EN

COP29-un uğurla keçməsi bədxahlarımızı məyus elədi

Belə olacaq, həmişə!

Azərbaycanın ciddi şəkildə hazırlaşıb, məsuliyyətlə başlayıb, uğurla yekunlaşdırdığı bu möhtəşəm beynəlxalq tədbir dövlətimiz üçün əhəmiyyətli, xalqımız üçün isə səmərəli oldu. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanın diplomatik mövqeyinin güclənib geniş miqyas alması, xalqımızın tərəqqisi üçün önəmli olan bu konfrans həm də dünyada dayanıqlı və “yaşıl” gələcək qururlmasına zəmin yaratdı.

Konfrans günlərində qürurverici məqamlarla çox üzləşdik. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevi dünyanın 70-dən artıq dövlət və hökumət başçıları ilə yanaşı görəndə nə zamansa olimpiada tarixi haqqında oxuduğum kitabdakı maraqlı məqamı xatırladım. Orada yazılırdı ki, müharibələrə görə olimpiya oyunlarına bir neçə il fasilə veriləndən sonra kimsə bu yarışların davam etdirilməsi təşəbbüsünü irəli sürür. Həmin məqsədlə Makedoniyalı İsgəndərin yanına da elçi göndərilir ki, yarışlarda iştirak etsin. İsgəndərin cavabı maraqlı olur: “Orada bütün krallar, dövlət başçıları iştirak edəcəksə, mən məmnuniyyətlə qatılaram”.

Bəli, Azərbaycan Prezidentinin sülh və əmin-amanlığın bərqərar edildiyi region, sabit Avrasiya və çoxtərəfli əməkdaşlıqların səmərəli məcraya yönəldilmiş dünya naminə daim, bir çox hallarda təkbaşına mübarizə apardığı hamının gözü qarşısında idi. Prezident İlham Əliyevin daha mütərəqqi cəmiyyətlər, daha firavan ölkələr və fəsadsız sabahlar üçün dünyanın əksər dövlət və hökumət başçıları ilə birlikdə çalışdığının da şahidinə çevrildik.

BMT-nin təşkil etdiyi ən böyük beynəlxalq tədbirlərdən birinin – COP29-un ölkəmizdə keçirilməsi bütün ölkələr üçün əhəmiyyətli olsa da, ən çox Azərbaycanın maraqlarına cavab verdi. Çünki 44 günlük İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəmizdən sonra Azərbaycanın yaratdığı yeni reallıqlara xor baxanlar rəsmi Bakının ünvanına cəfəngiyyatlar səsləndirir, xalqımıza və liderimizə qarşı təzyiq və təhdidlərlə çıxış edirdilər. COP29 həmin “xor” kapellasına cavab vermək baxımından olduqca səmərəli oldu. İşğalçı Ermənistana himayədarlıq edən, kimlərisə revanşa inandırmağa çalışan siyasi dairələr dünya teleekranlarından gördülər ki, Azərbaycan, sözün həqiqi mənasında, güclü dövlətdir.

İkinci mühüm uğur isə ölkəmizin ekoloji dayanıqlılıq, bərpaolunan enerji mənbələri və “yaşıl” iqtisadiyyat istiqamətində göstərdiyi səylərin dünyada tanıdılması oldu. Burada yüzlərlə ölkənin hökumət nümayəndələri, ekspertlər, qeyri-hökumət təşkilatları və işgüzar sektor bir araya gələrək öncə Azərbaycanın bu çərçivədə həyata keçirdiyi tədbirlərlə tanış oldular, sonra isə məlum istiqamətdə daha sivil və modern addımlar atılması ətrafında müzakirələrə qatıldılar.

Ekspertlərin fikrincə, dünyamiqyaslı bu konfransın ölkəmizdə keçirilməsi Azərbaycan üçün əhəmiyyətli bir hadisə olmaqla yanaşı, müxtəlif sahələrdə tərəqqi əldə etməyimiz üçün də yeni imkanlar yaradır. Dövlət başçımızın fikrincə, COP məkanında aparılmış müzakirələr və əldə edilmiş razılaşmalar Azərbaycan iqtisadiyyatının “yaşıl” texnologiyalara keçidini sürətləndirəcək, enerji sektorunda bərpaolunan mənbələrə üstünlük verilməsi istiqamətində addımların daha geniş miqyasda atılmasına təkan verəcəkdir.

Azərbaycan təkcə indi deyil, 1993-cü ilin yayından etibarən BMT tərəfindən irəli sürülən ekoloji təşəbbüslərin dəstəklənməsi istiqamətində mümkün olan bütün addımları atmışdır. Son illərdə isə həmin təşəbbüslərə ətraf mühitin mühafizəsi üzrə innovativ texnologiyaların tətbiqi ilə – yəni daha səmərəli şəkildə dəstək veririk. Eyni zamanda, həmin addımlarımız Azərbaycanın davamlı inkişaf məqsədlərinə çatması prosesini sürətləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu cür təşəbbüslər ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin yaxşılaşdırılmasına nəzərəçarpacaq dərəcədə təsir göstərir.

