EN

COP29 bitməkdəykən düşündürdükləri.. - » AzadMedia.az



Bakı, 24 noyabr — Azadmedia.az


Azərbaycan bu dəfə də böyük bir qlobal tədbiri üzü ağ, alnı açıq təşkil etdi, başa vurdu.

Dövlətimiz, onunla bərabər xalqımız əl-ələ verib yüksək səviyyəli qonaqları layiqincə qarşıladı, qonaq etdi, rahat bir şəkildə əzizlədi və hörmətlə yola saldı. Noyabrın 11-dən 23-dək keçən müddət ərzində millət və dövlət olaraq əlimizdən gələni etdik ki, gələn qonaqlar bizdən razı getsinlər.

Bacardıq da. Xalq və dövlət birliyi növbəti dəfə özünü göstərdi. Özəlliklə də bu günlərdə Bakıda nəqliyyatın hərəkətinin fərqli tənzimlənməsinə vətəndaşlar – sakinlər olduqca təmkinli – anlayışlı yanaşdılar. Düzdür, Azərbaycandan minlərlə km ötədə oturub erməni çubuğu ilə oturub-duranlar Bakıda ortalığı qarışdırmağa çalışdılar. Həm də gecəli-gündüzlü. Amma mayanı batırdılar. Özü də əməlli-başlı.

Biz dövlət və millət olaraq göstərdik ki, nisbətən balaca olsaq da Yer kürəsinin, bəşəriyyətin taleyinə bizdən qat-qat böyük olanlardan daha artıq yanırıq. Biz onu da göstərdik ki, bu iş üçün nəinki əlimizdən gələni, gəlməyəni belə edəcək qədər ürəkliyik! Millət və dövlət olaraq!


Azərbaycan bu prosesə pəl vurmaq, gəlib hətta Bakıda qanqaraçılıq salmaq istəyənlərə o qədər təmkinlə yanaşdı ki, bədxahlarımız belə çaşıb qaldılar, pat vəziyyətinə düşdülər.

Bizsə eyni zamanda müşahidə etdik. Baxdıq ki, kim necə gəlir, nə gətirir, nə aparır və ümumiyyətlə gələnlərin hamısınınmı məqsədi dünyanı iqlim fəlakətindən qurtarmağa yönəlikdir?

Gördük ki, gələnlərin 100-də 99,9-u səmimi şəkildə məhz bu amala xidmət üçün Bakıya gəlib. Gəlməklə qalmayıb, fəallıq edib, həyəcan təbili çalıb, yatanları ayıltmağa çalışıb ki, Yer kürəsini birlikdə xilas edək. Bu kəsimə əhsən!

Yerdə qalan 100-də 0,01 faizi isə burada özünün bədxah niyyətləri üçün qida axtarmaqla məşğul oldu, amma demək olar ki, tapmadı…


Dünyanı xilas etmək üçün gələnlər həm də Azərbaycanı gördülər, tanıdılar. Onların arasında minlərlə insan vardı ki, ilk dəfə Bakıya gəldi, Azərbaycanlılarla ünsiyyətdə oldu, bizi sevdi. Hələ aralarında yetərincə insan da vardı ki, bəzi dairələrin məqsədli və pis niyyətli təbliğatına aldanaraq Azərbaycan haqqında tamam başqa fikirdə idilər. Amma gəlib görəndən sonra aldadıldıqlarını dərhal anladılar…


Haşiyə: Fransa, başda bu ölkənin Prezidenti Emmanuel Makron olmaqla COP29-un iflası üçün əlindən gələni etdi. Bunlar hətta irəli gedərək bəzən açıq, bəzən də gizli kanallarla dünya xalqlarını Bakıya gəlməkdən çəkindirməyə çalışdılar. İş o yerə çatdı ki, COP29-u boykot etdirmək istədilər. Daha da irəli gedərək Bakının, ümumiyyətlə Azərbaycanın əcnəbilər üçün təhlükəli bir yer olduğunu iddia etdilər. Amma gəlib gedənlər gördü ki, Bakı, Azərbaycan dünyanın ən sakit, ən rahat, ən tolerant yeridir!

Hər şey əla oldu. Təkcə bir məsələdən başqa: dünyanın ən aparıcı dövlətləri və qurumları Yer kürəsinin – bəşəriyyətin taleyini xilas etmək üçün məsuliyyəti yetərincə bölüşmək qərarını dəstəkləmədi!

Bəli, COP29-da dünyanı xilas etmək üçün hər il 1,3 trilyon dollar vəsaitin lazım olduğu dilə gətirildi, məsələnin üzərində işlənildi və nəzərlər inkişaf etmiş dövlətlərə dikildi. Ki, sizin imkanlarınız var, buyurun, necə ki, dünyanın sərvətlərini hamıdan çox siz mənimsəyirsiniz, varlanmısınız, indi də zəhmət çəkin, bəşəriyyəti xilas edin!

Etmək istəmədilər! ABŞ yaxasını kənara çəkdi!

