EN

Milli Məclisin sədrindən mühüm açıqlamalar


Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün, 25 noyabr tarixli plenar iclasında çıxış edib. 

Musavat.com spikerin çıxışının tam mətnini təqdim edir:

“Hörmətli cənab Baş nazir və hökumət üzvləri!

Hörmətli deputatlar!

Bildiyiniz kimi, iki gün öncə Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası uğurla başa çatdı. Hesab edirəm ki, tədbirin iqlim dəyişmələri probleminin həlli üçün göstərilən qlobal səylərə verdiyi töhfələr haqqında hələ çox danışılacaq. Bəşəriyyətin gələcəyi ilə bağlı olan bu dünya miqyaslı tədbiri ən yüksək səviyyədə keçirməklə, Azərbaycan istər regional, istərsə də qlobal iqlim problemlərinin həllində lider imicini möhkəmləndirdi və yeni mötəbər toplantıların keçirilməsi imkanlarını daha da artırdı.

Hörmətli həmkarlar!

COP29 çərçivəsində noyabrın 16-da və 17-də Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirildi. Tədbirdə milli parlamentləri, parlamentlərarası təşkilatları, habelə müxtəlif təsisatları təmsil edən 67 ölkədən 95 nümayəndə heyəti, başqa sözlə, 345 nəfər parlament təmsilçisi iştirak edirdi.

Görüşün açılışında etdiyim çıxışda mən bir tezisi xüsusilə vurğuladım. Bildirdim ki, Azərbaycan hələ COP29-a ev sahibi seçilməzdən xeyli əvvəl möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə iqlimlə bağlı fəaliyyəti, yaşıl gündəliyi öz milli planlarının mərkəzinə yerləşdirib.

Ölkəmiz könüllü öhdəliklər götürərək, bərpa olunan enerji layihələri həyata keçirərək və yaşıl enerji zonaları yaradaraq, gələcək inkişaf yolunda əzm və qətiyyət nümayiş etdirib. Və həmçinin qeyd etdim ki, bilik, təcrübə və qabaqcıl praktika mübadiləsi sahəsində parlament əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir.  Biz qanunvericiliyimizi daha da təkmilləşdirməli, hökumətlərimizi öz səylərini daha yaxşı səfərbər etməyə təşviq etməliyik”. 

S.Qafarova əlavə edib ki, Parlament Görüşü çərçivəsində yeddi sessiya keçirilib:

“Hörmətli həmkarlar!

Qeyd edim ki, tədbir zamanı Azərbaycan Respublikasının Milli Məclisi ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu imzalandı.

COP29-da və Parlament Görüşündə iştirak etmək üçün Bakıya gəlmiş beynəlxalq parlament təşkilatlarının, bir sıra parlamentlərin sədrləri ilə Milli Məclisdə 15 ikitərəfli görüş keçirildi. Onlardan Parlamentlərarası İttifaqın prezidenti və Baş katibi, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti,  Aralıq dənizi Parlament Assambleyasının prezidenti, Millətlər Birliyinin Baş katibi Baronessa Skotland, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı Baş naziri xanım Tereza Mey, Albaniya, Özbəkistan, Tacikistan, Tonqa, Zimbabve  parlamentlərinin sədrləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və üzvləri, digər ali vəzifəli şəxslər ilə  söhbətlərdə COP29-un və Parlament Görüşünün uğurlu təşkili, bu tədbirlərdə müzakirələr ilə bağlı fikir mübadiləsi aparıldı. Həmsöhbətlərimə  regionda vəziyyət, Azərbaycanın reallıqları, ölkəmizin işğaldan azad olunmuş ərazilərində görülən işlər, o cümlədən  həyata keçirilən yaşıl enerji layihələri barədə geniş məlumat verdim. Qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirildi”.

S.Qafarova daha sonra Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin noyabrın 20-dən 22-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri barədə də qısa məlumat verdi: “Qeyd edim ki, səfərdə məqsəd  MDB Parlamentlərarası Assambleyasının Şura və 57-ci Plenar iclaslarında iştirak etmək idi.

Noyabrın 21-də Assambleyanın Şura iclasında bir sıra təşkilati məsələlər ilə yanaşı, sentyabrın 1-də Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərini müşahidə edən MDB Parlamentlərarası Assambleyası missiyasının yekun rəyi də müzakirə edildi. Mən öz çıxışımda  bu ilin fevralında keçirilmiş Prezident seçkilərindən sonra Milli Məclisə seçkilərin ölkəmizin bütün suveren ərazisində keçirilən ilk parlament seçkiləri olduğunu xüsusilə qeyd etdim.

Hörmətli həmkarlar!

Noyabrın 22-də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 57-ci plenar iclası keçirildi. İclasda etdiyim çıxışda mən Prezident İlham Əliyevin xüsusi diqqəti və dəstəyi ilə Bakıda keçirilən COP29 haqqında, eləcə də Parlamentlərarası İttifaqın və Milli Məclisin birgə təşkilatçılığı ilə keçirilmiş Parlament Görüşü barədə geniş məlumat verdim.

Bildirdim ki, iki gün davam edən görüş və onun yekun sənədi iqlim dəyişikliyi ilə mübarizədə parlamentlərin ümumi mövqeyinin ifadəsi idi.

Onu da qeyd edim ki, MDB Parlamentlərarası Assambleyasının tədbirləri çərçivəsində Assambleyanın komissiyalarının iclasları keçirildi. Həmin iclaslarda bizim deputatlarımız fəal iştirak etdilər.

Hörmətli həmkarlar!

Sankt-Peterburq şəhərinə səfər çərçivəsində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ilə ikitərəfli görüşlər də keçirildi. Nümayəndə heyətinin hər bir üzvünə mən öz  minnətdarlığımı bildirirəm.  

Hörmətli deputatlar!

Mənim demək istədiklərim bu qədər. Diqqətinizə görə təşəkkür edirəm”. 

Yekunda spiker xatırladıb ki, bu gün ölkəmizdə Kəlbəcər şəhəri günü qeyd edilir. Bu münasibətlə hər kəsi təbrik etdi.

Hazırladı: E.Paşasoy,


Chosen
15
2
nuh.az

3Sources