EN

Sülh yaxındadır...

Ermənistan Azərbaycanın şərtlərini qəbul edir

Paşinyandan sülh açıqlaması...

Aİ missiyası “gedir” - Zəngəzur dəhlizi açılır

Cənubi Qafqaz bölgəsinin sabit və daimi inkişaf mərəhələsinə qədəm qoyması istiqamətində yürütdüyümüz siyasət öz bəhrəsini verməkdədir. Ölkəmizin sülh təşəbbüsləri və onun nəticələri istər regiona, istərsə də regionətrafı coğrafiyaya mühüm üstünlüklər vəd edir. Aparılan uğurlu xarici siyasət kursu Mərkəzi Asiya, Cənubi Qafqaz, Kiçik Asiya, hətta Rusiya və İran üçün mühüm siyasi-iqtisadi dividendlər yaradır. Bu mənada, Cənubi Qafqazın prosesdə oynayacağı rol xüsusi qeyd edilməlidir - bir zamanlar kataklizmlərlə, münaqişələrlə xarakterizə edilən region bu gün əməkdaşlıq məkanı, sabitlik adası hesab olunur. Təsadüfi deyil ki, ölkəmizdə keçirilən COP29 çərçivəsində baş tutmuş bir çox panel iclaslarında ölkəmizin sülhpərvər mövqeyi, regionun iqtisadi inkişafı üçün həyata keçirdiyi strateji yol xəritəsi təqdir olunub.

Bu fəaliyyətin daha qabarıq şəkildə nəticə verməsi üçün isə bir məqam xüsusi əhəmiyyət daşıyır - bölgədə təhlükəsizliyin təmini üçün əbədi sülh ən vacib şərt kimi meydana çıxır. Sülh prosesinin indiki məqamında isə nəticəyə yaxınlıq hiss edilməkdədir - bu istiqamətdə müzakirələr daha da intensivləşib. Verilən açıqlamalar da onu göstərir ki, sülh çox uzaqda deyil.

Sülh üçün əsas şərtlər...

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində Azərbaycanla müqavilənin ilin sonuna qədər imzalanması üçün hər şeyi edəcəyini bildirib. Erməni baş nazirin bu açıqlaması özlüyündə bəzi mətləblərdən də xəbər verir - o baxımdan ki, həm Paşinyan, həm də Ermənistanın digər siyasi rəhbərləri anlayırlar ki, Azərbaycanın şərtlərinə əməl edilməyəcəyi təqdirdə sülhdən söhbət belə gedə bilməz - ölkəmizin dəyişməz tələbləri hələ də öz qüvvəsindədir. Sülh üçün ən vacib şərt Ermənistanın uzun illərdir ki, davam edən əsassız iddialarından geri çəkilməsi, paralel olaraq ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı mövqeyini açıqlamasıdır. İrəvan yalnız rəsmi şəkildə konstitusiyasında dəyişiklik etməklə sülh prosesinin ardıcıllığını təmin edə bilər - bu, gələcək kataklizmlərin yaranması ehtimalını da indidən aradan qaldırmış olur. Ermənistan Konstitusiyasını dəyişmədikcə bu ölkənin Azərbaycana qarşı ərazi iddialarının hər an eskalasiyaya çevrilmə təhlükəsi var.

ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı bəyanata gəldikdə isə, bu məsələdə real olaraq Ermənistanın manipulyasiyalardan əl çəkməsi üçün ən vacib məqamlardandır. Bəlli olduğu kimi, artıq tarixə qovuşmuş “münaqişə”nin tənzimlənməsində vasitəçi kimi çıxış etməli olan ATƏT-in Minsk qrupu özünün “missiyasını” başa vurub - “münaqişə” bitdiyi üçün bu qrupa da ehtiyac qalmayıb. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə bu problemi həll etdi. Paralel olaraq məsələ beynəlxalq gündəlikdən də düşüb. Belə olan halda Minsk qrupunun fəaliyyətinə hər hansı bir ehtiyac da qalmayıb...

Xarici ianələr kəsilir - Ermənistan sosial məngənədə...

Təbii ki, Ermənistan hazırki qlobal prosesləri görür və dəyərləndirir. İqtisadi çətinliklərin girdabından qurtula bilməyən İrəvan xarici ianələrdən də ümidini üzüb - Ermənistana illərlə pul göndərən regionların başı özünə qarışıb. Fransa ətrafında inkişaf edən müharibə ssenarisindən uzaq qalmaq üçün “baş sındırır”. Eyni zamanda, Makron hakimiyyəti ölkədəki iqtisadi geriləmənin təzahürü kimi meydana çıxan etiraz aksiyalarının əlində çarəsiz qalıb. Hətta Makronun “impiçment” məsələsi yenidən qaldırılır. ABŞ-ın hazırki hakimiyyətinin başı isə son 2 ay üçün Ukrayna müharibəsini daha da genişləndirməyə qarışıb - Bayden və komandası üçün indiki halda Ermənistan heç bir xüsusi məna kəsb etmir.

