq ki, Cavid Hüseynov “Səbail”in baş məşqçi postunda bu ay istefa vermiş Şahin Diniyevi əvəz edib.

Chosen
15
arena.az

1Sources