EN

Vətəndaş cəmiyyəti qlobal iqlim problemlərinə qarşı birləşir

QHT-lərin aktiv müzakirə platforması kimi yadda qaldı

Bskıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 29-cu sessiyası iqlim problemlərinin qlobal miqyasda müzakirəsi üçün yeni və mühüm platforma kimi yadda qaldı. Xüsusilə, ölkəmizin regional və qlobal müstəvidə hədəflədiyi yaşıl prioritetlər, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji balansın qorunması sahəsində atdığı fəal addımların uğurlu təqdimatı  tədbiri daha da yaddaqalan edib. Qeyd edək ki, Azərbaycan 2030-cu ilə qədər karbon emissiyalarını azaltmağı hədəfləyən strateji planlar hazırlayıb - dövlətin yaşıl enerji sahəsindəki təşəbbüsləri, alternativ və bərpa olunan enerji mənbələrinə diqqət ayırması, o cümlədən günəş və külək enerjisi sahəsində atılan addımlar xüsusilə diqqəti cəlb edir. Ümumiyyətlə, Azərbaycan 29-cu COP samitinə ev sahibliyi etməklə iqlim məsələlərində ön sıralarda təmsil olunmaq iddiasını əyani surətdə ortaya qoyur - bu, ölkəmizin yalnız enerji sahəsində deyil, həm də ekoloji və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq arenada daha fəal iştirak etdiyinin göstəricisidir.

Tədbir qlobal səviyyədə diqqət çəkib - COP29-a gələn dünya liderləri, rəsmi şəxslər, dövlət və özəl sektor, vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələrək iqlim dəyişmələri ilə mübarizə məsələlərini aktiv müzakirəsini təşkil və təmin etdilər. Müzakirələrin nəticələri də göstərir ki, ekologiyanı qorumaq hər birimizin borcudur - əgər planet ekoloji fəlakətə sürüklənərsə, artıq heç bir mövzunun əhəmiyyəti qalmayacaq. Bu mənada Yaşıl Zona vətəndaş cəmiyyəti, gənclər təşkilatları, uşaq təşəbbüsləri üçün bir həmrəylik məkanına, yaşıl dünya naminə birləşmək üçün yeni bir imkana çevrilmiş oldu. Gənclər və uşaqlar beynəlxalq təşkilatların sərgilədiyi stendlərdə sosial xarakterli müxtəlif səhnələr və təqdimatlar, kreativ üsullarla aksiyalar keçirərək ziyarətçilərin iqlim problemlərinə diqqətini cəlb etməyə çalışdılar. Vətəndaş cəmiyyəti təşkilatları müxtəlif tədbir və müzakirələr keçirərək ətraf mühit məsələsində yeni və innovativ yanaşmanın tətbiq olunması, bu sahədə əhali arasında geniş maarifləndirmə işinin aparılması üçün mayak rolunda çıxış edir.Vətəndaş cəmiyyəti instututu Bakı konfransı vasitəsilə dünyaya öz mesajlarını çatdırmaq imkanı və fürsəti qazanmış oldu.

Dövlət və vətəndaş cəmiyyəti vəhdət halında...

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, millət vəkili Naqif Həmzəyev “Yeni Azərbaycan”a bildirib ki, ölkəmizə baş tutmuş bu tədbirdə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti vəhdət halında sıx əməkdaşlıq etdi: “Xüsusən regionlarda yaşayan vətəndaşlarımızın COP29-un məqsəd və hədəflərinə çatmaq üçün yerli və milli müzakirələrin keçirilməsi, innovativ həllərin tapılması, daha geniş yaşıl zolaqların, vətəndaş təşəbbüslü alternativ enerji layihələrinin təşviqi və icrasına cəlbolunma mərhələsi vurğulanmalıdır. Məhz bu prosesdə dövlətlə yanaşı özəl sektorun da vətəndaş cəmiyyəti subyektləri ilə yaxından əməkdaşlıq etməsi, dayanıqlı inkişaf məqsədlərindən irəli gələrək yaşıl iş yerləri, sağlam və təmiz ətraf mühit, tullantıların səmərəli idarə olunması ilə bağlı tədbirlər həyata keçirildi. Şübhəsiz ki, bu prosesdə yerli və milli hökumətlərin təşviqedici rolda çıxış etməsi, bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi və yeni alətlərin işlənib-hazırlanması məsələnin vacib aspektlərindən sayıla bilər. Yaşıl iqtisadiyyata keçidlə bağlı yerli və regional səviyyələrdə biznes subyektləri və QHT-lərin iştirakı ilə elmi konfransların, forumların, müzakirələrin keçirilməsi, eləcə də bu sahədə maarifləndirmə işinin aparılması əsas hədəflərdən idi. Özəl sektorun ətraf mühitlə bağlı çağırışlara həssaslıqla yanaşması ölkədə yeni iş yerlərinin açılması, vətəndaş cəmiyyətinin dayanıqlılığının artırılmasına öz töhfəsini vermiş olacaq”.

Əvvəlki COP-larda buna şahid olmamışdıq

N.Həmzəyevin sözlərinə görə, COP29 çərçivəsində sülh mədəniyyətinin təbliği və təşviqi, mədəniyyətlərarası dialoq mövzusu da diqqətdən kənarda qalmadı: “Əslində, COP29 miqyasında müxtəlif qitələri və mədəniyyətləri təmsil edən minlərlə iştirakçının Bakıda bir araya gəlməsi öz-özlüyündə sülh və mədəniyyətlərarası dialoqa mühüm bir töhfə sayıla bilər. Konfrans çərçivəsində sülhün təşviqi və mədəniyyətlərin müxtəlifliyinə hörmət, eyni zamanda, bu sahədə inklüzivliyin təmin edilməsi mövzularının müzakirəsi, Azərbaycanın qlobal səviyyədə sülhün təşviqinə ciddi töhfələridir. Yalnız bir qitənin deyil, dünyanın bütün ölkələrinin bu prosesdə iştirakı və tərəfdaş olmasının vacibliyini önə çəkmiş olduq. Eyni zamanda, müstəmləkəçiliyin yolverilməzliyi bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Azərbaycan məhz bu miqyasda keçirilən beynəlxalq konfransda yeni mədəniyyətlərlə tanış olmaq, Afrika ölkələrindən yeni tərəfdaşlar qazanmaq imkanı əldə etdi. Bu, həm də mədəniyyətlərin inteqrasiyası, Afrika ölkələrində yaşayan xalqların hüquqlarının müdafiəsi, onların qlobal siyasi proseslərdə fəal iştirakına yeni bir çalar qatdı. Bundan əvvəlki COP-larda biz Afrika qitəsindən dövlət və vətəndaş cəmiyyəti təmsilçilərinin belə geniş arealda hüquqlarının qaldırılmasını və səslərinin ucaldılmasının şahidi olmamışdıq ki, bu da məhz COP29 çərçivəsində baş verdi. Eyni zamanda, bu tədbir bizə Afrika ölkələri ilə bütün sektorlarda yeni tərəfdaşlıq imkanları qurmağımıza kömək edəcək”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.

1Sources