Avropa Birliyi yaxasını kənara çəkdi!

Fransa kimi, Almaniya kimi dövlətlər də yaxalarını kənara çəkdilər!

Amma dünyanın ən ucqar bir nöqtəsində ən adi hadisə baş verəndə bunların hamısı xorla – səs-səsə verib “həyəcan təbili” çalırlar!

Dünya batır, a kişilər, bəs necə oldu sizin dünyanın taleyi üçün məsuliyyətiniz?

Bəs demirdinizmi ki, bu dünyanı ancaq siz idarə və xilas edə bilərsiniz?

Buyurun da, düşün qabağa, dünya da sizə minnətdar olsun!


Düşmürlər qabağa. Bu yazı yazılan anda gələn məlumatlara görə, 1,3 trilyon deyil, 300 milyard dollarla bağlı razılaşma olacağa bənzəyirdi (yazı bitənədək rəqəm dəyişə də bilər)!

Böyük olduğunu iddia edənlər bu məsələdə necə cılız – kiçik olduqlarını utanmadan, çəkinmədən, qızarmadan göstərdilər!

Bəs biz demirdikmi ki, bunlar sözdə demokratdır?

Bəs biz demirdikmi ki, bunlar sözdə insan haqları qoruyucularıdır?

Bəs biz demirdikmi ki, bunları bəşəriyyətin taleyi deyil, şəxsi maraqları – cibləri düşündürür?

Alın sizə, adamlar açıq-aşkar bunu nümayiş etdirdilər və dünyanın taleyinə – sabahına beləcə tüpürdülər!

Yuxarıda hansısa 0,01 faizdən danışmışdıq. Bilirsiniz kimlər oldu bu faizin içində?

ABŞ konqresmeni Frenk Pallone, senatoru Ed Marki və bir neçə onlara bənzər şəxslər. Bu adamlar Bakıya gəldilər, burada tamaşa göstərmək istədilər, alınmadı. ABŞ-yə qayıdandan sonra qırmızı-qırmızı – utanmadan yalanlar uydurub özlərini təmizə çıxarmağa – qarşısında öhdəlik götürdüklərinə hesabat verməyə çalışdılar. Amma alınmadı, çünki qatar artıq getmişdi!
Bir də Almaniyanın gənc, təcrübəsiz xarici işlər naziri Annalena Bərbok gəlmişdi. O da gəldi, COP29 qaldı bir kənarda, başladı Azərbaycanın sözün həqiqi mənasında daxili işlərindən danışmağa!

Ədəb, yahu!

Adama deyərlər ki, əgər sənin Azərbaycanın hansısa məsələsi ilə bağlı müzakirə niyyətin vardısa, niyə bunun üçün COP29-u seçirsən? Məgər COP29 Azərbaycanın müzakirəsi üçün təşkil edilmişdi? Deyil axı! Dünyanın taleyinin müzakirəsi üçündür bu platforma və BMT-nin tədbiridir!

Bu adi gerçəyi belə ayırd edə bilməyən bu gənc və təcrübəsiz nazir Bakıya gəlib, gözünü yumub, ağzını açıb və Azərbaycana yüklənib!

Hələ bu azmış kimi gedib hansısa daxmada Azərbaycandakı “avtoritar rejim”dən əziyyət çəkən “millət fədailəri” ilə görüşüb!

Bir daha deyirik, ədəb, yahu!

Bu davranış nə diplomata, nə nazirə, nə də istənilən dövlət rəsmisinə yaraşar!


Bir daha deyirik, əgər belə bir müzakirəyə zərurət vardısa, bunun üçün Azərbaycan dövləti ilə danışmaq, anlaşmaq, bundan sonra lap elə Bakının küçələrinə çıxıb istənilən vətəndaşla söhbət etmək olardı!

Amma bunlar belə etmirlər! Etməzlər! Nə qədər ki, içimizdə nicatı öz dövlətində deyil, başqa dövlətlərdə axtaranlar qalır, belə Annalenalar üzərimizə gəlməyə davam edəcək!

Və Azərbaycan vətəndaşı olduğu halda öz ölkəsini ayaqlar altına atmağa hazır olanlar da beləcə ölkəmizi gözdən salmağa davam edəcək!

Amma bunları da keçəcəyik! Əsas odur ki, Azərbaycan COP29-u bəzilərini təəccübləndirəcək dərəcədə mükəmməl keçirməyi bacardı! Biz millət və dövlət olaraq üzərimizə düşəni etməyi bacardıq! Alınan qərarlarla bağlı məsələ isə Azərbaycandan deyil, dünyanın ən aparıcı dövlətlərindən, hər şeydən öncə isə tədbirin sahibi olan BMT-dən asılıdır. Biz BMT-yə yetərincə yardımçı olmağa çalışdıq, bunu bacardıq, əlimizdən gələnindən də artığını etdik! Qalanı təfərrüatdır.

Azər Həsrət
Chosen
58
2
azadmedia.az

10Sources