Bütün bunları nəzərə alan Azərbaycan Prezidenti hələ COP29-un başlanmasına xeyli qalmış demişdi ki, bu tədbirə evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün, həqiqətən, böyük şərəfdir: “Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən, yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik”.

Nəticə ondan ibarətdir ki, Azərbaycan məsuliyyət və səylə hazırlaşdığı böyük beynəlxalq tədbirin bütün əvvəlki COP-lara nisbətən daha mütəşəkkil şəkildə keçirilməsinə nail oldu. Bu il noyabrın 11-dən 23-dək ölkəmizdə olan dünya ictimaiyyəti təmsilçilərinin yekdil qərarı bu oldu ki, rəsmi Bakı ən mürəkkəb, çoxistiqamətli tədbirləri asanlıqla reallaşdıra bilir. Hətta Rusiya rəsmiləri gördüklərinə inana bilmirdilər ki, bu qədər çoxsaylı məclis və müzakirələr necə planlaşdırılıb ki, heç bir problem yaşanmır? Serbiya təmsilçiləri isə bir-birinə sual verirdilər ki, COP konfranslarını bu şəkildə daha hansı ölkə reallaşdıra bilərdi?

Mühüm nəticələrdən biri də odur ki, bu tədbir Azərbaycanın dünya siyasətinin ön cərgəsinə çıxdığını sübut etdi. COP29 təsdiq etdi ki, rəsmi Bakı beynəlxalq miqyasda özünəməxsus siyasət aparır, qlobal oyunçu kimi özünü təsdiq edir. Bakı isə dünya siyasətinin müzakirə olunduğu mühüm mərkəzə çevrilməkdədir. Bu tədbirin uğurla başa çatdırılması COP29 ərəfəsində və dünya rəsmilərinin Bakıya toplaşdığı günlərdə ölkəmizə qarşı təşkil edilən hücumların hamısının uğursuzluğa düçar olduğunu göstərdi.

Sübut olundu ki, ölkəmizin haqq işinə badalaq gəlmək üçün Fransanın “rəhbərliyi ilə” çalıb-oxuyan bədxahlarımızı heç bir ədalət və ya obyektivlik hissi deyil, sadəcə, qısqanclıq, paxıllıq və riyakarlıq hissləri birləşdirirdi. Həmin köhnə siyasi dairələr cəmi 33 il müstəqillik tarixi olan Azərbaycan Respublikasının dünya miqyaslı və BMT sistemində ən böyük tədbir olan COP29-a evsahibliyi etməsini özlərinə təhqir hesab edirdilər.

Bəzi siyasi dairələr isə hələ də Azərbaycanın Ermənistan üzərindəki hərbi-siyasi qələbəsinin yarımçıq qalması arzusuyla yaşayırlar. Elə ona görə də rəsmi Bakını Ermənistanla alaçiy, yarımçıq sülh müqaviləsi imzalamağa tələsdirirlər. Ağ Ev Administrasiyasının bu istiqamətdəki canfəşanlığı daha yüksəkdir. Artıq heç kəsə sirr deyil ki, 4 illik hakimiyyəti dövründə daim uğursuzluqlarla üzləşən Cozef Bayden, guya, Ermənistanla Azərbaycan arasında sülhə nail olmağa, hətta sülh müqaviləsinin Vaşinqtonda imzalanmasını təmin etməyə çalışırdı. Ekspertlərin fikrincə, Bayden bu canfəşanlıqla özünə siyasi xal qazanmaq və Nobel sülh mükafatına namizəd olmaq fikrində idi. Ancaq onun dünyanı nüvə müharibəsinin bir addımlığına gətirməsi həmin arzusunu gözündə qoydu.

Bizi, nədəsə, günahlandırmaq istəyən başqa “qütblər”in məqsədi isə Xocalı soyqırımı, Ağdamın Xirosimaya çevrilməsi kimi dəhşətli hərbi cinayətlər törətmiş separatçı, təxribatçı, terrorçu və quldur Ermənistan cinayətkarlarının ədalət mühakiməsindən azad olunmasına nail olmaq idi. Ancaq onlar da uduzdular, o birilər də, bütün bədxahlarımız da. Prezident İlham Əliyev elə bir qüdrətli Azərbaycan dövləti yaradıb ki, elə mükəmməl siyasi-diplomatik fəaliyyət göstərir ki, bədxahlarımızın əlləri üzlərində qaldı. Təbii ki, həmişə belə olacaq.

Azərbaycan COP29-dan sonra öz siyasətinə, diplomatiyasına, hərbi qüdrətinə, iqtisadiyyatına və ümumiyyətlə, cəmiyyət həyatının bütün sahələrinə dostlarımız üçün sevindirici, bədxahlarımız üçün isə arzuolunmaz güc əlavə etdi. Bu məqamda məşhur mahnıdakı “Belə ola həmişə!”– ifadəsini bir az redaktə eləmək zərurəti yaranır: Belə olacaq, həmişə!

İttifaq MİRZƏBƏYLİ

Chosen
86
xalqqazeti.az

1Sources