EN

Samir Abasov: “Qələbələrə elə ehtiyacımız var ki…”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Oyundan yaxşı əhval-ruhiyyə ilə ayrılırıq. Ciddi və yaxşı rəqibə qarşı oynadıq. Oyunun içində də bizə əziyyət verdilər. Qələbələrə elə ehtiyacımız var ki, bu 3 xala görə çox sevindik.

Daha dinamik, oyuna diqtə edən tərəf olmalıyıq. Bu istək olmasa, işləyə bilməyəcəyik. Qələbənin açarı istəkli olmağımız idi. Hansı ki, bu vaxta kimi bunun belə, əziyətini çəkirdik”.

Samir Abasov Azərbaycan yığmasının son məğlubiyyətlərindən və “Neftçi”dəki milli üzvlərindən də söhbət açıb:

“İsveçlə görüşdə Rza Cəfərov start heyətində idi. Məğlubiyyətə görə çox üzüldük. Bir neçə il bundan qabaq mən də millinin üzvü olmuşam. Belə məğlubiyyətlər bizim də başımıza gəlib. Nə yaşamışamsa, futbolçuların nə çəkdiyini aşağı-yuxarı bilirəm. Bu, bizim millidir. Hamımız səmimi qəlbdən üzüləcəyik. Udacağıqsa, hamımız səmimi olaraq sevinəcəyik. Belə olmalıdır. İstəmərəm ki, millidən qayıdan futbolçum suyu süzülmüş halda gəlsin. Xalqımız adına da üzücüdür. Keçmiş olsun. Futbolçulara uğurlar arzulayıram. İnanıram ki, yaxşı işlər görüləcək. Bir baş məşqçi digər baş məşqçi haqda necə danışmalıdır? Bu gün həmin məşqçini millimizə gətiriblərsə, müqavilə imzalayıblarsa… Küçədən gələn məşqçi də deyil, Avropa çempionudur. Namizədləri gözdən keçirsəydik, Santosun adını birinci deyərdik. Ən azından təcrübəsinə görə. Azərbaycanlı da olsa, məşqçi haqda danışmaq istəmirəm. Etikadan kənardır”.

“Nəticələrə görə hamımız məyusuq”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Maraqlı oyun alındı. Belə oyunlar çox olsa, komandalarımız və futbolçularımız inkişaf edəcəklər. Hər iki komanda sürətli, dinamik oynamağa çalışırdı. “Neftçi Arena” möhtəşəm stadiondur, ot örtüyü də yaxşı idi. Oyunboyu nəzarət bizdə idi. İlk dəqiqələrdən dominantlığa çalışdıq. 60-70-ci dəqiqələr arası üstünlüyü əldən verdik. Rəqib topa daha çox nəzarət etməyə başladı. Biz də həmlələr hazırlayırdıq. İstəyimizə çatmadıq. O dəqiqələrdə qol buraxdıq. İkinci hissədə qapımıza bir zərbə endirildi. Bu il qapımızda yaradılan 3 epizoddan ikisi qol olur. Belə olanda qalib gəlmək çox çətinləşir. Bütövlükdə, komandamın oyunundan razı qaldım. “Neftçi”ni təbrik edirəm. Meydanda keyfiyyətli futbol var idi.

Ardıcıl məğlubiyyətlərimiz var. Uduzduğumuz oyunların əksəriyyətində qalib gələ bilərdik. Çox təhlil edirik. Bu oyuna görə futbolçularıma irad bildirə bilmərəm. “Neftçi” kimi komanda ilə səfərdə baxımlı futbol oynadıq. Sadəcə, yayla müqayisədə hər şey uğursuz alınır. Bizim qol epizodlarımız zamanı uğursuzluqlar olur. Bu mövsümlə ötən mövsüm arasında müqayisə aparsaq, bugünkü “Zirə” daha yaxşıdır, inkişaf etmiş komandadır. Oyunumuzda müəyyən detallar var ki, onları dəyişdirmək istəyirik. Daha hücumameyilli oyun oynamağa çalışırıq. Keçid etmək asan deyil. İnanıram ki, oyunumuzu oturtsaq, hücumda da daha dəqiq olsaq, xallarımızı toplayacaq, sonda da məqsədimizə çatacağıq”.

Rəşad Sadıqov da Azərbaycan yığmasının son nəticələri barədə suala cavab verib:

“Nəticələrə görə hamımız məyusuq. Baş məşqçinin kim olmasının fərqi yoxdur. Bu haqda ətraflı danışmaq istəmirəm. Millimizə uğurlar arzulayıram. İnanıram ki, gələcəkdə daha yaxşı nəticələr olacaq. Görülən işlərə görə inanıram, güvənirəm. Futbolumuzu daha yaxşı səviyyəyə çıxaracağıq. Bu, çox geniş, ətraflı danışılacaq mövzulardır”.

Chosen
18
arena.az

1Sources