''Qalatasaray'' Türkiyə çempionatının 13-cü turunda debütant ''Bodrum''un qonağı oldu. Bütün ikinci hissəni azlıqda keçirməli olan Volkan Dəmirəlin çalışdırdığı ''Bodrum'' güclü rəqibinə layiqli müqavimət göstərsə də, xal qazana bilmədi.
Fasilədə meydana çıxan Batşuayinin 54-cü dəqiqədə vurduğu qol ''Qalatasaray''a 3 xal qazandırdı. Belçikalı ulduz bu mövsüm superliqada artıq 3-cü dəfə sonradan meydana çıxdığı qarşılaşmada fərqlənməyi bacardı. Rəsmi matçlarda ardıcıl 7-ci qələbəsini qazanan ''Cim-Bom'' bu 3 xal sayəsində yenə önəmli göstəricilərə nail oldu. Komanda debütantlara qarşı qələbə seriyasını 15-ə yüksəltməklə 1996-98-ci illərdə müəyyənləşdirdiyi şəxsi rekordunu tekrarladı.
Bundan başqa ''Qalatasaray'' 12-ci oyunlar üçün həm qələbə (11), həm də xal (34) baxımından Türkiyə çempionatının rekordunu yenilədi! Və nəhayət, İstanbul nəhəngi superliqada ardıcıl 14-cü səfər oyunundan qələbə ilə ayrılaraq turnirin tarixinin rekordunu bir qədər də yaxşılaşdırdı. 2024-cü ildə superliqada keçirdiyi 15 səfər oyununun 14-dən qələbə ilə ayrılan ''Qalatasaray'' Avropanın ən güclü 10 çempionatında rəqib meydanlarında ən yüksək (93) qələbə faizinə malik komandadı.
ƏLİ