Beləliklə, Ermənistan iqtisadi-sosial çətinliklərlə üz-üzə qalıb. Bunun nəticəsidir ki, Ermənistan hökuməti 2025-ci ildən etibarən Qarabağdan Ermənistana öz xoşu ilə köçmüş insanların mənzil müavinəti ödənişlərini tamamilə dayandırmağı, digər kateqoriyaya aid olanlara isə müavinətlərin məbləğini azaltmağı planlaşdırır. Ermənistan mediasının yazdığına görə, qərar Ermənistan büdcəsində artan kəsir və sosial proqramlara ayrılan maliyyə vəsaitlərinin çatışmazlığı ilə əlaqələndirilir. Hazırda Ermənistanda minlərlə Qarabağdan gəlmiş ailə müavinət hesabına yaşayır və bu qərarın onların həyat səviyyəsinə ciddi təsir göstərəcəyi gözlənilir.

Göründüyu kimi, artıq Ermənistan hakimiyyəti əsl reallıqlarla üzləşib - xarici ianələrə arxayınlıq mərhələsi başa çatıb. İndiki halda sosial layihələri ləğv etməklə işin içindən çıxmağa çalışan Paşinyan və komandası yaxın gələcəkdə onları gözləyən vəziyyəti görür və dəyərləndirir. Paşinyanın sülhlə bağlı müsbət anonslar səsləndirməsinin bir səbəbi də məhz bu amildir. Paşinyan dərk edir ki, yaxın gələcəkdə daha da güclənmə ehtimalı olan sosial narazılıq nəticədə sosial partlayışa səbəb ola bilər - bu isə, hakimiyyət çevrilişinə qədər uzanma ehtimalı formalaşdırır...

İrəvan Aİ-yə “qapı göstərdi”

5 aprel üçtərəfli bəyannaməsi ilə Qərbə arxayın olan Paşinyanın oxu daşa dəydi - artıq nə Avropa Birliyi, nə də ABŞ İrəvana müsbət gələcək vəd edə bilmir. Azərbaycanla münasibətləri normallaşdırmanın prioritet olaraq seçilməsi faktoru həm də buradan qaynaqlanır. Təsadüfi deyil ki, Paşinyan ölkəsinin İctimai kanalına müsahibəsində Ermənistanın Azərbaycana Avropa İttifaqı missiyasının delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməyəcəyini təklif edib. Onun sözlərinə görə, danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var. “Əgər biz həqiqi sülhə nail olsaq, sülh müqaviləsi imzalasaq, Ermənistan qarşılıqlı prinsip əsasında Azərbaycana qarşı beynəlxalq iddialardan imtina etməyə hazırdır”, - o vurğulayıb.

Beləliklə, Aİ-nin mssiyasının yaxın gələcəkdə geri qayıtması perspektivi günü-gündən artır. Artıq onların Erəmnistanda qalmasının heç bir müsbət üstünlük vəd etmədiyini dəqiqləşdirən Paşinyan Aİ missiyasına “qapını göstərir”. Mərhələli şəkildə ən qısa zamanda Ermənsitanı tərk edəcək Aİ missiyasının gedişi ilə isə əsasən Fransanın regiona müdaxilə və təzyiq imkanları minimuma enəcək.

Zəngəzur dəhlizi reallaşır - seçim Ermənistanındır...

Ermənistanın ortada olan iqtisadi dividendlərdən yararlanma imkanları öz əlindədir - İrəvan Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyə riayət edəcəyi təqdirdə daha yüksək iqtisadi imkanlar əldə edəcək. Vurğulayaq ki, dəhlizin fəaliyyətə başlaması perspektivində regionun tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm halqa təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan 3 beynəlxalq səviyyəli aeroportun yaradacağı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək və  respublikamız perspektivdə etibarlı tranzit ölkə kimi bundan böyük həcmlərdə gəlirlər əldə edəcək.

Eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması digər region dövlətləri, xüsusilə Ermənistan üçün olduqca vacibdir. Şərq-Qərb və Şimal-Cənub magistral xəttinin qovşağında yerləşən Azərbaycanın yaratdığı imkanlarla Ermənistan da özünün iqtisadi imkanlarını inkişaf etdirə biləcək.

Ermənistan nə qədər təkzib etsə də, layihənin reallaşması ehtimalı yüksəkdir. Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan tarixi şansı qaçırsa, bu, Bakının planlarına heç bir təsir etməyəcək; Azərbaycan fərqli marşrut seçməyi yubatmayacaq. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında nəqliyyat sektorunda ən böyük layihə Zəngəzur dəhlizidir. “Bu istiqamətdə biz Azərbaycan tərəfi ilə operativ şəkildə prosesləri davam etdiririk. Dəhlizin haradan - Ermənistan və ya İran ərazisindən keçəcəyini isə azərbaycanlı qardaşlarımız həll edəcək. Sonra bu dəhliz Naxçıvandan Türkiyəyə keçəcək. Türkiyədə biz layihəmizi tamamladıq, tender keçirdik, yaxın günlərdə tikinti işlərinə başlayacağıq və Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik”, - deyə nazir qeyd edib.

P.SADAYOĞLU

1Sources