EN

Jalə Əliyeva Zərdab, Kürdəmir,Ucar sakinləri üçün büdcə müzakirəsi zamanı təkliflərini verdi

Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, Əmək və sosial siyaət komitəsinin üzvü Jalə Əliyevanın Milli Məclisin Aqrar siyasət, Ailə, qadın, uşaq məsələləri, Elm və təhsil komitələrinin   2025-ci il büdcə müzakirələrinin aparıldığı birgə iclasında çıxışını təqdim edirik.
XALQ.AZ məlumat verir ki,  Millət vəkili seçiciləri narahat edən məsələrdən danışıb və çıxışını təqdim edirik:
Hörmətli hökümət üzvləri, millət vəkilləri, media nümayəndələri! Mən öz növbəmdə hər birinizi salamlayıram.
Digər komitələrin birgə iclasında  büdcə müzakirələri zamanı 2025-ci ilin büdcə layihəsi ilə bağlı səsləndirdiyimiz müsbət fikirlərimizi bir daha ümumiləşmiş şəkildə ifadə edərək, bildirmək istəyirəm ki, önümüzdəki il üçün büdcə xərclərinin 1,5 dəfə artırılması çox müsbət bir göstəricidir və ölkənin dayanıqlı, stabil inkişafından xəbər verir. Mən bu layihəyə səs verəcəyəm. Eyni zamanda deputatı olduğum Zərdab, Kürdəmir, Ucar rayonları üzrə müxtəlif sahələrdə mövcud olan vəziyyətlə sizi tanış edərək, təkliflərimizi səsləndirmək istəyirəm.
1.Zərdab rayonunun Çallı, Məlikumudlu , Təzəkənd və Qoşaoba ərazilərində, Ucar rayonunun Lək, Xələc kəndlərində sakinlər hələ də suvarma suyundan əziyyət çəkir.
2.Zərdab rayonunun Sahhüseynli kəndinin 834 ha əkin sahəsinin suvarılması üçün tikintisinə keçən il başlanmış boru kəməri və beton kanalının tikintisi işləri aprel ayından dayandırlııb.
3.Kürdəmir rayonunun əkin sahələrində meliorasiya işləri aparılmadığına və suvarma kanallarının, xüsusilə beton latokların istismar müddəti bitdiyinə görə vəziyyət bir o qədər ürəkaçan deyil. Su nasoslarının vaxtında təmir olunmaması və elektrik su nasoslarını qidalandıran elektrik xətlərinin aşınması kənd sakinlərinə problemlər yaradır.
4.Bilirik ki, hər bir kənd sakininin əsas gəlir mənbəyi əkinçilik və heyvandarlıqdır. Lakin bu sahədə bir sıra problemlər var. Belə ki, örüş yerləri üçün ayrılmış torpaq sahələri daha əvvəlki illərdə uzun müddətə müxtəlif şəxslərə icarəyə verilib ki, bu da kənd sakinlərinin heyvandarlıqla məşğul olmasını məhdudlaşdırır. Vətəndaşlar örüş yerlərinin əvvəlki təyinatı üzrə qaytarılmasını xahış edirlər.
5. Yuxarıda qeyd etdiyimiz səbəblərlə əkinçilik və heyvandarlıqla məşğuliyyət qənaətbəxş olmadığı üçün və işsizlik səbəbiylə kənd əhalisinin kütləvi şəkildə başqa şəhərlərə axını müşahidə edilir. Məsələn, Kürdəmirdə bizə verilən məlumata görə bu səbəblə məktəblərdə şagird çatışmamazlığından siniflər bağlanır və bu da son nəticədə müəllimlərin işsizliyi ilə nəticələnir.
5. Söhbət təhsildən düşmüşkən, bir neçə məsələni diqqətə çatdırmaq istəyirəm.
Zərdab rayonunun Biçaqçı kənd orta məktəbinin əsaslı təmiri və Şəftəhal kənd orta məktəbi üçün məktəbin yeni tikintisi 2024-cü ildə başlamalı olduğu halda, hələ də işlərə start verilməyib. Eyni zamanda əsaslı təmirinə başlanmış Şahhüseynli kənd uşaq bağçasında təmir işlər çox zəif və ləng aparılır.
6. Ümumiyyətlə Zərdab rayonunda əsaslı təmir və tikinti üçün növbəsini gözləyən 15 -dən çox məktəbimiz və 10-a yaxın bağçamız var ki, bu məktəblər və bağçalar hələlik plana salınmayıb.
7. Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Bundan iki gün əvvəl Zərdab rayonunun 5 bağçasında – rayonun 2 və 4 nömrəli şəhər bağçalarında və Gəlmə, Şahhüseynli, Hüseynxanlı kəndlərində istilik olmadığına dair məlumat daxil oldu və məsələnin həllinə lköməklik göstərməyimiz xahiş edildi. Araşdırmalarımız zamanı məlum oldu ki, həmin bağçaların Azərqaza yaranan borcuna görə qaz verilişi dayandırılmışdır. Təhsil Nazirliyinin səlahiyyətliləri ilə danışıb, vəziyyəti diqqətlərini çatdırdım. Məsələ qısa müddətdə həllini tapdı və artıq həmin bağçalara təbii qazın verilməsi təmin edilib. Problemi operativ şəkildə həll etdiklərinə görə Təhsil Nazirliyinə və Azərqaza minnətdarlığımı çatdırıram.
8. Sonda mən də hörmətli Hicran xanımın səsləndirdiyi fikirlərə qoşularaq, hökümətimizdən ailələrin möhkəmliyinin təmin edilməsi, ailədaxili münaqişələrin minimuma endirilməsi və ən əsası bütün uşaqların xoşbəxt böyüməsi, xüsusilə kimsəsiz uşaqların gələcəyinin dövlət təminatının gücləndirilməsi üçün xüsusi proqramların hazırlanmasını və bu sahəyə daha çox vəsait ayrılmasını xahiş edirəm.
Mən bir daha büdcə layihəsini hazırlayanlara təşəkkür edir və plenar iclasa tövsiyə etdiyimizi bildirirəm.
Chosen
44
xalq.az

1Sources