EN

Xəzər niyə quruyur? - ŞƏRH

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində “İqlim dəyişikliyi fonunda Xəzər dənizində su səviyyəsinin azalması” mövzusunda yüksəksəviyyəli görüşdə deyib ki, Xəzər dənizinin səviyyəsi tarixdə qeydə alınan ən aşağı həddə yaxındır. Son 30 ildə dəniz səviyyəsi 2,5 metrə yaxın azalıb, son illərdə isə illik azalma həyəcanverici - 20-30 santimetrə çatıb. Həmin sürətli dayazlaşma təcili tədbirlər görülməsini tələb edən ciddi ekoloji və iqtisadi risklərə səbəb olur.

Maraqlıdır, Xəzərin səviyyəsi niyə kəskin dərəcədə aşağı düşür? Hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı danışan ekoloq Rövşən Abbasov bildirib ki, Xəzər dənizinin suyunun azalmasına müxtəlif amillər təsir edir.

Onun sözlərinə görə, bunlardan birincisi iqlim dəyişmələridir:

"Havanın temperaturunun uzunmüddətli istiləşməsi həm Xəzər dənizinə tökülən çayların suyunu azaldıb, həm də buxarlanmanı sürətləndirib. Su səviyyəsinin azalması məhz buna görədir. Bu, əlbəttə ki, Azərbaycanın sahil infrastrukturuna ciddi ziyan vurur. Xüsusilə gəmiçilik sektorunda gəmilərin limanlara yan almasında problemlər var.

Balıqlar üçün ekomühit getdikcə zəifləyir. Çünki suyun temperaturunun istiləşməsi və dayazlaşma vertikal strafikasiyanı gücləndirir, oksigen miqdarını azaldır. Bu həm də balıqçılığa çox ciddi təsir etməkdədir. Sahil ərazilərində yaşayan icmaların ənənəvi gəlirləri də getdikcə azalır".

Ekoloq Qorxmaz İbrahimli isə qeyd edib ki, Xəzər dənizinin səviyyəsi bir zamanlar yüksəlirdi, indi əksinə aşağı düşür. O düşünür ki, dənizin enməsinin əsas səbəbi suvarmadır:

"Xəzərin su daşıyıcı çaylarının suvarmaya cəlb olunması çəkilmələrə səbəb olur. 1960-cı illərdən başlayaraq Sovet hökuməti dövründə pambıqçılığın inkişafına su mənbələri cəlb edildi. Pambıqçılıq da böyük su tələb edirdi. Hazırda ölkəmizin ərazisindən keçən əsas su mənbəyibimiz olan çay Kürdür. Kür isə transsərhəd çayı olduğuna görə biz onunla bağlı sərhəddən kənarda baş verən proseslərə müdaxilə edə bilmərik. Bu, artıq beynəlxalq təşkilatların, beynəlxalq konvensiyaların işidir.

Beynəlxalq konvensiyalarda aşağı axarda yaşayan dövlətlərə suyun necə çatdırılması nəzərə alınmalıdır. Biz də Kürün aşağı axarında yaşayan dövlət olaraq suyunu tək özümüz üçün istifadə etməli deyilik. Həm də Xəzərə yönləndirmək lazımdır. Bunlar əslində kompleks şəkildə həll olunmalıdır".

Ekoloq onu da bildirib ki, artıq Volqa, Ural, çayları da quruyur:

"Emba çayı da tamamən qurudu. 1930-cu illərdən sonra demək olar ki, Xəzərə su gətirmir. İlk növbədə suvarmanın düzgün tətbiq olunmasını həll etmək lazımdır. Xəzəryanı dövlətlər bu barədə düşünməlidir. Bunlar hamısı ciddi yanaşma tələb edir və təkcə Azərbaycanın problemi deyil. Azərbaycan da daxil olmaqla Xəzəryanı 5 dövlətin, o cümlədən Birləşmiş Millətlər Təşkilatının ciddi problemidir".

Həmidə İbrahimova

Mənbə: azvision.az

Chosen
26
azvision.az

1Sources