COP29-un yekun plenar iclasında Paris İqlim Razılaşmasının 6.2 və 6.4-cü bəndləri təsdiqlənib.
Bu barədə COP29-un Prezidenti Muxtar Babayev məlumat verib.
Bu, il ərzində prezidentliyin əsas prioritetlərindən biri olub və tərəflərlə intensiv texniki və siyasi danışıqlar aparılıb.
“Bu strategiya onilliklərlə davam edən çıxılmaz prosesi aradan qaldırır və Paris Sazişində həll edilməmiş sonuncu məsələni yekunlaşdırır”, – bəyanatda deyilir. Eyni zamanda, 6-cı maddə sayəsində milli iqlim planlarının reallaşdırılamsı hər il 250 milyard dollara qədər qənaət edə bilər.
Qeyd edək ki, Paris Sazişinin 6.2-ci maddəsi ölkələrə öz iqlim məqsədlərinə nail olmaq üçün, o cümlədən istixana qazlarının emissiyalarının azaldılması üzrə nəticələrin bölüşdürülməsi yolu ilə əməkdaşlıq etməyə imkan verir. Ölkələr öhdəlikləri yerinə yetirməkdə çevikliyi təmin edən və azalmaların ikiqat hesablanmasının qarşısını alan ikitərəfli və ya çoxtərəfli sazişlər bağlaya bilər.
Öz növbəsində, 6.4-cü maddə iqlim layihələrinin həyata keçirilməsi üçün BMT tərəfindən idarə olunan mərkəzləşdirilmiş mexanizm təqdim edir. Bu mexanizm qlobal emissiyaların azaldılmasına, davamlı inkişafa və ekoloji məsuliyyətin beynəlxalq standartlarına uyğunluğa töhfə verir.