EN

Ombudsman İƏT-in Baş katibi ilə GÖRÜŞDÜ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein İbrahim Taha ilə görüş keçirib.

Viral.az xəbər verir ki, görüş zamanı Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Fəaliyyətində beynəlxalq əməkdaşlığa mühüm önəm verdiyini bildirən Müvəkkil regional və beynəlxalq təşkilatlarla, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyası (İƏT OA) və Asiya Ombudsmanlar Assosiasiyası çərçivəsində üzv ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə mövcud olan qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində addımlar atdığını qeyd edib. S.Əliyeva insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində İƏT OA-ya üzv ölkələrin milli insan hüquqları təsisatları arasında birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Son Yazılar:

Azərbaycan torpaqlarının otuz ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdıran Ombudsman həmin dövr ərzində İƏT-in ölkəmizə dəstək verdiyini, Xocalı soyqırımını tanıdığını, işğal altında olan torpaqlarımızın azad edilməsi tələbi ilə bağlı qətnamələrin qəbul edildiyini məmnunluqla xatırladıb.

Ermənistanın ərazilərimizdə törətdiyi ekosid cinayətləri barədə də məlumat verən Müvəkkil ekologiyaya ciddi zərər vurulduğunu, torpaqlarımızın minalarla çirkəndirildiyini bildirib. Ombudsman basdırılmış minaların dəqiq xəritələrinin indiyədək ölkəmizə təqdim edilmədiyini, mina probleminin mülki şəxslərin həyat və sağlamlığına, keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz qayıdışına və həyata keçirilən bərpa-quruculuq işlərinə ciddi maneə törətdiyini qeyd edib.

Bütün bunlar nəzərə alınmaqla, mövcud problemin aradan qaldırılması üzrə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr tərəfindən dəstəyin artırılmasının olduqca mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein İbrahim Taha öz növbəsində səmimi görüşə görə təşəkkürünü bildirərək, Azərbaycanın İƏT-in fəal üzvü olduğunu qeyd edib. Baş katib dəfələrlə ölkəmizə səfər etdiyini, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin islam dünyasında rəğbətlə qarşılandığını, işğaldan azad olunmuş ərazilərimizdəki bərpa-quruculuq fəaliyyəti ilə yerində tanış olduğunu da diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Chosen
4
17
viral.az

10Sources