EN

“Bilmirik dərdimizi kimə deyək - Pul əlimizə dəyməsin, təki...”

“Hər kəsə məlum olan problemə görə çempionat dayandırılıb, 1000-ə yaxın uşaq futbolsuz qalıb. Bilmirik dərdimizi kimə deyək”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Gəncədə fəaliyyət göstərən “Azəri” komandasının məşqçisi Orxan Verdiyev deyib.

Gəncə şəhər stadionunda aparılan təmir-tikinti işləri ilə əlaqədar şəhərin uşaq futbolunda çempionat dayandırılıb.

Şəraitsizlikdən gileylənən məşqçilər futbolçuların soyuq havalarda paltardəyişmə və duş otaqlarından məhrum olduğuna görə kənara çəkilib.

Verdiyev problemi AFFA-nın həll etməli olduğunu bildirsə də, assosiasiyanın məlum məsələdə fəallıq göstərməməsi məşqçiləri narahat edir:

“Gəncədə şəraitsizlik davam edir. Əvvəl iki vaqonun ümidinə qalmışdıq, onlar da Azərbaycan Gənclər və İdman Nazirliyinə aiddir.

Nə paltardəyişmə otaqları var, nə duş kabinalar, nə də ayaqyolu. Ola bilsin, o iki vaqonu da ərazidən götürdülər.

Oyunlar həftəsonları keçirilir, həmin vaxtda həm də “Kəpəz”in aşağı yaş qruplarının görüşləri olur. Stadiona sığınmazğımız heç “Kəpəz” rəhbərliyinə də sərf etmir.

Bir müddət öncəyə qədər uşaq liqalarının keçirilməsinə cavadehliyi AFFA-da Yusif Vəliyev daşıyırdı. 14 ildir bu yarışlardayam, indiyə qədər Gəncədə bu adamın üzünü görməmişəm.

Ancaq Bakıda kurslara gedəndə, AFFA-nın binasında rastlaşmışıq. Bir dəfə gəlib maraqlanmırdı ki, nə var, nə yox, nə etmək olar.

Deyirlər, stadionun tikintisi başa çatandan sonra problem həll olunacaq. Halbuki, stadionun tikintisinin başa çatmasına təxminən 1 il var.

Eşitdiyimə görə, uşaq liqalarının keçirilməsinə cavabdehlik daşıyan yeni rəhbər Emin Cəfərov millinin oyunlarıdan sonra gəlib, məsələ ilə maraqlanacaq. Görək necə olacaq”.

Əsasən “Kəpəz-2”də Xaliq Mərdanovun köməkçisi kimi tanınan Verdiyev indiki durumda çıxış yolu kimi oyunları Göygöldə keçirməkdə görür. Hətta bunun üçün təklifi də var:

“Stadion yenidən qurulur, başa düşürük, hörmətlə yanaşırıq. Şəhərimiz üçün əlamətdar hadisədir. Ancaq 1000-ə yaxın uşağı futbolsuz qoymaq olmaz axı. Çempionatların bərpası üçün çıxış yolu tapılmalıdır.

Göygöl Olimpiya Kompleksi yüksək şəraitə malikdir. İstilik sistemi, hamamları, paltardəyişmə otaqları – hamısı ideal vəziyyətdədir.

Həftəiçi beş gün məşqlərdə oluruq. Şənbə və bazar günləri bilmirik çempionata vaxt ayıraq, yoxsa ailə-məişət qayğıları ilə maraqlanaq.

Deməyim odur ki, çempionatın keçirilməməsi bizə də xeyirdir. Oyunlar Göygöldə keçiriləndə, bütün günümüz gedir, ailə ilə vaxt keçirə bilmirik.

Ancaq əziyyətlə yetişdirməyə çalışdığımız uşaqlar məhv olur axı. Hər bir məşqçinin arzusu öz işində faydalı olmaq, gələcək uçün layiqli futbolçular yetişdirməkdir.

Görün vəziyyət nə yerdədir ki, istirahət günlərində dincəlmək, şəxsi problemləri həll etmək əvəzinə Göygölə gedib-gəlməyə də azıyıq.

Hətta təklif etmişik ki, oyunları Göygölə salın, pul bizim əlimizə dəymədən nəqliyyat xərclərini ödəyin, təki çempionat keçirilsin”.

Narazı məşqçi sonda AFFA-nın mətbuat katibi Elnur Məmmədlinin çempionat oyunlarının Göygöldə keçirilməməsi ilə bağlı saytımıza verdiyi açıqlamaya da münasibət bildirib:

“Mətbuat katibi deyir ki, stadion tikilir, problem aradan qalxacaq və sair. Belə çıxır ki, 2025-ci ilin sonuna qədər uşaqlar futbolsuz qalmalıdır, yoxsa soyuq havalarda küçədə soyunub-geyinməlidirlər?

AFFA-da çalışanlar yağışlı, şaxtada-yağışda öz övladlarının açıq havada paltarlarını dəyişməyə razı olarlar? Şəxsən öz balama rəva bilmədiyim şeyi başqa uşaqların başına gəlməsini istəmirəm”.

HƏBİB

Chosen
22
1
sportinfo.az

2Sources