EN

27 il sonra Kəlbəcər ermənilərin “göz dağına” çevrildi...

Image

Azərbaycanın əsrarəngiz rayonlarından biri olan, dərdlərə dəva havası, can dərmanı bulaqları, suları, gözlər, könüllər oxşayan təbiəti, ürəyimizdə qürur yaradan əzəməti ilə seçilən Kəlbəcərin işğaldan azad edilməsindən dörd il ötür. 

Bildiyimiz kimi, 15 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edildi. Üçtərəfli bəyanata əsasən Kəlbəcərin 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da, Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı.

Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr birgə Bəyanatında Ermənistan silahlı qüvvələrinin  Kəlbəcər, Ağdam və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapdı. Məlum olduğu kimi, Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan azad edildilər. 

25 noyabr müasir tariximizə Kəlbəcərin işğaldan azad edildiyi əziz gün kimi düşdü. 

Prezident İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bildirirdi ki, Ermənistan məğlub edildi,  Azərbaycan zəfər çalmış ölkədir.

Bəli, Azərbaycan Prezidentinin uzaqgörən siyasəti, diplomatiyası ilə Kəlbəcər rayonu 27 ildən sonra azadlığına qovuşdu.   Artıq dörd ildir ki, Kəlbəcər özünün azad dövrünü yaşayır və rayon ərazisində əsaslı tikinti, quruculuq, bərpa işləri həyata keçirilir. 27 il erməni işğalı altında qalan tarixi torpağımızda hazırda böyük bir canlanma var. Hər şeyi yenidən qurmaq, yenidən tikmək prosesi gedir. Çünki düşmən Kəlbəcərə sözün həqiqi mənasında divan tutmuşdu. Kəlbəcər 1993-cü ilin aprel ayının 3-də Ermənistan ordusu tərəfindən işğal edilmişdi və rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər çıxarılanadək talan edildi. İnfrastukturu tamamilə dağıdılan, talan edilən Kəlbəcərdə bu gün genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.  

Bildiyimiz kimi, Kəlbəcər işğaldan azad olunandan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Kəlbəcər rayonuna səfər ediblər. 2021-ci il avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında oldular.

Bu barədə Prezident bildirdi: “Müharibədən sonra Kəlbəcərə ilk səfərimdir. Bir neçə tədbir nəzərdə tutulur. Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start veriləcəkdir”.

Həmin səfər çərçivəsində Prezidentin və birinci xanımın iştirakı ilə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunan 11.6 kilometrlik tunelin təməli qoyuldu. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Prezident həmçinin Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış oldu. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etdilər.

Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində müasir avadanlıqlarla təchiz olunaraq inşa edilən yeni yarımstansiyada 80 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılıb. “Kəlbəcər” yarımstansiyası məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulub və bunun üçün yeni idarəetmə binası tikilib. Burada ən yeni rəqəmsal texnologiyalardan istifadə edilib.

Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoydu.

Prezident İlham Əliyev 26 iyun 2022-ci ildə Göygöl, Kəlbəcər və Laçına səfər etdi. dib

Prezident Əliyev Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış oldu, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak etdi, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış oldu. 

Həmçinin Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoydu, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında oldu. Eyni zamanda Prezident Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoydu.

27 may  2023-cü il tarixində də Prezident İlham Əliyev Kəlbəcər rayonuna növbəti səfərini etdi və Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində, “Azərenerji” ASC-nin “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak etdi.

Prezident İlham Əliyevə uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlər barədə məlumat verildi.

Ölkə başçısı Kəlbəcərdə Hərbi Hospitalın açılışında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin təməlqoyma mərasimlərində də iştirak etdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 2023-cü il avqustun 25-də Kəlbəcər rayonuna səfərləri zamanı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak editlər, “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış oldular. Ölkə başçısı eyni zamanda “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak etdi

Bu ilin sentyabr ayının 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonuna növbəti səfər etdilər. Ölkə başçısi Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub. Qəsəbə Kəlbəcərin qərb hissəsində yerləşir. Ümumi sahəsi 63,1 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Baş plana əsasən, gələcəkdə burada 159 fərdi ev, "townhouse" tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina tikiləcək. Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beşotaqlı fərdi evlər tikiləcək. Qəsəbəyə birinci növbədə 159 ailə köçürüləcək. İstisu qəsəbəsində 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, bayraq meydanı, idman meydançası və digər zəruri obyektlər yaradılacaq. Prezident İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində "Azərişıq" ASC-nin 110/35 kV-luq "İstisu" yarımstansiyasının açılışında iştirak etdi. Kəlbəcər rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan "İstisu" sanatoriyasının və "İstisu" mineral su zavodunun elektrik təchizatı məqsədilə 110/35 kV-luq iki ədəd 40 MVA gücündə "İstisu" yarımstansiyası inşa edilib. Bu yarımstansiya 110/35 kV-luq "Kəlbəcər" yarımstansiyasından çəkilən 110 kV-luq ikidövrəli hava xətti vasitəsilə elektrik enerjisi ilə təmin edilir. Yeni inşa edilən yarımstansiyanın 110/35 kV-luq "Qorçu" və "Laçın" yarımstansiyaları ilə əlaqələndirilməsi nəticəsində 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin yaradılmasına nail olunacaq.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının, “Zar” KSES-in açılışında iştirak etdilər, ölkə başçısı SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in açılışını etdi.

Bu gün özünün tikinti, quruculuq-abadlıq dövrünü yaşayan Kəlbəcərdə böyük infrastruktur yaradılır. Onu demək olar ki, lap tezliklə kəlbəcərlilər də öz ata-baba ocaqlarına qayıdacaqlar və həyatlarını davam etdirəcəklər.

 Bütün bunlar bu dörd il ərzində ölkə başçısının iştirakı ilə baş verən mühüm hadisələdir ki, Kəlbəcərin yenidən qurulmasını, tikilib bərpa olunmasını özündə ehtiva edir. Dörd ildə Kəlbəcərin mənzərəsi tamamilə dəyişib və o böyük inkişaf yoluna qədəm qoyub. 

Noyabrın 25-də isə kəlbəcərlilər böyük coğşu və minnətdarlıq hissilə Gəlbəcər şəhər gününü qeyd edəcəklər. Dostlarımız baxıb sevinəcək, düşmənlərimiz isə qəhr olacaq. Bəli, Kəlbəcərin yeni dövrü dosta qürur, düşmənə göz dağıdır...

İradə SARIYEVA





Chosen
26
baki-xeber.com

1Sources